Ölkədə fəaliyyət göstərən
mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti
yeritməsi adi hala çevrilib. Operatorlar daha çox pul qazanmağa
kökləndiklərindən sektorda rəqabətləri də saxta endirimlərə
ünvanlanıb, nəinki texniki yeniliklərə.
Hazırda ölkədəki mobil operatorların – "Azercell", "Bakcell" ,
"Nar Mobile" - hər birinin özünün bazar siyasəti, funksiyası var.
Məsələn, birinci açıq şəkildə bahalı tarif siyasəti yeridir.
"Bakcell" isə aşağı qiymətlərlə, şirnikləndirici xidmətlələrlə
abunəçilərin cibinə girir. Yəni mobil operatorun mənfəət götürmək
siyasəti dolayı və gizlidir. Açıq bazar qanunauyğunluqlarından
çox-çox uzaq. "Nar Mobile" gəlincə, "iki köhnə qurdun" olduğu
bazarda hələ də yerini müəyyən edə bilməyib. Xidmət keyfiyyəti
aşağıdır. Bu məsələdə operatora ən çox maneəni isə "Azercell"
yaradır. (Bu barədə növbəti məqaləmizdə bəhs edəcəyik).
Başlayaq, daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük
mobil operatoru olan "Bakcell"dən. Hansı ki bu şirkət internet
trafiklərində, tarif paketlərində, kontur yüklənməsində
abunəçilərinin cibinə "mahir cibgir" kimi girir. Məsələn, bu
günlərdə Fuad Ağamaliyev adlı "Bakcell" abunəçisi az qala bütün
ölkəyə şikayət etdi. Abunəçinin şikayətində bildirilirdi ki,
"Bakcell" 9971 nomreli bir xidmetlə müqavilə imzalayıb və onun
balansındakı pulu mənimsəməklə məşğuldur: "Tanımadığım sayta
nömrəmi qeydiyyata aldıraraq günə minimum 0.58 qəpik pul tutur. Bu
gün ərzində iki-üç dəfədə təkrarlanır bəzən. Balansda həftə ərzində
10 AZN-ə yaxın pul bu xidmətə görə yoxa çıxır. Şikayət etdikdə isə
bildirirlər ki, 9971-ə böyük hərflərlə stop yazıb göndərin xidmət
deaktiv edilsin. Deaktiv xidmətinin qiyməti isə 0.76 qəpikdir.
Əslində bu, bir abunəçinin etirazıdır. "Bakcell"in qiymət
siyasətinə nəzər yetirdikdə hərc-mərcliyi açıq aydın görmək
olur.
Kredit maxinasiyası
"Bakcell"in kredit xidməti də rəsmən sələmçi funksiyasını yerinə
yetirir. Belə ki, əvvəllər 1 kredit borcu olan abunəçi 1 manatlıq
kontur almaqla borcunu ödəyə bilərdi (96 qəpik). İndi isə bunun
üçün ən az 2 manatlıq kontur almaq lazımdır. Çünki yeni tarifə
əsasən kredit borcu 1.20 AZN təşkil edir.
Eyni qayda ilə, 2 kredit borcunu ödəmək üçün dəyişikliyə qədər 2
manatlıq kontur almaq kifayət edirdisə, indi bu rəqəm 2.40 AZN-dir,
Lakin bu hamısı deyil. Mobil operator kredit borcu ödənildikdən və
balans artırıldıqdan sonra da 1 AZN çıxır. Balansından pulu yoxa
çıxan abunəciyə isə heç bir arayış verilmir.
Digər tərəfdən, 2 kredit borcunu ödəməyənlər nə əlavə kredit
əldə edə bilir, nə də başqa nömrədən öz balansına məbləğ göndərə
bilir.
Bahalı pul köçürməsi
"Bakcell"in pul köçürmə əməliyyatı da ucuz deyil. Balansınız
hesabına digər CIN abunəçisinin balansını artırdığınız zaman hər 20
qəpiyə 1 qəpik xidmət haqqı tutulur. 6-10-cu göndərişlərin qiyməti-
hər bir göndəriş üçün 5 qəpik təşkil edir.Növbəti göndərişlərin
qiyməti 10 qəpik olur.
Günboyu 0 tarifi ilə soyul
Operatorun kampaniyalarının şərtləri sərfəliliyi ilə "gözləri
yaşardır". Götürək Günboyu 0 tarifini. Tarif dəqiqəsi 0 qəpiyə
səhər saat 8:00-dan axşam saat 18:00-dək şəbəkədaxili limitsiz
danışmağı nəzərdə tutur. Hansı şərtlərlə? Əsas məsələ də budur.
Tarifə qoşulandan sonra balansından hər gün 29 qəpik çıxılır. İlk 3
gün ərzində yeni nömrələrdə gündəlik abunə çıxılmır.Göründüyü kimi,
istifadə edildi –edilmədi gün ərzində abunəçi 29 qəpik itirir.
Bundan əlavə nəzərə alsaq ki, 8:00-dan axşam saat 18:00-dək ölkədə
iş saatıdır. Aradakı müddətdə insanlar daha çox işləməyə üstünlük
verirlər nəinki ünsiyyətə.
"ƏlaCIN" tarifi
Saatlarla danışmağı xoşlayanlar üçün olan bu tarifdə
şəbəkədaxili 1 saat ünsiyyət 7 qəpik təşkil edir. Tarifə qoşulma
haqqı da ucuz deyil. Nə az nə çox 1 AZN. Amma əsas məsələ bu deyil.
İlk baxışdan sərfəli görünən tarifin sualtı daşları var. Konkret
olaraq, tarifə qoşulanların heç də hamısı gün ərzində yığdıqları
nömrələrlə 1 saat danışmırlar. Nəticədə hər şəbəkədaxili zəngə 7
qəpik "Bakcell"in cibinə gedir.
Sevimlicin
Tarifin şərtləri də digər tariflərdən fərqlənmir. Bu tarifdə
Azərbaycanın bütün mobil operatorların nömrələrinə və şəhər
telefonlarına zənglər üçün vahid qiymət (dəqiqəsi) 8 qəpikdir.Ta
rifə keçid haqqı – 1 AZN-dir. Əgər bu tarifə keçidi təzə SİM kartı
(SevimliCIN) aldığınız gün edərsinizsə, keçid pulsuz həyata
keçirilir. Şəbəkədaxili zənglərin tarifikasiya müddəti 10 saniyə,
şəbəkəxarici zənglərin tarifikasiya müddəti – 15
saniyədir.Göründüyü kimi avantajları geniş deyil.
"BlackBerry" paketi
"Bakcel"l "BlackBerry" paketi isə ən bahalı xidmət sayıla
bilər.Mobil operator CIN, Klass və Gold abunəçilərinin qoşulma
tariflərinə nəzər yetirək. Bu sahədə 5 paket növü təqdim edir.
Bunlardan ən ucuzu və keyfiyyətsizi Social 7 paketidir. Hansı ki
istifadə müddəti 7 gün, trafikin həcmi 150 MB-dır. Qiyməti 3,33
manat olan paketlə "BlackBerry"nin "yes" düyməsi belə işləmir.Belə
ki, operatorun saytında Social 7 paketində BBM (çat), BB mail
(electron poçt), social şəbəkələr üçün BB əlavələr, internetə giriş
kimi xidmətlərin mümkün olduğu qeyd edilir. Halbuki reallıqda 150
MB trafiklə bu xidmətlərin heç birindən istifadə mümkün deyil.
Social 7 paketi sadəcə telefonun ekranında internetə çıxış
işarəsinin yanıb sönməsinə kifayət edir. İnternet trafiki
"BlackBerry" telefonları üçün deyil.
600 MB-lıq Social 30 paketində də sürətli internet xidmətindən
söhbət gedə bilməz. Əslində "BlackBerry" telefonları üçün
paketlərinin qiyməti 14 manatdan başlayır. 1GB-lıq "Complete"
paketinin qiyməti 13.99 manatdır.
Diqqəti çəkən daha bir məqam paket üçün ayrılmış trafik
bitdikdən sonra abunəçinin başına gətirilən oyunlardır. Operatorun
rəsmi internet ünvanında hər 1 MB-ın 0.10 AZN təşkil edəcəyi
bildirilir. Lakin bir məsələ də var. İnternet istifadə edilmədiyi
halda növbəti paket yüklənənə qədər "BlackBerry" konturları
"yeyir". Hər 1 saata balansdan 10 qəpik çıxılır.