"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Birinci Qarbağ Savaşı zamanı "Vəhşi" ləqəbi ilə
tanınan Mərziyyə Saleh qızı Piriyevadır.
O, 1960-cı ildə Ermənistanın Qafan rayonunda andan olub. Burada
orta məktəbin üçüncü sinfinə kimi oxduqdan sonra ailəsi ilə
birlikdə Bakı şəhərinin Mehdiabad qəsəbəsinə köçüb. 1980-ci ildə
ailə həyatı qurub. Lakin ana ola bilmədiyi üçün 1987-ci ildə həyat
yoldaşından ayrılıb. Qardaşı oğlunu övladlığa götürüb, onu
boya-başa çatdırıb. Milli azadlıq hərakatında iştirakçısı olub.
İndi oğlu ilə yaşayır. Onunla görüşüb cəbhə xatirələrinə işıq
tutmaq istəyimizi bildirdik. Razılıq verdi.
Əsas səbəbkar rəhmətlik nənəm olub
- Mərziyyə xanım, necə oldu döyüşə
qatıldnız?
- Döyüşlərdə iştirakımın əsas səbəbkarı rəhmətlik nənəm olub. O
bizə həmişə ermənilərin başımıza gətirdiyi müsibətlərdən danışardı.
Deyərdi ki, onları heç vaxt bağışlamayın, onlar vəhşidir,
millətimizə qarşı tarixən düşmənçilik mövqeyində olublar. Yaşlı,
cavan, qız, gəlin, uşaq fərqi qoymadan bizə divan tutblar. Tarixi
Azərbaycan torpaqlarından köçməmizin də səbəbi erməni vəhşliyidir.
Mən Milli Azadlıq Hərəkatının da da fəal üzvü olmuşam. Gecələr
çadır qurub günlərlə meydanlarda gecələmişik. Daha sonra isə Xocalı
soyqırımı zamanı televizyadan gördüklərimə dözməyib döyüşlərdə
iştirak etməyə qərar vermişəm. O vaxtlar könüllülər Qarabağa döyüşə
yollanırdılar. Mən də Binəqədi rayonu İcra Hakimiyyətində yaranmış
komissiyaya müraciət edib, vətənə xidmətə yollanmışam.
1992-ci ildə bizi döyüş bölgəsinə yolladılar. Yarlıları, şəhid
olanları vertolyotlarla daşıyırdıq, ehtiyacı olanlara yardım
edirdik. Mənimlə eyni vaxtda üç qardaşım - Əbülfət, Vahid, Əlövsət
də Qarabağda könüllü döyüşürdülər. Bizim nəsildə döyüşməyən kimsə
yoxdur, demək olar ki, hamımız döyüşmüşük. Allaha şükürlər olsun
ki, hamı da sağ-salamat evinə qayıdıb. Yalnız mən, böyük qardaşım,
xalam oglu yaralanmışıq.
Bir gün atam mənə xəbər yolladı ki, qardaşından xəbər yoxdur,
itkin düşüb. Onu axtarmaq üçün birbaşa döyüş gedən ərazilərə
yollandım. İlk olaraq vertolyotla Ağdama getdim. Orada Nail
Kazımovla qarşılaşdım. Onu Azdalıq meydanındakı mitinqlərdən
tanıyırdım. 864-nömrəli hərbi hissənin komandiri idi. Məndən oraya
nəyə görə gəldiyimi soruşdu, qardaşımın Ağdərədə itkin düşdüyünü
dedim. Onunla qardaşımın yerini tapdıq, məlum oldu ki, Tərtərdə
imiş. Nail bəy mənə təklif etdi ki getmə, qal bizim hərbi hissədə
qulluq elə. Dedim, nazirlikdən burda qalmağıma icazə verməzlər.
"Narahat olma, - dedi, - mən sənin milli azadlıq hərakatındakı
fəallığını görmüşəm".
Döyüşdə mənə "Vəhşi" ləqəbi verildi
Nə isə, burda qulluq etməyə başladım. 1992-ci ilin may ayında
ilk döyüş əmrimiz gəldi. Komandirimiz bizə "əgər qorxursunuzsa, siz
arxada qalıb yaralıları daşıyın", - dedi. Amma bir xanım döyüşçüylə
mən də qızgın döyüşlərin içinə girdik. Bu döyüş Fərrux dağı uğrunda
idi. Həmin döyüşdə mənə "Vəhşi" ləqəbi verildi. Hər qoluma bir
yaralı alıb döyüş xəttindən çıxarırdım. Kimin bədənində qəlpə
vardısa, elə orda çıxarıb, ağrıkəsici vurudum. Məndə qorxu hissi
heç vaxt olmayıb.
Bir əsgərimiz vardı, anasını 20 Yanvar günü paltar asdığı yerdə
vurmuşdular. Həmin əsgər anasının kürkünü də geyinib döyüşə intiqam
almağa gəlmişdi. Həmin döyüşdə o əsgər mənə dedi ki, elə bil, bu
gün mənə nə isə olacaq. Qalxdı ayağa, dedi, gedirəm siqaret
çəkməyə. Yanımızdan qalxıb, başını qaldıran kimi onu alnından
snayperlə vurdular, başının arxasından beyni dağıldı. Bunu heç vaxt
unuda bilmərəm (ağlayır).
Onusuz da ölürəm, oğlum olsa…
Qubanın Alpan kəndindən bir əsgərimiz vardı. Yeni evlənmişdi,
yoldaşı hamilə idi. Döyüşlərin birində yaralandı, yarasını
bağladıq. Ağladı, mənə dedi ki, onsuz da ölürəm, oğlum olsa, adımı
ona qoysunlar. Təəssüf ki, biz onu hospitala çatdıra bilmədik,
şəhid oldu. Bu, heç vaxt unudulmayacaq acı xatirədir.
Bizim Ağdam briqadası dağılandan sonra iki batalyonu
birləşdirdilər. Amma mən orda qala bilmədim, çünki içlərində nəşə
çəkənlər vardı, artıq hərəkətlər edirdilər.
Bütün qadınlar mənim olmalıdır
Komandir Ədilovun əmisi oğlu bir söz işlətdi ki, mən hansı
batalyonda oldumsa, bütün qadınlar mənim olmalıdır. Mən də bunu
necə lazımdı, döydüm. Döyüldükdən sonra pərt oldu, acığa məni
döyüş, yaralı adıyla bir yerə yolladı. Dedi ki, yaralılar tökülüb
qalıb, get onları ordan çıxart. Bizim batalyonda Pərvin adında bir
güneyli oğlan vardı. O, mənə dedi ki, yuxu görmüşəm, bunlar səni
bilərəkdən öldürəcək, sən ora getmə. Mənsə dedim, yox, mən hara
lazımdır gedəcəm, bu, komandirin əmridir. Mənimlə altı nəfər
döyüşçü də gəldi, onlar da bu tapşırığın bir tələ olduğunu
bilirdilər deyəsən. Biz göndərildiyimiz yerə çatanda atəş açıldı,
Pərvin özünü verdi güllənin qabağına, yaralandı. Və orada məlum
oldu ki, burada heç bir döyüş-filan olmayıb, yaralı da yoxdur. Bu,
Ədilovların birinci belə əməli deyildi. Sonra məlum oldu ki,
güneyli əsgər bunu eşidibmiş, mənə yuxu gördüyünü yalandan
deyirmiş. Nə isə, ordan qayıtdıq. Rasimə məni bilərəkdən öldürmək
istəyini dedim, bunu yenidən döydüm. Bunu da deyim ki, mən döyüşə
getməzdən qabaq karate ilə məşğul olmuşdum. Sonra keçdim 190
nömrəli batalyona. Oranın da komandiri İsa Sadıqov idi. Güllücə
döyüşləri oldu, amma məni bu döyüşlərdə qabağa buraxmırdılar.
Arxada oturdurdular ki, sən yaralıları çıxar. Bu batalyonda qoçaq
əsgərlərimiz var idi. Gecə kəşfiyyata gedib ermənilərin başını
kəsirdilər, gələndə də diri əsirlər də gətirirdilər. Amma bir qoçaq
vardı, adı Şükür idi. Rəhmətə getdi. O, erməniləri tutub gətirirdi,
onların əli ilə içimizdəki xainləri ifşa edirdi. İçimizdə bir rus
vardı, o da xain imiş.
Şükürü uşağı xilas edəndə vurdular
Heç yadımdan çıxmaz, Güllücədə döyüş gedirdi. Məktəbin içində 5
yaşında uşaq qalmışdı. Rəhmətlik Şükür uşağı xilas edəndə onu
vurdular. Onların ikisini də ordan çıxardıq.
1993-cü il idi. Mərzilidə bir döyüşdə bizim on beş nəfər
əsgərimiz yaralandı. Onları xilas edirdik, yanımda bir əsgər də
vardı. Birdən böyrümdə istilik hiss etdim. Əvvəlcə, bir şey başa
düşmədim, amma bir az keçdi, ayaqlarım tutuldu. Əlimi böyrümə
vurdum, gördüm ki, məni vurublar, qan gedir. Güllə bir tərəfindən
girib, o biri tərəfdən çıxmışdı. Artıq ermənilər də yaxınlaşırdı.
Yanımdakı əsgərə "məni tək apara bilməzssən, get, kömək gətir", -
dedim. Əsgər məni bir təhər yanımızdakı arxa salıb, kömək gətirməyə
getdi. Ermənilər isə lap yaxınlaşmışdı. Amma məni görmədilər. Arxı
atəşə tutub geri döndülər. Mən olan istiqamətə nədənsə
yaxınlaşmadılar. Özüm də o qədər sürünmüşdüm ki, dırnaqlarım qan
içindəydi. Erməniyə əsir düşməmək üçün üstümdə iki ədəd qumbara
saxlayırdım. Bizim kömək gəldi. Döyüşçülərimiz məni BMP-yə qoyub
hospitala apadrılar. Mən yaralanandan sonra çoxlu itkilərimiz
olmuşdu. Ona görə də komandirimiz məni geri çağırdı.
"Razvorot" edib onu təpiklə necə vurdumsa…
Batalyonda mənim karateist olduğumu hamı bilirdi. Bir əsgər
zarafata demişdi ki, narahat olmayın, mən gedib Mərziyəni döyəcəm.
Məktəbdə məskunlaşmışdıq. Bir gün elə bil hiss etdim ki, kimsə
arxadan mənə əl atmaq istəyir, "razvorot" edib onu təpiklə necə
vurdumsa, gedib düşdü məktəbin zirzəmisinə. Vurdum, amma geriyə
dönüb baxmadım da necə oldu. Bir az keçdi, bu əsgəri gözləyən
uşaqlar gəldi ki, axı filan əsgər sənin arxanca gəlmişdi, necə
oldu? Yox olub ortalıqdan. Əvvəlcə heç nə başa düşmədim. Sonra
yadıma saldım, dedim ki, hə, bir nəfər mənə əl atmaq istəyirdi, onu
təpiklə vurdum, harasa düşdü. Ondan sonra uşaqlar gülüşdü və başa
düşdülər ki, mənə güc çatdırmaq o qədər də asan deyil.
Gənc əsgərlərdən biri…
Bir xatirə də danışım sizə: Ağdamın Cinnilər kəndində döyüşə
girdik. İtkimiz çox oldu. Döyüşə 200 nəfərlə girirdik, çıxanda
sıralarımız azalırdı. Xaqani adlı bir döyüşçümüz Rusiyadan zabit
kimi vətənə döyüşməyə gəlmişdi, çox igid, bacarıqlı döyüşçü idi.
İnanın, onunla hansı döyüşə gedirdiksə, uğurla geri dönürdük. Çünki
onun hərbi təhsili, savadı, təcrübəsi var idi. Təəssüf ki, həmin
döyüşdə şəhid oldu. 6 nəfər xanım idik. Heç də kişilərdən geri
qalmırdıq. Bütün əsgərlər xanımlarla yaxşı davranırdı. Bir gün gənc
əsgərlərdən biri xanım döyüşçülərdən birinə qarşı təhqiredici söz
işlətdi. Bu haqda komandirimiz Nail bəyə xəbər verdim. Nail bəy 400
nəfərlik batalyonu sıraya düzüb bir başda təhqir olunan qızı qoydu,
bir tərəfdə isə həmən əsgəri diz üstə çökürtdü. Dedi ki,
dizin-dizin sürün, xanımdan üzür istə, qoy bu, hamıya dərs olsun.
Nail bəy bəlkə də öz anasının, bacısının namusunu elə çəkməmişdi,
amma bizim namusumuzu bu cür qoruyurdu.
Toyundan bir neçə gün öncə…
Şəkili Azad nişanlı idi. Bir neçə günə toyu olacaqdı. 8 mart
günü mənə bir ağ sırğa almışdı. Sırğanın bir tayını döyüş zamanı
itirdim, amma bir tayını hələ də saxlaıyıram. Təəssüf ki, Azad
toyundan bir neçə gün öncə qəhrəmancasına şəhid oldu!
…Raygül adında qəhrəman xanım döyüşçümüz oğlanlarımızdan Sadiq
adlı bir əsgərimizlə evləndi. Onlar bir-birini necə də
qoruyurdular. Həsəd aparırdıq.
Qızları atasına, qardaşına, ananı oğluna…
Deməli, bizim qadınları, qızları, yaşlıları ermənilər əsir
götürüb qul kimi işlədirdilər. Qızları atasına, qardaşına, ananı
oğluna zorladırdılar. Bir gün bizim bir əsgərimiz əsir
qadınlarımızı işləyən yerdə görüb qumbaratanla vurdu ki,
işgəncələrdən qurtulsunlar. Amma hamısını öldürə bilmədiyi üçün
onlar qışqırışırdılar ki, bizi də vurun, ölək, xilas olaq. Məsələn,
biz erməni əsirini tuturduq, amma işgəncə verə bilmirdik.
Komandirlər deyirdi ki, əsirlərlə dəyişəcəyik, əl vurmayın.
Komandirimə söz versəm də ki, onlara toxunmayacam, komandir
aralanan kimi anasını, bacısını söyüb ağız-burnunu qırıb qanına
qəltan edirdim. Onlar da deyirdi ki, sizin qızlar əsirlikdədi. Bizə
heç nə edə bilməzsiz. Bax bu anda mən hər şeyə nifrət edirdim!
Son döyüşümüzdə uşaqlarımızı tankla vurdular. Tikə-tikə olmuş
əsgərlərdən heç nə tapa bilmədik ki, götürüb dəfn edək. Bir
əsgərimizin sadəcə göbəkdən aşağı hissəsini tapıb dəfn etdik.
Yenidən döyüşə…
Nəhayət, 1995-ci ildə tərxis oldum. Mənə çətin idi. Gözümün
qabağında parça-parça olanları unuda bilmirdim. Dəli olma həddində
idim. Məni xəstəxanaya apardılar. Özümü 3–cü mərtəbədən atmaq
istəyirdim. Sonra azca özümə gəldim, yenidən ailə qurdum. Yoldaşım
döyüş yoldaşlarımı mənə qısqandı deyə, ayrıldıq. İndi 401 manat
veteran təqaüdü, 130 manat da Prezident təqaüdü alıram. Mənə maşın
da veriblər. İki nəvəm, bir oğlumla yaşayıram. İnanın, sabah döyüş
başlasa, yenə də gedib döyüşərəm. İndidən siyahımız da hazırdı,
kimlərin döyüşəcəyini yazmışıq.