Qlobal iqtisadiyyatın yavaşlaması, Breksitin mənfi
nəticələri, inkişaf etmiş ölkələrdə uçot dərəcəsinin aşağı
salınması kimi fundamental səbəblər qızılın qiymətinin 2016-cı ilin
sonuna qədər 1 500 dollar/unsiya həddini keçməsinə səbəb ola
bilər.
Report xəbər
verir ki, B.Britaniyada keçirilən referendum onsuz da ehtiyatlı
davranan investorları daha da təmkinli olmağa məcbur edib və
nəticədə, risksiz aktiv kimi tanınan qızıla tələbatı artırıb. Belə
ki, məhz iyunun 24-də Breksitin nəticələri məlum olan kimi qızıl
100 dollardan çox və ya 8,1% bahalaşaraq 1 355 dollar/unsiyaya
qədər yüksəlib.
"Value View Gold Report" araşdırma şirkətinin direktoru Ned
Şmidtin (Ned Schmidt) sözlərinə görə, Breksit həyatda bir dəfə baş
verən hadisələrdəndir. Bu hadisə qızıla investisiya qoymaq
istəməyənlərin fikrini tam dəyişib. O, qızılın unsiyasının bu il 1
400 dollar, gələn il isə 1 900 dollara qədər yüksələcəyini
proqnozlaşdırır.
"ThinkForex" investisiya şirkətinin baş analitiki Naim Aslamın
fikrincə, Avropa İttifaqında digər ölkələr də B.Britaniyanın yolu
ilə gedə bilər, bu da Avropada vəziyyəti gərginləşdirəcək. Bunu
nəzərə alaraq, o, qızılın unsiyasının bu il 1 500 dollara qədər
artacağını ehtimal edib.
Bəzi analitiklər düşünürlər ki, maliyyə bazarlarındakı
çaxnaşmaya yalnız qızıl tab gətirə bilər. Uzunmüddətli perspektivdə
isə qızıl yalnız risksiz aktiv deyil, o cümlədən devalvasiyaya
uğrayan valyutalara qarşı gückü təminat olacaq.
"EverBank World Markets" maliyyə xidmətləri şirkətinin
prezidenti Kris Qafninin (Chris Gaffney) sözlərinə görə, hazırda
dünya bazarlarında əsas problem "Lehman Brothers" dövründə olduğu
kimi likvidlik çatışmazlığı ilə bağlıdır. Belə ki, iyunun 24-də
dünyanın inkişaf etmiş ölkələrinin mərkəzi bankları zərurət olduğu
halda bazara likvidlik verəcəklərini bildirib. K.Qafni həmçinin
bildirib ki, İngiltərə Mərkəzi Bankı (BoE) və Avropa Mərkəzi Bankı
(ECB) uçot dərəcələrini aşağı sala bilər. O xatırladıb ki, dünya
iqtisadiyyatı uzun müddət aşağı faizlərin mövcud olacağı tsiklə
qədəm qoyur. Aşağı faizlər və yüksək likvidlik isə qızılın
qiymətinin artmasını qaçılmaz edir.