Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin
qətli ölkədə səs-küyə səbəb oldu. Azərbaycan və Türkiyə mətbuatı
onun ölümünə geniş yer ayırdı, mərhumun dəfn mərasimindən
reportajlar hazırlandı. Lənkəranskinin ölümündən günlər keçsə də,
sosial şəbəkədə barəsində müzakirələr bitmir. Bəzi şəbəkə
istifadəçiləri iddia edirlər ki, mətbuat kriminal aləmi və onun
qayda-qanunlarını təbliğ edir.
Bəs, mətbuat bu durumda necə davranmalı idi? Lənkəranskinin
ölümünə yer ayırması təbliğatdırmı?
Musavat.com məsələyə aydınlıq gətirmək üçün
media eksperti Qulu Məhərrəmli ilə əlaqə saxlayıb. Ekspert bildirib
ki, mətbuatın Lənkəranskinin ölümünü işıqlandırmasında qeyri-adilik
yoxdur:
"Rövşən Lənkəranskinin ölümündən öncə də mətbuat onun barəsində
xəbərlər yayırdı. Cəmiyyət hər zaman qeyri-adiliklərə, normadan
yayınmalara qarşı diqqətlidir. Mətbuat da bu nüansı tutur və
izləyir. Azərbaycan mətbuatı mövzu baxımından kasıbdır. Elə
mövzular var ki, onun barəsində ciddi söhbətlər aparmaq olar, amma
ya mətbuatın buna gücü çatmır, ya imkanları, ya da istəyi yoxdur.
Rövşən Canıyevin ölümünə mətbuatın geniş yer ayırması kütlə
psixologiyası ilə bağlıdır. İnsanlar oğru dünyasının adamlarını
ədalət carçısı, həqiqət adamları kimi qavrayır, onlara qəhrəman
kimi baxırlar. Kütlə Lənkəranskini qəhrəman kimi qəbul edib və
onunla bağlı məlumatları izləyir. Cəmiyyətdə haqsızlıqlar olanda,
doğruluq bölünəndə insanlar Lənkəranski kimi insanlara qəhrəman
kimi baxırlar. Media qəhrəmanları axtarıb tapmalıdır. Bizdə Mübariz
İbrahimovun qəhrəmanlığı təbliğ olunmalıdır. Halal və millət üçün
gərəkli olan gerçək bir qəhrəmanlıq örnək göstərməlidir. Bu bizim
üçün daha vacibdir. Mətbuat bunu işıqlandırmayanda boşluğu başqa
qəhrəmanlar doldurur.
Medianın bu məsələyə geniş yer verməsinə isə təbliğat kimi
yanaşmıram. Bu faktdır, xəbərdir, hadisədir, mətbuat da bunu
işıqlandırır. Sadəcə olaraq, bu xəbərin parametrlərindən biri
qeyri-adi olmasıdır. Bu qeyri-adilik çox şişirdilib, cəmiyyətin
istəkləri, arzuları ilə qovuşma yaradıb. Ona görə də mövzu
cəmiyyətə yaxın olub. Bir daha bildirirəm ki, mətbuatın
Lənkəranskinin ölümünü işıqlandırlmasında qeyri-adi heç nə
yoxdur".
Qeyd edək ki, Rövşən Caniyev avqustun 18-i Türkiyənin İstanbul
şəhərində naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.