Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım
üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 24-də
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf
Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə
görüşüb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki,
görüşdə Baş nazirin müavini Əli Həsənov BMT-nin baş katibi Pan Gi
Mun, təşkilatın Azərbaycandakı rezident əlaqələndiriciləri ilə
görüşlərini xatırlayıb, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığın
səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə
həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, BMT
agentlikləri 20 il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Baş nazirin
müavini Əli Həsənov Prezident İlham Əliyevin uğurlu xarici siyasəti
nəticəsində Azərbaycan Hökuməti ilə BMT agentlikləri arasındakı
əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni
inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi
Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) İcraiyyə
Komitəsinin tam hüquqlu üzvü seçildiyini vurğulayıb. O bir daha
bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki qaçqın və
məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər
görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də
digər yüksək səviyyəli rəsmiləri tərəfindən daim yüksək
qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə
kimi dəyərləndirilib.
Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından
didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət
göstərən BMT agentliklərinin həyata keçirdikləri humanitar və
inkişaf layihələrinə görə təşəkkürünü bildirib. Qeyd edib ki,
ölkəmizdə fəaliyyət göstərən BMT agentlikləri 1992-2015-ci illər
ərzində Azərbaycanda humanitar və inkişaf layihələrinə 290 milyon
ABŞ dollarından çox vəsait ayırıb. Ondan 115 milyon dolları BMT-nin
Dünya Ərzaq Proqramının (WFP) Azərbaycandakı nümayəndəliyinin xətti
ilə, 112 milyon dolları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının
Azərbaycandakı nümayəndəliyinin xətti ilə sırf qaçqın, məcburi
köçkün və qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial
müdafiəsinə, qalan vəsait isə digər BMT agentlikləri tərəfindən
müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.
Əli Həsənov deyib: "Problem yarananda ölkəyə ilk gələn BMT
qurumları olub. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan
heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt
Azərbaycana gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı. Bu
gün Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət
nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən
birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən
ölkələr arasında mühüm yer tutur. Müxtəlif xalqların və millətlərin
mehriban şəraitdə yaşadıqları Azərbaycandakı mövcud tolerantlıq
dünyaya nümunə kimi göstərilir. 2003-cü ildə Azərbaycanda
yoxsulluğun səviyyəsi 49 faiz idi. Hazırda bu göstərici 5 faiz
səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75
faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait
böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə
neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70
faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək
iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan
qaldırılacağı nəzərdə tutulur. Bu gün Azərbaycanı mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul
edirlər. Buna misal kimi "Eurovision" mahnı müsabiqəsini, birinci
Avropa Oyunlarını, dünyanı narahat edən çox önəmli məsələlərin
müzakirə edildiyi Qlobal forumları, bu günlərdə keçirilən Formula-1
yarışını və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək
olar. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü
konkret işlərin nəticələridir".
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu
münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin
problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı
geniş müzakirələr aparılıb.
Əli Həsənov bildirib: "Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsi nəticəsində bu gün bizim 1 milyon 200 min qaçqın və
məcburi köçkünümüz var. ATƏT-in Minsk qrupu yarandığı vaxtdan
indiyədək bu problemi həll etmək üçün heç bir konkret addım
atmayıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə
deyib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll
olunmasının tərəfdarıyıq. Ermənistandakı faşist rejimi düz yola
gəlməyəcəyi təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq
beynəlxalq hüquqa söykənərək öz torpaqlarını istənilən yolla azad
edəcək. Münaqişənin həll edilməməsinin yeganə səbəbi Ermənistan
rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münaqişə
üzərindən hakimiyyətə gəliblər. Dünyanın böyük dövlətləri isə bu
problemin həll edilməsinə laqeyd yanaşırlar. Nə üçün BMT
Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə
bağlı qəbul etdiyi qətnamə və qərarlar icra olunmur? Azərbaycan
Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman ölkələrinin
həmrəyliyinin vacibliyini vurğulayıb. Əgər bu gün dünyadakı
konflikt zonalarına nəzər salsaq görərik ki, bu problemlərdən daha
çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar
əziyyət çəkirlər. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər
daim davam edə bilməz".
Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə
toxunan Baş nazirin müavini deyib: "Qaçqın, miqrant, məcburi köçkün
problemi dünyada həmişə olub. İkinci Dünya müharibəsindən sonra
münaqişələrin sayı artdıqca qaçqın və miqrantların sayı da get-gedə
artmağa başladı. Son 20-30 ildə dünyada hansı problem həll olunub?
İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri
kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın
xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bizə isə
demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək
istəyirlər".
BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına
qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Qulam
İsakzai Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan
dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi
olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək
qiymətləndirib. O qeyd edib ki, fəaliyyəti dövründə dünyanın bir
çox konflikt zonalarında çalışıb, lakin Azərbaycan Prezidentinin
ölkədəki qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bütün
dünyada təqdir olunur.
Diplomat növbəti 5 il ərzində ölkəmizdə fəaliyyət göstərəcəkləri
sahələrlə bağlı təkliflər hazırladıqlarını bildirib və Azərbaycan
ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata
keçiriləcəyinə əminliyini ifadə edib.