Rusiya iqtisadiyyatı yaxın 3 il ərzində dərin böhran
dalğasına bürünəcək və bu, bütün iqtisadi sektorları
zəiflədəcək.
Bu sözləri hazırkı proseslər fonunda Rusiyanın iqtisadi durumu
və ölkəni gözləyən dəyişikliklərlə bağlı Axar.az-a danışarkən
iqtisadçı Rəşad Həsənov deyib. Sanksiyalar tətbiq edilməzdən öncə
və sonra Dövlət Neft Fondunun və Mərkəzi Bankın rezervlərinin
müqayisəli təhlilini aparan ekspert Rusiya hegemoniyasının sonunun
yaxının olduğunu bildirib:
"Ukrayna konfliktindən əvvəl, 2013-cü ilin noyabrın sonuna
Rusiya Mərkəzi Bankının rezervləri maksimum həddinə - 515 milyard
dollara yüksəlmişdi. Konflikt Rusiya iqtisadiyyatına təsirlərini
göstərir və neftin dünya bazarında qiyməti 115 dollar ətrafında
olduğu 2014-cü ilin iyulunda bankın rezervləri 472 milyard dollara
qədər azaldı. Qərbin və ABŞ-ın tətbiq etdiyi sanksiyalar və neftin
kəskin ucuzlaşması isə prosesi daha da sürətləndirdi. Nəticədə 8 ay
ərzində valyuta ehtiyatları 120 milyarddan artıq azaldı və 2015-ci
ilin martında minimum həddinə - 351,2 milyard dollara düşdü.
2014-cü ilin sonunda yaranmış vəziyyətin idarəedilməzliyini
nəzərə alaraq Rusiya Mərkəzi Bankı yerli valyutanın sabitliyini
qorumaqdan imtina edərək tənzimlənən üzən məzənnə rejiminə keçid
qərarı verdi. Beləliklə, bu ölkə yerli valyutanın
dəyərsizləşdirilməsi hesabına valyuta ehtiyatlarını qorumaq yolunu
seçdi".
İqtisadçı hazırda Rusiya Mərkəzi Bankının valyuta
ehtiyyatlarının 370 milyard dollar həcmində olduğunu bildirib:
"Sanksiyalardan qabaq - 2014-cü ilin əvvəlində 1 ABŞ dolları 32
rubl idisə, günümüzdə 76 rubladək yüksəlib. Başqa sözlə, Rusiya
valyutası 2,4 dəfə dəyər itirib. Yəni hökumət rezervlərin
qorunmasının ağırlığını xalqın üzərinə yönəltdi. Təbii ki, rublun
kəskin dəyər itirməsi ölkə vətəndaşlarının sosial yükünü də
dəfələrlə ağırlaşdırır".
Ekspert çox önəmli bir məqama, Rusiyanın valyuta ehtiyatlarının
əriməsində kritik hədd məsələsinə də aydınlıq gətirib:
"Bu barədə dəqiq rəqəm söyləmək bir qədər çətindir. Çoxları
bunun 100 milyard dollar olduğu fikrindədir. Bəziləri isə 250
milyardı kritik hədd hesab edir. Fakt odur ki, bu ölkənin rezerv
valyuta ehtiyatı ötən dövr ərzində 29 faiz azalıb".
R.Həsənov valyuta ehtiyatlarının kəskin azalması və
rezervlərinin kritik həddə yaxınlaşması fonunda Rusiya
iqtisadiyyatını gözləyən proseslərdən də danışıb:
"Rusiya dünyanın ən müxtəlif bölgələrində böyük xərclər bahasına
nüfuz müharibələri aparır. Əgər rezervlər azalarsa, bu ölkənin
likvidliyini aşağı salacaq və rublun dəyərdən düşməsini
sürətləndirəcək. Rusiya vəziyyəti borclanma hesabına tənzimləməyə
çalışacaqsa, bu da ölkəni uzunmüddətli maliyyə itkilərinə
sürükləyəcək. Rusiya iqtisadiyyatı yaxın 3 il ərzində dərin böhran
dalğasına bürünəcək və bu, bütün iqtisadi sektorları zəiflədəcək.
Xüsusilə də büdcə xərcləmələrində azalmalar baş verəcək ki, bu da
daha çox büdcədən qaynaqlanan iqtisadiyatı məhv edəcək. Kapitalı
əllərində cəmləşdirən oliqarxlar ölkədən gedərsə, bu, Rusiya
hegemoniyasının sonu və iqtisadi defolta səbəb olacaq".
Rusiyanın zəifləməsinin qonşu ölkələrə təsiri məsələsinə
gəldikdə isə eskpert hesab edir ki, zəif Rusiya güclü Azərbaycan
deməkdir:
"İlk növbədə bu ölkənin bölgədəki mövqeləri zəifləyəcək ki,
nəticədə Avropa-Asiya arasında əlverişli geosiyasi mövqeyinə görə
Azərbaycan Qafqazın ən böyük ölkəsinə çevriləcək. İkincisi, sivil
dünya ilə münasibətlərin dərinləşdirilməsində Azərbaycanın
qarşısında heç bir maneə qalmayacaq".