Yuxarı

Oğlunun müalicəsi üçün getdi, tabutda gəldilər...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rəssam Gündüz Əlizadə qürbətdə dünyasını dəyişib. Ağır xəbər Almaniyadan gəldi. Üzüldüm... Qəribə bir boşluq hiss etdim.

Gündüz Azərbaycana ara-sıra gələrdi. Hər gəlişində görüşürdük. Görüşlərimiz qısamüddətli olurdu, axı, o özü çox qısa müddətə gələrdi vətənə, qaçaraq işlərini yoluna qoyardı. Onunla bir çay içmək məsafəsində olan söhbətimizdə birlikdə işlədiyimiz “Ədəbiyyat qəzeti”ndə olanları yada salıb gülürdük. Güclü yumor hissi vardı. Ən çox da karikatura ustası kimi tanınırdı. Amma çox ciddi əsərləri, mənzərə, natürmort, portret janrında əsərləri də var ki, dəfələrlə mükafatlara layiq görülüb. Onun əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunub.

Gündüzün gözlərinin altı həmişə qırış olardı. Bəstə boyu ilə hər kəsdən uca görünürdü. Xarakterində acılıq yox idi, insanları sevirdi.

O, qürbətə inciyib gedənlərdən deyildi. Tək oğlunun, Azərinin müalicəsi üçün Almaniyada yaşamağa, işləməyə qərar vermişdi. Oğlunun xəstəliyinin acısı onu nüfuzlu nəşriyyatların birinin dəvətini qəbul etməyə sövq etmişdi.

Axırıncı dəfə oğlunun dəfnində görüşdük. Əhmədli kənd qəbiristanlığında Azərini soyuq bir payız havasında torpağa tapşırırdı... Dəfn mərasimi bitdikdən sonra ağır-ağır aşağı əyilib, dizi üstə oturdu, əlini nəm torpağa sürtdü, sonra sanki oğluna toxunacaqmış kimi əlini biləyinə qədər torpağa sancdı. Gözlərinin yaşı kirpiklərində o qədər böyüdü ki... Amma səsi çıxmadı. Ayağa qalxana qədər yanında dayandım...

Qəbir üstündən geri, atasının evinin həyətinə qayıtdıq. Nəriman Həsənzadə, Ayaz Vəfalı, Atababa İsmayıloğlu, Dilavər Nəcəfov... bütün kollektiv orda idi. Çox nadir hallarda siqaret çəkərdi. Onunla həyətin bir tərəfinə çəkildik. Heç vaxt Nəriman müəllimin, Ayaz Vəfalının yanında siqaret çəkməzdi, onları gördükdə siqareti ovcunun içində gizlədərdi. Siqareti yandırdıq. Azərin Gündüzü qəribçiliyə aparan xəstəliyinin necə müalicə edilməsi və yaşı 25-i yenicə keçmiş balasının ömrünün niyə belə qısa olması ilə maraqlandım. Axı Azərin tam müalicə olunduğunu demişdi bir vaxtlar. Gündüz “Onu o xəstəlik aparmadı. Böyrəklərindən oldu nə oldusa”, - dedi.

Son vaxtlar tez-tez yazışmasaq da, bir-birimizin yazılarımıza, statuslarımıza rəy bildirərdik. Bir dəfə dedi ki, başqa şəhərə köçüb. Hiss etdim ki, o şəhərdə, yaxud o şəhərə yaxın bir yerdə qızı ailəsi ilə yaşayır. Nəvələrinin fotolarını paylaşırdı tez-tez...

Dolanışıqdan heç vaxt giley etmədi. Nə burda, nə də Almaniyada. Son vaxtlar əsas işi ilə yanaşı, Avropada böyük maraq doğuran küçə rəssamlığı ilə də məşğul idi.

Birlikdə şəklimiz çoxdur. Onun zəngin arxivi də var. Ara-sıra yaddan çıxartdığımız, bizdə olmayan şəkilləri göndərərdi.

Bir dəfə portretimi çəkmək istədi. “Amma şəklinə baxaraq yox, yaddaşımda qaldığın kimi çəkəcəm” - dedi. Çəkdi də... Adamdan geri onun yaratdıqları, xatirələri, bir də şəkilləri qalır.

Gözəl şairimiz Ələkbər Salahzadə demişkən;

Bir də gördün oğuldu adam
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam
Bir də gördün fotodu.

Tarix
2017.12.12 / 11:32
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla