"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) bu mövsüm Çempionlar Liqasında komandasının ən sabit və diqqətçəkən futbolçularından birinə çevrilib.
25 yaşlı qolkiper "Benfika" və "Kopenhagen"lə görüşlərdə göstərdiyi çıxışla adından söz etdirmişdi. O, hətta "Napoli" ilə son oyunda məğlubiyyətə baxmayaraq, yüksək qiymətlər alıb. O, çərşənbə axşamı keçirilən "Napoli" - "Qarabağ" matçında penalti qaytaran yeddinci polşalı qapıçı kimi Çempionlar Liqasının tarixinə düşüb. Bu performansdan sonra azarkeşlər və futbol mütəxəssisləri 25 yaşlı qapıçının böyük kluba transfer vaxtının çatdığını düşünürlər.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, Koxalskinin özü də bu fikrə qismən qatıldığını "Kanal Sportovıya"ya (Polşa) müsahibəsində etiraf edib.
“Azərbaycanda ilk vaxtlar özümü ideal hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim. Amma bu, mümkün olmadı və qalmaqla yaxşı qərar vermiş oldum. İndi məqsədim daha da inkişaf etmək, irəli getmək və arzularım uğrunda mübarizə aparmaqdır”, - o bildirib.
"Napoli" ilə matçın ən yaxşı oyunçularından biri olmasına baxmayaraq, Koxalski nəticədən məmnun qalmadığını deyib:
“Oyundan sonra emosiyalar var idi, amma daha çox mənfi… Çünki uduzduq”.
O, penaltilərə necə hazırlaşdığını da açıqlayıb:
“Xüsusi nəzəriyyələrim yoxdur. Analiz edərkən futbolçunun zərbədən əvvəl dayanıb-dayanmadığını, qəribə hərəkətlər edib-etmədiyini, adətən hansı küncə vurduğunu izləyirəm. İki oyunçunu analiz etmişdim, amma Höylundu yox. Ona görə meydanda tez qərar verməli oldum”.
Koxalski "Qarabağ"ın Azərbaycandan gördüyü dəstəkdən də danışıb:
“Qarabağ" bütün ölkənin qürurudur. Yaxşı oynayırıq, güclü rəqibləri məğlub edirik. Komanda illərdir Çempionlar Liqasına hesablanaraq qurulur, məşqçi də çox rotasiya edir. Bu mövsüm belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi. Üç oyun qalıb və pley-offa çıxmaq imkanımız realdır”.
Qeyd edək ki, oktyabr ayında onunla “Borussiya Dortmund”un maraqlandığı xəbərləri yayılmışdı.