Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu
konsorsiumunun yaradılmasına dair razılığa gəlib.
ANS-in məlumatına görə, qərar Tiflisdə
keçirilən üçtərəfli görüş zamanı qəbul olunub. Əsas müzakirə
mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə
bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin
limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya
hərəkətini təmin edəcək.
Qazaxıstan Baş nazirinin müavini Bakitican Sagintayev qeyd edib
ki, bu, hamı üçün olduqca sərfəli marşrutdur və belə bir
konsorsiumun yaradılmasında hamımız maraqlıyıq. Ümumilikdə
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin nəqliyyat dəhlizi yeni
canlandığı üçün iştirakçı dövlətlər arasında yüklərin daşınması ilə
bağlı bəzi məsələlər müzakirə mövzusudur.
Bu səbəbdən fevralın 20-də Ukrayna, Gürcüstan, Azərbaycan və
Qazaxıstan dəmir yolu strukturlarının rəhbərləri Bakıda
toplaşacaqlar. TRASEKA-nın milli katibi Akif Mustafayevin sözlərin
görə, görüşdə əsas müzakirə mövzularından biri tariflərin
endirilməsi ola bilər.
"Ukrayna tərəfi güzəştli tariflər xahiş edir. Rəsmi Kiyev Rusiya
ərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyirdi. Buna görə
də dörd ölkənin dəmir yolu rəhbərləri, Xəzər Dəniz Gəmiçiliy və
Bakı Dəniz Limanının rəhbərləri arasında tariflərin endirilməsi ilə
bağlı ortaq məxrəcə gəlməlidirlər. Ola bilsin ki, imzalanması
nəzərdə tutulan protokol bütün suallara tam cavab verməsin. Çünki
müəyyən müddət prosedurların sadələşdirilmə prosesi davam
etdiriləcək. Yəqin ki, yaxın gələcəkdə Ukraynanın arzuladığı
tariflər tətbiq ediləcək", - deyə TRASEKA rəsmisi qeyd etdi.
TRASEKA rəsmisi bildirdi ki, Ukraynadan gələn ikinci qatarın
çoxu Türkmənistanın Türkmənbaşı limanına göndərildi. "Yalnız 1
vaqon Qazaxıstanın Aktau limanına yola salındı. Bununla məsafə,
güzəştlər və prosedurlar baxımından Qazaxıstanın və ya
Türkmənistanın daha sərfəli marşrut olduğu müəyyən edilə bilər.
Azərbaycan bu məsələlərdə Qazaxıstanla daha yaxından işləyir. Amma
Bakıya məsafə baxımından Türmənbaşı limanı Aktaudan 2 dəfə
yaxındır. Hansı dövlət daha çox şərait yaradıb, güzəştlər tətbiq
etsə, yüklər həmin marşrut üzə daşına bilər. Bu, həmçinin rəqabət
mühitinin yaradılması ilə nəticələnər", - Akif Mustafayev
deyib.
Adıçəkilən marşrut üzrə ilk sınaq qatarı yanvarın 15-də
Ukraynanın İlyiçovsk limanından yola çıxıb. Yanvarın 22-də Bakının
Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb. 20 vaqondan ibarət
sınaq qatarı İlyiçovsk limanından "İpək yolu"nun yeni marşrutu üzrə
- Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər
dənizi-Qazaxıstan-Çin - keçərək yanvarın 31-də Çinin "Dostık"
stansiyasına çatıb.
Bu nəqliyyat dəhlizi Azərbaycan üçün də böyük əhəmiyyətə
malikdir. Yəqin ki, iştirakçı dövlətlər ortaq məxrəcə gəlib bütün
suallara cavab tapacaqlar. Burada əsas məsələlərdən biri də
nəqliyyat dəhlizinin effektivliyinin saxlanılmasıdır. Elə bir
güzəştlər tətbiq edilməlidir ki, Ukrayna və Rusiya arasında
münasibətlər bərpa olunduğu zaman nəqliyyat dəhlizinin əhəmiyyəti
itməsin. Bunun üçün əsasən tariflərdə və xüsusilə də keçid
məntəqələrində prosedurlar daha da sadələşdirilməlidir. Amma bu
güzəştlər Azərbaycanın maraqlarına zidd olmamalıdır.