Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2016-cı il
tarixli sərəncamı ilə təsdiq edilmiş vergi sahəsində aparılacaq
islahatların istiqamətlərindən biri də ölkə rezidentlərinin offşor
zonalarda yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət
mexanizmlərinin qurulmasıdır.
Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, bunu Beynəlxalq
əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş
İdarəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, BMT-nin Vergi
məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin
üzvü Ülvi Yusifov deyib.
Onun sözlərinə görə, offşor zonalarda təsis edilmiş
müəssisələrin gəlirləri və faktiki sahibləri haqqında məlumatlar
ciddi şəkildə qorunur və həmin ərazilərdə müəssisə yaradılması üçün
hər hansı real biznes fəaliyyətinin həyata keçirilməsi tələb
edilmir.
"Offşor zonaların bu xüsusiyyətlərindən istifadə edərək, bəzi
vergi ödəyiciləri faktiki təsis edildikləri və fəaliyyət
göstərdikləri normal vergitutma rejiminə malik olan dövlətlərdə
bəyan olunmalı gəlirlərini müxtəlif sxemlər vasitəsilə vergilərin
daha aşağı olduğu və ya ümumiyyətlə vergi ödənilməyən offşor
zonalara köçürür və bununla da gəlirin əldə edildiyi dövlətin
vergitutma bazasının aşınmasına və vergi daxilolmalarında itkilərə
səbəb olurlar. Bir sıra hallarda vergi ödəyiciləri yekun
vergilərini minimallaşdırmaq üçün xarici dövlətlərə investisiya
qoyuluşlarını birbaşa xarici investisiya formasında deyil, offşor
ərazidə təsis etdikləri şirkətlərin vasitəçiliyi ilə həyata
keçirir, hətta özlərinin rezident olduqları dövlətlərdə belə,
bizneslərini birbaşa deyil, offşor müəssisənin nümayəndəliyi
formasında qururlar. Vergi ödəyiciləri tərəfindən bəyan edilməli
olan verginin azaldılmasının ən geniş yayılmış üsullarından biri
xarici dövlətlərdən olan kontragentlərlə mal və ya xidmətlərin
alğı-satqısı əməliyyatlarının birbaşa deyil, özlərinin təsis etdiyi
offşor müəssisənin vasitəçiliyi ilə həyata keçirilməsidir. Bu zaman
əməliyyat malın və ya xidmətin alınması ilə bağlıdırsa, adətən,
onların qiyməti xərclərə aid edilərək vergitutma bazası azaldılır,
lakin həmin xərcin hamısı kontragentə ödənilmir və vergiyə cəlb
olunmadan offşor yurisdiksiyada toplanır. Yaxud əksinə, əməliyyat
malın və ya xidmətin satışı ilə bağlıdırsa, satılan mala və ya
xidmətə görə alınacaq ödənişin bir hissəsi yenə də offşorda qalır.
Bundan başqa, mal və ya xidmət alğı-satqısı ilə bağlı
əməliyyatlardan vəsaitlərin offşorlarda və ya offşor olmayan, lakin
daha aşağı vergilərin tətbiq edildiyi dövlətlərə köçürülməsi qiymət
manipulyasiyaları vasitəsilə də reallaşdırılır", - deyə Ü.Yusifov
vurğulayıb.
Nazirlik rəsmisi qeyd edib ki, bunlar nəzərə alınaraq ölkə
başçısının sərəncamı ilə təsdiq edilmiş islahatlar çərçivəsində
transfer qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik
bazasının yaradılması nəzərdə tutulur.
Ü.Yusifov qeyd edib ki, transfer qiymətləndirilməsi qarşılıqlı
surətdə asılı olan şəxslər arasında, xüsusilə də törəmə şirkətlərlə
baş ofis və yaxud baş ofisin digər filial və nümayəndəlikləri
arasında malların və xidmətlərin təqdim edilməsi ilə bağlı
əməliyyatlarda qiymətlərin adi bazar şəraitində formalaşan
qiymətlərdən fərqli müəyyənləşdirilməsi hallarına münasibətdə
tətbiq edilir: "Müstəqil müəssisələr arasında əməliyyatlar aparılan
zaman onların razılaşdırdıqları şərtlər və qiymətlər müstəqil
surətdə bazar amillərinin təsiri altında formalaşır. Qarşılıqlı
surətdə asılı olan şəxslər arasında əməliyyatlar aparılan zaman isə
qiymətin əmələ gəlməsinə təsir edən amillər təkcə sərbəst bazar
amilləri deyil, əksər hallarda bu əməliyyatların qiymətlərinə ümumi
mənfəətin artırılması və bütün qrupun yekun vergisinin
minimallaşdırılması məqsədi də təsir göstərir. Vergi orqanları
tərəfindən transfer qiymətlərinin müəyyənləşdirilməsinin məqsədi də
qarşılıqlı əlaqəli müəssisələr arasında aparılan əməliyyatlarda
formalaşan qiymətlərin müstəqil müəssisələr arasında analoji
şərtlərdə formalaşa biləcək bazar qiymətlərinə uyğunluğunun təmin
edilməsi və hesablanmış transfer qiymətləri əsas götürülməklə
vergilərin hesablanması və ya bəyan edilmiş vergi məbləğlərinə
düzəliş edilməsindən ibarətdir. Dünyada mövcud olan transfer
qiymətəmələgəlməsi sistemlərinin əksəriyyətinin İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının standartları və qaydalarına əsaslanmasına
baxmayaraq, bu prinsiplərdən kənarlaşmalar da mövcuddur".
Ü.Yusifov qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən müvafiq
sahədə beynəlxalq təcrübə mütəmadi olaraq öyrənilir. Onun sözlərinə
görə, ən qabaqcıl və məqsədəmüvafiq hesab edilən təcrübələrin
Azərbaycanda tətbiqi istiqamətində işlər aparılır və bununla bağlı
transfer qiymətəmələgəlməsi üzrə qanunvercilik və inzibatçılıq
prosedurlarının yaradılması üçün Avropa İttifaqının "tvinninq"
yardım aləti çərçivəsində müvafiq layihənin həyata keçirilməsi
barədə razılıq əldə edilib.
"Ölkə başçısının sərəncamı ilə müəyyənləşdirilmiş islahatların
həyata keçirilməsi nəticəsində yaradılması nəzərdə tutulan və
offşorlarda təsis edilmiş müəssisələrin iştirakı ilə müxtəlif sxem
və strukturlardan istifadə edərək gəlirlərini Azərbaycan
Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsinə
xidmət edəcək mexanizmlərin, eləcə də transfer qiymətlərinin
tətbiqi ilə bağlı qanunvericilik və inzibatçılıq prosedurlarının
məqsədi bu cür halların qarşısının alınması və bu yollarla vergidən
yayındırılan məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə
cəlb edilməsini və bununla da vergi daxilolmalarının artımını təmin
etməkdən ibarətdir", - deyə Ü.Yusifov əlavə edib.
Nazirlik rəsmisi bildirib ki, hazırda dünyanın 111 dövlətinin
vergi orqanları ilə vergi məlumatlarının mübadiləsinə imkan verən
beynəlxalq müqavilələr imzalanıb: "Bu, əsasən sorğu əsasında həyata
keçirilən məlumat mübadiləsidir. Ölkə prezidentinin sərəncamı ilə
təsdiq edilmiş islahat istiqamətlərindən biri də ölkə hüdudlarından
kənarda əldə edilən gəlirlərin vergiyə cəlb olunmasının təmin
edilməsi üçün digər dövlətlərlə məlumatların avtomatik
mübadiləsinin təşkili də nəzərdə tutulub və bu istiqamətdə
tədbirlər görülməkdədir. Avtomatik məlumat mübadiləsinin təmin
ediləcəyi dövlətlərlə, mütəmadi olaraq, hər bir vergi ili bitdikdən
müəyyən müddət ərzində həmin dövlətlərdən avtomatik qaydada
Azərbaycan rezidenti olan hüquqi və fiziki şəxslərin həmin vergi
ili ərzində orada əldə etdikləri gəlirlərin növləri və məbləğləri
barədə ətraflı məlumatların elektron və kağız formatında əldə
olunması təmin ediləcək ki, bu da vergi orqanları üçün ölkə
hüdudlarından kənarda gəlir əldə edən və bu gəlirləri könüllü bəyan
etməyən şəxslərin müəyyənləşdirilməsi və qanunamüvafiq qaydada
vergiyə cəlb olunması üçün əlavə məlumat mənbəyidir".
Onun sözlərinə görə, 2016-cı ildə vergi sahəsində aparılacaq
islahatların istiqamətlərindən biri də Azərbaycan ilə ikiqat
vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin
inzibatçılıq qaydalarının sadələşdirilməsi ilə bağlıdır. Ü.Yusifov
qeyd edib ki, hazırda 51 dövlətlə imzalanmış belə sazişlərin
inzibatçılıq qaydalarının təkmilləşdirilməsi ilə bağlı işlər
çərçivəsində rezident və qeyri-rezident şəxslərdən daxil olan
müraciətlərin elektronlaşdırılması və sadələşdirilməsi, ərizə
formalarının və tələb olunan inzibati prosedurların azaldılması
nəzərdə tutulur. Onun sözlərinə görə, bununla həm müraciət edən
şəxslər tərəfindən müvafiq ərizələrin doldurulmasına sərf olunan
vaxtın və inzibati yükün azalmasına və eyni zamanda, vergi
orqanları tərəfindən müraciətlərə baxılmasının sürətləndirilməsi və
səmərəliliyinin artırılmasına xidmət edəcəyi gözlənilir.
Nazirlik rəsmisi vurğulayıb ki, sərəncama uyğun olaraq həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının
beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin
qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait
yaradacaq.