Bir vaxtlar Azərbaycanın
perspektiv vəd edən futbolçularından biri kimi vuğulanan Elvin
Nuriyevin futbol adlı səhnəyə gəlişi qəfil olduğu kimi, gedişi də
qəfil, səssiz oldu. 4-5 il əvvəl Ukraynada özünə "Metallurq" adlı
klub tapan həmyerlimiz vətəni tərk edib və o vaxtdan bəri onun
haqda heç bir xəbər çıxmamışdı.
Komanda.az xəbər verir ki, Elvin Azərbaycan çempionatında
zəifdən tutmuş güclüyə kimi bir neçə klubda çıxış edib: "Şəfa",
"MKT-Araz", "Karat", "Gənclərbirliyi", "İnter", "Bakı"... O,
"Şəfa"nın yetirməsi olub və ilk baş məşqçisi Əsgər
Abdullayevdir.
Elvin üç oyunda Azərbaycan millisinin formasını geyinməyə də
imkan tapıb. O, sonuncu dəfə 2006-cı ildə Türkiyə millisiylə Bakıda
keçirilən yoldaşlıq görüşündə milli formada meydana çıxıb. Elə
həmin oyun da Nuriyevin karyerasına ciddi təsir göstərib.
Yarımmüdafiəçinin ayağı qırıldığı üçün matçı yarımçıq tərk
etmişdi.
Hazırda 31 yaşı olan Elvin o vaxt Ukraynaya yeni gedəndə
ayağının qırılması məsələsindən belə danışmışdı: "Bu, futbol
həyatımda ikinci nəfəsdi. Sanki yenidən doğulmuşam. Ayağım
sındıqdan sonra bir daha geri dönməyəcəyimi düşünürdüm. Bir çox
maddi və mənəvi problemlərlə üzləşdim. Amma Allaha şükürlər olsun
ki, artıq tam sağalmışam. Azərbaycan futbolunu Ukraynada layiqincə
təmsil edəcəyimi düşünürəm".
Nuriyevin yuxarıdakı açıqlaması təxminən 5 il əvvələ aiddi. O,
futbol oynamağa getdiyi Ukraynadan geri qayıtmadı...
İndi isə Elvin haqda tükürpədici xəbərlər yayılıb. Publika.az
komanda.az saytına istinadən xəbər verir ki, onun Odessada əsl
fırıldaqçı kimi tanındığı söylənilir. Belə ki, Nuriyev gənc
futbolçulardan pul alaraq, onlara "sizi Azərbaycan klublarına
düzəldəcəm" vədi verir. Amma təbii ki, özündə yetərincə
fırıldaqçıları olan Azərbaycan klublarına Ukraynadan heç kimin
tanımadığı oyunçuları göndərmək vədi həmişə vəd olaraq qalır.
Elvin bir futbolçuya da eyni vədi verib, əvəzində ondan 600
dollar pul alıb. Nuriyev zəmanət üçün həmin oyunçuya hərbi biletini
verib...
Azərbaycan millisinin sabiq futbolçusu özünü Odessada təkcə
menecer kimi təqdim etmir. Onun orda ara-sıra satıcı işlədiyi də
deyilir. Hətta "sizi filan kluba düzəldəcəm" deyib aldatdığı
şəxslər tərəfindən bir neçə dəfə döyüldüyü də söylənilir. Hazırda
Elvinin Odessada "bomj" kimi yaşadığı iddia edilir.