2022-ci ildə neft və qaz qiymətlərinin kəskin bahalaşması ölkəyə daxil olan valyuta axınını əhəmiyyətli dərəcədə artırsa da, bu proses eyni zamanda qlobal inflyasiyanı sürətləndirib və idxal olunan məhsulların qiymətlərini yüksəldib. Müharibə fonunda qazın qiyməti kubmetr üçün təxminən 2 min dollara, neftin qiyməti isə bəzi dövrlərdə 115–120 dollara qədər yüksəlmişdi.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Azərbaycanın xarici ticarət balansında müşahidə olunan dəyişikliklərdən danışarkən deyib.
İqtisadçı qeyd edib ki, idxalın artması bir tərəfdən əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi və tələbatın artması, digər tərəfdən isə qiymətlərin bahalaşması ilə əlaqədardır:
“Əvvəllər 17–18 manata satılan bəzi məhsulların qiyməti 24–25 manata, 10–12 manat olan ətin qiyməti isə 18–20 manata yüksəlib. Bu isə idxal qiymətlərinin daxili bazarda inflyasiyanı daha da gücləndirdiyini göstərir.
İnflyasiya yalnız daxili amillərlə izah olunmur. Əsas ticarət tərəfdaşlarında qiymət artımları idxal olunan məhsullar vasitəsilə birbaşa Azərbaycan bazarına ötürülür. Nəticədə eyni məhsulu əhali əvvəlki dövrlərlə müqayisədə 1,5–2 dəfə baha almağa məcbur qalır.
İdxalın artmasında dövlət alışları da mühüm rol oynayır. Dövlət tərəfindən qızıl alınması, neftayırma zavodunun yenidənqurma prosesləri səbəbindən yanacağın xaricdən idxalı, eləcə də elektrik avtomobillərinə tətbiq olunan güzəştlər idxal xərclərini artırıb. Xüsusilə avtomobil idxalına çəkilən vəsaitin bu il təxminən 30 faiz artdığı qeyd olunur.
Digər tərəfdən, hazırda neft-qaz sektorunda əks tendensiya müşahidə olunur. Belə ki, bir vaxtlar 120 dollara satılan neft hazırda təxminən 65 dollar səviyyəsində təklif edilir. Bundan əlavə, neft hasilatı və ixracı hər il orta hesabla 3–4 faiz azalır, qaz qiymətləri isə 2022-ci illə müqayisədə kəskin şəkildə düşüb”.
Xalid Kərimli hesab edir ki, əsas struktur problem hələ də qalmaqdadır:
“Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz ixracına söykənir, qeyri-neft ixracında artım olsa da, bu artım cəmi 10–15 faiz təşkil edir və ümumi məbləğ baxımından böyük deyil. Hazırda qeyri-neft ixracının həcmi təxminən 3,5–3,6 milyard dollar səviyyəsindədir.
Bütün bu amillər – inflyasiya, artan tələbat, idxal qiymətlərinin yüksəlməsi, dövlət alışları və neft-qaz sektorundan yüksək asılılıq – Azərbaycanın xarici ticarətində müsbət saldonun azalmasına birbaşa təsir göstərir”.
Qeyd edək ki, son 4 ildə ixracın azalması və idxalın artması fonunda Azərbaycanın xarici ticarətində müsbət saldo kəskin şəkildə azalıb.