"Hazırda dünyanın islam bankçılığı şərtləri əsasında
kredit verən heç bir ölkəsində faizsiz kredit verilmir. Faiz
deyiləndə riba yəni sələm deyil, bankların pul qazanmağı nəzərdə
tutulur".
"Axar.az" xəbər verir ki, bunu
"Səda" Maarifçi Klubunun təşkilatçılığı ilə "İslam Bankçılığı"
mövzusunda keçirilən seminarda çıxış edən Azərbaycan Beynəlxalq
Bankının İslam bankçılığı Departamentinin direktoru Behnam
Qurbanzadə dedi: "Dünyada İslam bankçılığının 117 adda məhsulu var.
Amma Azərbaycanda yalnız bunlardan 9-nu reallaşdırmaq mümkün olub.
Çünki bugünkü qanunvericilik yalnız bu məhsulları müştərilərə
təqdim etməyə imkan verir".
Ekspert islam bankçılığı üzrə qanunvericiliyi tam oturuşmuş
dövlətlərin olduğunu da deyir: "Pakistan, İran və Sudan kimi
dövlətlərdə artıq islam bankçılığının inkişafı üçün xüsusi
qanunvericilik var və bu dövlətlərdə islam bankçılığı ilə bağlı
bütün məhsullar var. İnsanlar arasında islam bankçılığı ilə alınan
kreditlərdə faizin olmaması ilə bağlı fikir yayılıb. Sizə deyim ki,
bu fikir tam yanlışdır. Hazırda dünyanın islam bankçılığı şərtləri
əsasında kredit verən heç bir ölkəsində faizsiz kredit verilmir.
Yəni bank öz heyətini saxlamaq üçün və mənfəət üçün müəyyən faiz
tutulur. Gecikdirməyə görə də müəyyən cərimələr olunur ki, həmin
cərimələr mənfəətə əlavə edilmir. Məhz o cərimələr vasitəsi ilə
müəyyən xeyriyyə işləri görülür. Məsələn, məhz biz bu cərimələr
hesabına Azərbaycanda olan bəzi məscidlilərin təmir və tikintisini
öz üzərimizə götürmüşük".
Dünyada İslam bankçılığının tutduğu mövqe ilə bağlı danışan
ekspert hesab edir ki, tezliklə islam bankçılığı öz mövqeyini daha
da möhkəmləndirəcək: "Hazırda dünya banklarında dövr edən təxminən
100 trilyon dollarlıq valyutanın təxminən 2 trilyon dolları İslam
bankçılığna məxsusdur. Bu isə təxminən 2 faiz deməkdir. Amma hesab
edirəm ki, bu rəqəm tezliklə artacaq. Son zamanlar baş verən 2
böyük iqtisadi böhrandan tam ziyansız və itkisiz çıxan banklar
ancaq islam bançılığı modeli ilə çalışanlardır".
Xatırladaq ki, İslam Bankçılığı modeli ilk dəfə 1963-1966-cı
illərdə Misirli alimlər tərəfindən yaradılıb və birinci də həmin
ölkədə tətbiq edilib. Azərbaycanda isə bu modelin tətbiq tarixi 10
ilə yaxındır.