Azərbaycanın ümumi ticarət dövriyyəsində 11,4 faiz payla
2-ci yeri tutan, idxalında 17,9 faiz payla liderlik edən Rusiya
ölkənin əsas xarici ticarət tərəfdaşlarından biri olaraq
qalmaqdadır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının
Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçev
Rusiyanın "Promışlennıy yejenedelnik" qəzetinə müsahibəsində deyib.
Ticarət nümayəndəsi Rusiya ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlığın aparıcı sahələri haqqında suala cavab verərkən
bildirib ki, regionlararası əlaqələrin genişləndirilməsi, habelə
birgə müəssisələrin yaradılması Rusiya-Azərbaycan ticari-iqtisadi
əməkdaşlığının inkişafının perspektiv istiqamətlərindən
biridir.
E.Tlyabiçev deyib: "Bu gün Rusiya Federasiyasının 17 subyekti
Azərbaycandakı tərəfdaşları ilə birlikdə ticari-iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər həyata keçirir.
Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətləri isə
Azərbaycan Respublikası ilə ticarət əlaqələri saxlayır.
Müntəzəm olaraq keçirilən Rusiya-Azərbaycan Regionlararası
Forumu yeni perspektivli layihələrin və təşəbbüslərin müzakirəsi
üçün öz əhəmiyyət və aktuallığını nümayiş etdirib. 2011-ci ildən
başlayan bu forum qısa müddətdə iki ölkə arasında ticari-iqtisadi
münasibətlərin inkişafında böyük hadisəyə çevrilib.
Hazırda biz azərbaycanlı həmkarlarla birlikdə oktyabrın 31-dən
noyabrın 1-dək Bakıda keçirilməsi planlaşdırılan VII
Rusiya-Azərbaycan Regionlararası Forumuna ciddi hazırlıq işləri
aparırıq.
Forum çərçivəsində Rusiya ilə Azərbaycan arasında regionlararası
və sərhəd əməkdaşlığı məsələləri, perspektivli infrastruktur
layihələri, regionlararası sahədə iqtisadi və maliyyə əməkdaşlığı,
Rusiya-Azərbaycan humanitar məkanının problemləri və
perspektivləri, iki ölkənin qarşılıqlı strateji əlaqələri nəzərdən
keçiriləcək. Eyni zamanda, müxtəlif "dəyirmi masa"lar və iki
ölkənin işgüzar dairələrinin nümayəndələri üçün əlaqə birjası
təşkil ediləcək".
Ölkələrimiz arasında investisiya tərəfdaşlığının
istiqamətlərindən söz açan E.Tlyabiçev bildirib ki, bu gün
Azərbaycan bazarında Rusiyanın 600-dən çox şirkəti fəaliyyət
göstərir. Bu şirkətlərin 200-ü yüz faiz Rusiya kapitalı ilə
işləyir, 400-dən çoxu birgə müəssisə formatındadır. Azərbaycan
statistikasının məlumatına görə, Azərbaycanın əsas kapitalına
Rusiya investisiyaları təxminən 1,4 milyard dollar təşkil edir.
E.Tlyabiçevin sözlərinə görə, bu investisiyaların böyük hissəsi
Azərbaycanın neft sektoruna, Xəzər dənizində neft və qaz
yataqlarının işlənilməsinə yönəldilir. Lakin Rusiya şirkətlərinin
maşınqayırma, əczaçılıq, kimya sənayesi və bank fəaliyyəti
sahələrinə yönəldilən investisiyaları da nəzərəçarpacaq
qədərdir.
Məsələn, "VTB" qrupu 2009-cu ildən Azərbaycanın iqtisadiyyatının
inkişafına təxminən 700 milyon dollar sərmayə yatırıb. Bu vəsaitdən
300 milyon dolları törəmə bankın – "Bank VTB (Azərbaycan)"ın
inkişafına, daha 400 milyon dolları nəqliyyat və kommunikasiyalar
sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilib. "KamAZ"
Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildə "Gəncə avtomobil zavodu"
İstehsal Birliyinin ərazisində öz yük maşınlarının yığma xəttini
açıb. "Ural" avtomobil zavodu" Acıq Səhmdar Cəmiyyəti 2016-cı ilin
martında öz avtomobillərinin yığılması, Azərbaycanda və üçüncü
ölkələrdə satılması barədə "Gəncə avtomobil zavodu" İB ilə analoji
müqavilə imzalayıb. Rusiyanın "R-farm" əczaçılıq şirkəti 2016-cı
ilin iyununda Azərbaycanın "VITA-A" şirkəti və "Azərbaycan
İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan
Respublikası ərazisində əczaçılıq məhsulları istehsalının
yaradılması haqqında Memorandum imzalayıb.