Azərbaycan idmanı son illər böyük uğurlar əldə edib.
Prezident İlham Əliyevin idmana xüsusi qayğısı və dəstəyi sayəsində
medallarımızın sayı ilbəil artır.
Bu baxımdan 2015-ci il rəhbəri olduğum Kikboksinq Federasiyası
üçün də uğurlu oldu. Azərbaycan kikboksçuları oktyabr ayında
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1
qızıl, 3 gümüş, 3 bürünc medal qazandılar. Uğurlarımız yalnız
medalların sayı ilə hesablanmır, idmanın kikboksinq növünün
inkişafı, populyarlaşdırılması, o cümlədən uşaq idmanını inkişaf
etdirir, bu məqsədlə yeni klubların sayını artırırıq.
Azərbaycandan kənarda yaşayan kikboksçularımız var ki, onların
da fəaliyyətlərini izləyir və qələbələrinə sevinirik. Belə
idmançılardan biri də Belarusda yaşayan azərbaycanlı kikboksçu
Zabit Səmədovdur. Onunla çox görüşlərimiz olub. Həmin görüşlərdə
Zabit Səmədovun gələcək planlarıyla maraqlanmışam.
Zabit Səmədovun dekabrın 26-da Çeçenistan paytaxtı Qroznıda əldə
etdiyi qələbəsinə çox sevindim. Ancaq onun bu qələbədən sonra
verdiyi müsahibəni oxuduqda bəzi fikirlərinə məyus oldum. Zabit
Səmədov deyir ki, bu yarışda Azərbaycandan diqqət və qayğı hiss
etməyib, sözlərini də belə əsaslandırır ki, Qroznıdakı yarışda onu
izləmək üçün ölkəmizdən kimsə gəlməyib. Birincisi, Qroznıdakı
turnur haqqında çox əvvəl xəbər tutan kimi baş məşqçimizə tapşırdım
ki, yarış haqqında bilgi toplasın və iştirakımız mümkün olarsa,
Çeçenistan paytaxtındakı yarışa yollanaq. Ancaq dəvətnamələr yarışa
bir neçə gün qalmış gəldi. Həm də turnir çox qeyri-münasib tarixə
təyin olundu. İlin sonunda həm federasiyamızın işinə yekun
vurmalıydım, həm də Milli Məclisin son iclasında iştirak etməli
idim.
İkincisi, Azərbaycandan kənarda onlarla idmançımız var və onlar
yüzlərlə yarışmaya qatılırlar. Hər biri özünün istədiyi və seçdiyi
fərdi turnurə yollanır. Aydındır ki, bu turnirləri seçərkən bizimlə
razılaşdırmırlar. Biz onların bütün yarışlarını canlı izləsək,
gərək onda işlərimizi kənara qoyub vaxtımızın əksər hissəsini
səfərlərdə keçirək. Buna baxmayaraq, peşəkar idmançılarımızla
maraqlanır və dəstək olmağa çalışırıq. Elə Zabit Səmədov Belarusda
yaşamasına rəğmən, ona Azərbaycan vətəndaşlığının və bunu təsdiq
edən pasportun verilməsi həmyerlimizə olan diqqətin nümunəsidir.
Bizim federasiya Zabit Səmədova "hansı turnirdə iştirak etməyin
məsləhətdir, hansında yox" kimi tövsiyyə verə bilməz. Çünki yenə də
təkrar edirəm, o, Belarusda yaşayır, birinci növbədə bu ölkənin
vətəndaşıdır və turnirləri, o cümlədən rəqibləri hazırki idman
formasına görə özü seçir. Biz isə məhdud imkanlarımız daxilində
federasiyamızı ayaqda tutmağa çalışır, fəaliyyətimizdə Gənclər və
İdman Nazirliyinin təlimatlarını əsas götürür və bu çərçivədə
çempionlarımızı mükafatlandırırıq. Kimsə bizim
müəyyənləşdirmədiyimiz turnirdə qələbə çaldıqdan sonra "Bakıda mənə
ev və qazandığım qələbəyə görə böyük məbləğdə mükafat verin"
deyərsə, bu, peşəkar idmançıya yaraşmayanhərəkət olar. Zabit
Səmədov müsahibəsində ona da işarə vurur ki, onun Bakıda evi
yoxdur. Federasiyamız nəzdində uğur qazanan idmançımız çoxdur,
mümkün qədər onları mənzillə təmin etməyə çalışırıq. Zabit Səmədov
nəzərə almalıdır ki, dövlətimiz tərəfindən Federasiyamıza il
ərzində yalnız bir ev ayrılır ki, onu da böyük nailiyyətlər
göstərən, eyni zamanda ehtiyacı olan yerli idmançımıza veririk. Biz
evi Azərbaycanda yaşayan və bizim göndərdiyimiz yarışlarda iştirak
edən və uğur qazanan idmançıya yox, başqa ölkədə yaşayan və
turnirləri müstəqil seçən idmançıya versək, bu nə qədər ədalətli
olar?
Zabit Səmədov müsahibəsinin sonunda deyir ki, Azərbaycanda idman
klubu açıb yeni idmançılar yetişdirmək istəyir. Zabit Səmədov bu
haqda nə zaman bizə müraciət etsə, ona bu məsələdə dəstək verməyə
hazırıq. Onsuz da il ərzində özümüz də bu işlə məşğuluq.Ümid edirəm
ki, bir neçə gündən sonra onunla bu mövzuda şəxsən müzakirə apara
biləcəm. Gənclər və İdman naziri Azad Rəhimov mənim təklifimlə
yanvarın 12-də Zabit Səmədovu Bakıda qəbul edəcək.
Musavat.com