"Komsomolskaya pravda" qəzetinin portalında Azərbaycan
politoloqu Mixail Zabelinin "İrəvanın mərkəzində Hitlerin sovet
məhkəməsi tərəfindən məhkum edilmiş əlaltısının heykəli açılıb"
sərlövhəli məqaləsi verilib.
Axar.az məqaləni təqdim edir:
Mayın 28-də Rusiyada Sərhədçi günü qeyd edilib. Bu bayram həm
Moskvada, həm də uzaq zastavalarda, o cümlədən xarici sərhədləri
Rusiyanın "yaşıl furajkalı" hərbi qulluqçuları tərəfindən qorunan
MDB ölkələrinin sərhədlərində təntənəli şəkildə qeyd olunub. Həmin
ölkələr sırasına Ermənistan da daxildir – onun İran və Türkiyə ilə
sərhədlərini indiyə qədər rusiyalı sərhədçilər qoruyur.
Ermənistanın özündə isə həmin gün... Hitlerin əlaltısı, hərbi
cani, sovet məhkəməsi tərəfindən məhkum olunmuş Qaregin Njdenin
heykəlinin açılışı olub.
Qaregin Njde (əsl adı Qaregin Ter-Arutyunyan) 1886-cı ilin
yanvar ayında Naxçıvanda (Azərbaycan - red.) anadan olub. O, hələ
XX əsrin əvvəlində "inqilabi terror"a sevgisi ilə fərqlənirdi.
Sonra "erməni milli ordusu" yaratmaqla məşğul olub, Vedibasarda və
doğulduğu Naxçıvanda azərbaycanlılara qarşı amansız etnik
təmizləmələr həyata keçirməsi ilə məşhurlaşıb. 1921-ci ildə
Ermənistanda Sovet hakimiyyəti qurulanda Qaregin Njde Avropaya
köçüb, orada artıq otuzuncu illərdə faşizm ideyaları ilə ciddi
maraqlanıb və xaricdə yaşayan ermənilər arasında "Seqakron" adlı
faşist təşkilatı yaradıb. 1942-ci ildə Qaregin Njde şəxsən Berlinə
gedib, orada Fürerə ehtiramını bildirib və bundan sonra general
Drastamat Kanayan (Dro) ilə birlikdə "Erməni SS legionu" yaratmağa
başlayıb, bu legionun komandirinin müavini vəzifəsini tutub. Onun
başçılığı ilə on minlərlə insan məhv edilib.
Ola bilsin ki, bəzi oxucular bu məqamda fikirləşəcəklər: müəllif
ağ eləmir ki? Lakin bu cür nəticələr çıxarmazdan əvvəl gəlin
faktlarla danışaq. Faktlar isə inandırıcı şəkildə göstərir: Njde
hitlerçilərlə əməkdaşlıq edirdi, açıq-aşkar və çox fəal
şəkildə.
Dronun və Njdenin başçılığı ilə erməni SS-çilər tərəfindən
törədilmiş qanlı cinayətlər barədə bu gün də arxivlərdə çoxlu
məlumat var. Onlar partizanlara qarşı əməliyyatlar keçirib,
yəhudiləri və qaraçıları məhv ediblər. 809-cu erməni piyada
batalyonu Ukraynada və Polşada o qədər fəallıq göstərib ki,
Vermaxtın Ukraynadakı komandanı Gitsinger və Şərq hissələrinin
komandanı general-mayor İgen bu batalyonu tərifləyib. Erməni SS
batalyonunun tərkibinə daxil olan "Dromedar" zonderkomandası Şimali
Qafqaz cəbhəsi qoşunlarının arxasında kəşfiyyat-təxribat tədbirləri
həyata keçirir, fürsət düşdükcə "untermenş"ləri məhv edirdi. Bir
sözlə, Qaregin Njdenin hitlerçi hakimiyyətlə münasibətləri
Banderanın və Şuxeviçin münasibətlərindən daha yaxın olub. Sözün
qısası, bu hadisələrin miqyası "erməni-azərbaycanlı
münasibətləri"nin çərçivəsindən kənara çıxır.
Gəlin "erməni işinə xidmət nümunəsi" olan Njdenin bioqrafiyasına
qayıdaq. Qaregin Njde artıq 1944-cü ildə başa düşür ki, cəbhədə
Fürerin işləri şuluqdur. O, Bolqarıstana qaçır, orada onu həbs edib
Sovet komandanlığına təhvil verirlər. Sovet məhkəməsi Njdeni 25 il
həbs cəzasına məhkum edir. O, 1955-ci ildə Vladimir mərkəzi
həbsxanasında ölür.
Məhkum edilmiş bu hərbi caninin adı bu gün Ermənistanda
əməlli-başlı pərəstiş obyektinə çevrilib. Hitlerin əlaltısının
şərəfinə xatirə sikkələri zərb edilir. Ermənistanın hakim
respublikaçılar partiyasının proqramında açıq-aydın deyilir:
"Tanrının adı ilə erməni xalqının dərindən dərk edilmiş ali məqsədi
vətəndə əbədi olmaq, öz həyat qabiliyyətini, yaradıcılıq dühasını
və azad iradəsini bərqərar etməkdir. Bu hədəfin reallaşdırılmasının
təminatı erməni milli ideologiyasıdır. Ermənistan respublikaçılar
partiyasının qəti inamına görə Qaregin Njdenin təlimi bu
ideologiyada mühüm yer tutur". Yerevanda bir meydana Qaregin
Njdenin adı verilib. Lakin Rusiyanın rəsmi strukturları, o cümlədən
RF-nin Ermənistandakı səfirliyi susublar və yenə susurlar. Rusiya
kino ulduzlarının iştirakı ilə Njde haqqında "bioqrafik film"
çəkilişlərinə heç bir rəsmi münasibət bildirilmədi. Bu rəsmi sükut
erməni diasporunda "Njdenin davamçıları"nı o qədər ruhlandırdı ki,
bir neçə il bundan əvvəl ona ... Rusiya ərazisində heykəl qoymağa
cəhd göstərdilər. Bu heykəl Njdenin son günlərini yaşadığı Vladimir
mərkəzi həbsxanasında qoyulmalı idi, lakin ictimaiyyətin və Böyük
Vətən müharibəsi veteranlarının etirazları sayəsində bu niyyət baş
tutmadı.
Lakin Rusiyada baş tutmayan məsələni Ermənistanda uğurla
reallaşdırmaq olarmış. Yerevanın lap mərkəzində, hökumət
binalarının yanında Qaregin Njdenin dəbdəbəli heykəli açılıb.
Hitlerin əlaltılarına nəinki bəraət verilməsi, hətta onların
qəhrəmanlar kimi təqdim edilməsi baxımından bundan daha əyani
nümunə təsəvvür etmək olarmı?!
Ən kədərlisi odur ki, bu heykəl Rusiyanın müttəfiqi sayılan və
ondan çoxsaylı preferensiyalar alan ölkədə rusofobiyanın artmasının
heç də yeganə nümunəsi deyil.
2015-ci ilin dekabrında Moskvada "Avrasiya" Strateji
Araşdırmalar İnstitutunun eksperti Tatyana Borzovanın mətbuat
konfransı keçirilib. Bu tədbir postsovet məkanı ölkələrində
rusdilli vətəndaşların vəziyyətinə dair araşdırmanın təqdimatına
həsr edilmişdi. Orada sözün həqiqi mənasında şok məlumatlar
səsləndi: məlum oldu ki, Rusiyanın müttəfiqi sayılan Ermənistanda
rusdilli vətəndaşların vəziyyəti Baltikyanı ölkələrdəkindən də
pisdir.
Borzova həqiqətən fundamental bir araşdırmanın nəticələrini
təqdim etdi. Buraya qanunvericiliyin tədqiqi, sosioloji sorğular,
rus dilində təhsil məsələsinin öyrənilməsi daxil idi... Tədqiqatın
müəllifləri yazırdılar: "Hazırda keçmiş SSRİ ərazisində rusdilli
əhaliyə aid edilən və yaşadıqları ölkələrdə milli azlıqlar sayılan
25 milyondan çox vətəndaş yaşayır. Aşkardır ki, hər hansı başqa
xalq kimi rus xalqı da onun mənafelərinin sıxışdırıldığı, özünü
məzlum vəziyyətdə hiss edən ölkədə yaşamayacaq və imkan daxilində
həmin ölkəni tərk etmək üçün yollar axtaracaq".
Məlum oldu ki, Rusiyanın müttəfiqi sayılan Ermənistan ölkəni
tərk etmiş rusdilli sakinlərə münasibətdə postsovet məkanında
birinci yeri tutur. "İnterfaks" agentliyinin mərkəzi ofisində
keçirilən mətbuat konfransında bu məlumatı "Avrasiya" Strateji
Araşdırmalar İnstitutunun eksperti Tatyana Borzova təqdim edib.
O deyib: "Biz son 12 il üçün sosioloji məlumatları araşdırmışıq.
Bizi ən çox heyrətləndirən Ermənistandakı vəziyyət oldu. Ermənistan
mühacirlərin ümumi sayında ölkəni tərk etmiş rusdilli sakinlərin
nisbətinə görə birinci yeri tutur – 64 faiz. İkinci yerdə
Qazaxıstan (54 faiz), sonrakı yerləri Moldova və Dnestryanı bölgə
(50 faiz) tutur".
Məlum olub ki, rusların və rusdilli əhalinin ən az sayda
yaşadığı ölkə məhz Ermənistandır. Ermənistan praktiki olaraq
monoetnik ölkədir. Araşdırmanın formulası çox həyəcan doğuran
vəziyyət yarandığını göstərir. Ermənistan Respublikasında təhsilin
başqa dillərdə aparıldığı məktəblərin mövcud olmasına, ümumiyyətlə,
icazə verilmir. Erməni dilindən fərqli dildə heç olmasa ibtidai
təhsilə icazə verilməsi cəhdi Ermənistanda narazılığın artmasına
səbəb olub.
"Modus Bivendi" mərkəzinin rəhbəri Ara Papyan deyib: "Məgər
aydın deyilmi ki, Puşkinin nağıllarının təsiri altında böyümüş uşaq
və Tumanyanın nağıllarının təsiri altında böyümüş uşaq tamamilə
müxtəlif ermənilərdir?" Ermənistanda 1410 orta ümumtəhsil
məktəbindən yalnız biri dövlət rus məktəbidir.
Lori vilayətindəki Fiolotevo kəndində yerləşən bu
məktəbin110-dan çox yaşı var. Bu məktəbin şagirdləri RF-nin
Ermənistandakı səfirliyi tərəfindən verilən Rusiya dərslikləri ilə
təchiz olunur.
Bundan əlavə, 39 özəl məktəbin yalnız ikisi tamamilə rus dilində
işləyir, qalan məktəblərdə birinci sinifdən 11-ci sinfə qədər
təhsilin rus dilində olduğu siniflər var. Rus siniflərinə uşaqların
seçilməsi Ermənistan Təhsil Nazirliyində aparılır. Uşağın rus
dilində oxuya bilməsi üçün onun valideynlərindən biri etnik erməni
olmamalıdır.
Bir müddətdən sonra həmin uşaqlar təhsilin erməni dilində olduğu
siniflərə keçirilir. Əgər rus siniflərinin məzunları məktəbi
bitirəndən sonra universitet təhsili almaq istəyirsə, onlar
təhsilin erməni dilində olduğu dövlət və özəl ali məktəblərə daxil
ola bilərlər. Bu ali məktəblərə qəbul imtahanlarını da erməni
dilində vermək lazımdır. Hərçənd, Yerevanda Rusiya-Ermənistan
Universiteti var. Ermənistanda yeganə olan bu dövlət ali məktəbində
tədris rus dilində aparılır, lakin orada ixtisaslar çox
məhduddur.
Araşdırmanın müəllifləri başqa bir faktı da qeyd ediblər.
Onların sözlərinə görə, "Ermənistan layihə iştirakçılarının
siyahısında yeganə ölkədir ki, Rusiya Federasiyası dövlət
hakimiyyətinin nümayəndələri və Avropa Şurası araşdırmanın mövzusu
ilə əlaqədar vəziyyətdən narazı olduqlarını açıq bildirirlər.
Avropa Şurası Ermənistana tövsiyə edir ki, milli və dini zəmində
dözümsüzlük təzahürlərinə qarşı daha qətiyyətli mübarizə tədbirləri
görsün".
Öz tərəfimizdən əlavə edək: Rusiyanı çox sevdiyini güman etmək
çətin olan "Amerikanın səsi" (!) deyib: "Ermənistanda rus dilinin
statusu məsələsi əvvəllər də qaldırılıb. Mübahisələr hələ 2010-cu
ildə yaranıb. O vaxt Ermənistan Təhsil Nazirliyinin təqdim etdiyi
qanun layihəsində ölkədə təlimin xarici dillərdə olduğu məktəblər
açılması nəzərdə tutulurdu. Təhsil və elm naziri Armen Aşotyanın
sözlərinə görə, bu qanun çərçivəsində cəmi iki xarici məktəb açılıb
və onların hər ikisində təhsil ingilis dilindədir".
Əlbəttə, burada artıq neçənci dəfə xatırlamaq olar ki,
Ermənistan prezidenti vəzifəsində Serj Sarkisyanın sələfi olmuş
Robert Köçəryan ruslar barədə çox etinasızlıqla danışırdı.
Aleksandr Proxanov özünün "Odlu yollar" kitabında bu barədə yazır:
"1998-2008-ci illərdə Ermənistanı idarə edən Robert Koçaryan özünün
"Jiqulisində" məni öz "Krunk" cəmiyyətinin gizli qərargahlarına
aparan Robik idi (80-ci illərdə "Krunk" Dağlıq Qarabağda bu muxtar
vilayətin Ermənistanla birləşməsi uğrunda çıxış edirdi – red). O
vaxtkı söhbətimizdə bir məsələ məni hədsiz heyrətləndirdi və
həmişəlik yadımda qalıb. Biz, ümumiyyətlə, imperiya barədə,
millətin problemləri, Rusiya, ruslar və ermənilər barədə
danışırdıq. Robik dedi: "Siz mənimlə razılaşarsınız ki, bax siz,
ruslar yalnız ağır sənaye sahələrində, metallurgiyada işləyə
bilərsiniz, məsələn, hansısa ağır maşınlar düzəldə bilərsiniz, amma
biz ermənilər daha incə, yüksək peşə adamlarıyıq, daha yüksək
intellektə, kosmik ziyaya malik insanlarıq...".
İndi isə Ermənistanda Rusiyanın səfirliyi qarşısında mitinqlər
keçirilir. Mitinq iştirakçıları əllərində RF XİN başçısı Lavrovun
ünvanına təhqiramiz sözlər yazılmış plakatlar tutur, Moskvanı
Ermənistana xəyanət etməkdə təqsirləndirirlər, "Rusiya agentləri"
axtarmağa başlayıblar. İndi isə məhkum edilmiş hərbi caniyə -
Hitlerin əlaltısına heykəlin təntənəli açılışı olub. Özü də
Ermənistanın paytaxtının lap mərkəzində.
Yeri gəlmişkən
Moskva Yerevanın bu addımını rəsmən pisləyib. Moskva Yerevanda
Vermaxtın erməni legionunu yaradanlardan birinə - general Qaregin
Njdeyə heykəl qoyulmasından heyrətlənib. Bu barədə RİA "Novosti" RF
XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat verib.
İnformasiya agentliyi XİN-in rəsmi nümayəndəsinin aşağıdakı
sözlərini sitat gətirib: "Böyük Vətən müharibəsinə bizim
münasibətimizi hamı çox gözəl bilir. Nasizmin, Neonasizmin,
ekstremizmin hər hansı təzahürlərinin dirçəldilməsinin, bunun
qəhrəmanlıq kimi qələmə verilməsinin hər hansı formalarına bizim
münasibətimizi də hamı yaxşı bilir. Bu münasibət beynəlxalq
sənədlərdə təsbit olunub. Göstərilən heykəlin nə üçün qoyulması
bizə aydın deyil. Axı biz hamımız erməni xalqının qəhrəmanlığını
bilirik. Erməni xalqı Böyük Vətən müharibəsi, İkinci Dünya
müharibəsi dövründə unudulmaz igidliklər göstərib". Zaxarova daha
sonra əlavə edib ki, Moskva üçün "Böyük Vətən müharibəsi barədə
tarixi həqiqətin qorunub saxlanması məsələsinə dair Yerevanın rəsmi
mövqeyinin əsas indikatoru bizim hamımız üçün ümumi Qələbə gününə,
9 may bayramına münasibətdir".
Zaxarova deyib: "Ermənistan BMT Baş Məclisinin məlum
qətnaməsinin müəlliflərindən biridir. Bu qətnamənin adı belədir:
"Nasizmin, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin,
ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün eskalasiyasına
şərait yaradan praktikanın digər növlərinə qarşı mübarizə". Yeri
gəlmişkən, həmin qətnamədə "...nasist hərəkatının istənilən
formada, o cümlədən heykəllər və memoriallar ucaldılması yolu ilə
şərəfləndirilməsi" pislənilir.
Amma indiki halda bunu anlamaq olmur. Xatırladaq ki, Njdenin
heykəli şəxsi təşəbbüs çərçivəsində kiminsə həyətində deyil,
paytaxt Yerevanın mərkəzi meydanlarının birində, yüksək
kabinetlərin pəncərələrindən baxanda birbaşa görünən yerdə qoyulub.
Sadə dildə desək, Ermənistanın iki mövqeyi varmış: biri Rusiya
üçün, bu halda Zaxarovanın dediyi BMT-nin "antinasist" qətnaməsi
dəstəklənir, digəri isə "özününkülər üçün". Bu halda nasist Njde
milli qəhrəman elan edilir, partiyanın proqramında onun ideyalarına
sadiq qalacaqlarına and içirlər, onun şərəfinə sikkələr zərb
edilir, medallar təsis olunur. İndi isə heykəl də açılır.