Məclisin şirin yerində kimsə qışqırdı: - Vay dədə, vay,
Qaçaq Nəbi bura gəlir.
Tacir və bəylər, xüsusilə
pristav təşvişə düşdülər. Nəbi salona daxil oldu. Məclisdəkilərin
narahat olduğunu görən Nəbinin dostu Kəblə Məmməd
dedi:
- Camaat, heç nədən qorxmayın, Nəbi buraya Hüsünü
dinləməyə gəlib.
Axar.az Admiral.az-a istinadən mərhum musiqi tarixçisi Firudin
Şuşinskinin Hacı Hüsü ilə bağlı yazdığı maraqlı əhvalatı təqdim
edir:
Gözəl yay günlərindən biri idi. Moskvanın geniş və yaraşıqlı
salonlarından birində Şuşa sakini Camharov İvan öz oğlu üçün toy
məclisi düzəltmişdi. Qonaqların əksəriyyəti Qarabağdan idi.
Məclisin başında musiqi üçlüyü əyləşmişdi. Xanəndə oxuyurdu.
Onun məlahətli səsindən xoşlanan qonaqlar yerbəyerdən "Qarabağ
şikəstəsi" oxumasını xahiş edirdilər.
Xanəndə guşa gəldi:
Mən aşiqəm Qarabağ,
Qara salxım, qara bağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Xanəndə bu sözləri incə xallar və coşqun zəngulələrlə oxuduqca
dinləyicilər xəyalən özlərini səfalı Qarabağda hiss edirdilər. Hər
tərəfdən: "Ay can, ay can", "sənə nənəm qurban", "sağ olsun
xanəndə" sədaları ucalırdı. Yalnız məclisdə əyləşmiş bir neçə
musiqişünas dərin fikrə dalıb xanəndəni dinləyir, arabir də
bir-birlərinə mənalı nəzər salırdılar. Xanəndə şikəstəni qurtaran
kimi professorlardan biri məclis əhlinə müraciət edərək dedi:
- Ağalar, biz bütün ömrümüzü musiqiyə həsr etmişik. İnsanda bu
incə, təravətli səs nadir hadisədir. Mənə elə gəlir ki, burada isə
bir sirr vardır.
Kimsə söz atdı:
- Yəqin ki, ağzında nə isə tutub oxuyur.
Məclisdə qızğın mübahisə başlandı. Vəziyyəti belə görən məclis
sahibi qonaqları sakit edərək dedi:
- Canım, mübahisə nəyə lazımdır. Əgər xanəndənin səsinə şübhəniz
varsa, onun boğazını yoxlaya bilərsiniz.
Məclisdə əyləşən bir həkim xanəndənin ağzına və boğazına baxdı.
Əlbəttə, heç nə tapılmadı. Xanəndəni yenidən alqışladılar. Bu
xanəndə, öz sənəti və zəngin səsi ilə bütün Qafqazda, Yaxın və Orta
Şərqdə məşhur olan böyük müğənni Hacı Hüsü idi.
Hacı Hüsü Niftalı oğlu Şuşanın "Çölqala məhəlləsi"ndə papaqçı
ailəsində anadan olmuşdu. Böyük sənətkar ilk musiqi təhsilini
Xarrat Qulunun məktəbində almışdı.
Gənc Hüsü öz müəllimindən musiqi sənətini və klassik Şərq
muğamlarını mükəmməl öyrənmişdi. Görkəmli ədibimiz Yusif Vəzir
Çəmənzəminlinin yazdığına görə, Hacı Hüsünün müəllimlərindən biri
də Şərq muğamlarını gözəl bilən Mirbaba Mirabdulla oğlu (Yusif
Vəzir Çəmənzəminlinin atası) olmuşdu.
Xarrat Qulu Hacı Hüsünün gözəl səsini və oxumaq qabiliyyətini
nəzərə alıb onu özü ilə bərabər məclislərə aparırdı. Bu məclislərdə
Hacı Hüsü zil və incə səsi ilə hamını heyran qoyardı. Hələ gənc
ikən böyük müğənnini dinləyən məşhur xanəndə Cabbar Qaryağdı oğlu
Hacı Hüsünün səsinə qiymət verərək yazmışdı:
"Hacı Hüsünün səsi elə qüvvətli, elə cazibəli idi ki, hər bir
muğamı başlayıb oxuyanda tarın bütün pərdələrini gəzib son pərdədən
bir qədər də zilə qalxardı. O, "Orta mahur" oxuyanda bütün
musiqiçiləri heyrətdə qoyardı".
Bir çox mənbələrdən və böyük sənətkarların xatirələrindən aydın
olur ki, XIX əsrin ən böyük və məşhur müğənnisi Hacı Hüsü olmuşdur.
Lakin hələ XVIII əsrin axırları, XIX əsrin əvvəllərində Şuşada -
Qarabağda tanınmış bir çox sənətkarların adlarına rast gəlirik. Bu
sənətkarlardan Şahsənəm oğlu Yusif, Mirzə Hüseyn, Həsənçə, Qaraçı
Əsəd, Kosa Məhəmməd bəy, Tükverdi Həsən, Mirzə İsmayıl və başqa
müğənnilər klassik musiqini əhali arasında yayaraq Şuşada
xanəndəlik sənətinin əsasını qoymuşlar. Həmin dövrün məşhur tar
çalanı Əli Əsgər (Sadıqcanın müəllimi) və gözəl kamança çalanı
Qaraçı Hacıbəy, qoşanağara çalanı isə Qapançı oğlu Kərim idi.
Şübhəsiz ki, Hacı Hüsünün kamil bir ustad kimi yetişməsində bu
böyük sənətkarların həlledici rolu olmuşdu.
Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı"
binasında "Xeyriyyə gecəsi"ndə çıxış etmişdi. Cabbar
Qaryağdıoğlunun yazdığına görə, həmin gecədə Hacı Hüsü tarzən
Sadıqcanın müşayiəti ilə "Çahargah" oxumuşdu.
Bu məclisdən sonra onun şöhrəti hər yana yayılır. Müğənnini
tez-tez qonşu ölkələrin toy şənliklərinə dəvət edirlər. Hacı Hüsü
nəinki Zaqafqaziyada, Rusiyada, hətta Yaxın və Orta Şərqin bir sıra
ölkələrində də şöhrət tapır. Bu ölkələrin kübar ailələri, varlı
əyanları onu öz ziyafətlərinə, toy məclislərinə çağırmışlar.
1880-ci ildə İran hakimi Nəsrəddin Şah oğlu şahzadə Müzəffərəddinin
toyuna Hacı Hüsünü də dəvət etmişdir. Hacı Hüsü bu toya məşhur
tarzən Sadıqcan, kamançaçı Bağdəgül oğlu Ata ilə birlikdə getmişdi.
Toy Təbriz şəhərində təşkil olunmuşdu. Həmin toyda İranın ən məşhur
oxuyan və çalanları Hacı Hüsü ilə birlikdə çıxış etmişlər. Məclisin
axırında şah tərəfindən birinci mükafat Hacı Hüsüyə verilmişdi.
Həmin məclisdə-müğənninin gözəl səsi və muğamları böyük ustalıqla
oxuması, Sadıqcanın isə tarı sinəsi üstündə çalması iranlıları
heyrətə gətirmişdi.
Hacı Hüsü sadəcə xanəndə deyildi. O, klassik Şərq və Azərbaycan
muğam və təsniflərinə dərindən bələd olan musiqişünas və gözəl bir
müəllim kimi də çox məşhur idi. Hacı Hüsü Mir Möhsün Nəvvabla
birlikdə Şuşada ilk "Musiqişünaslar məclisi"nin əsasını qoymuşdu.
Müəllimi Xarrat Qulunun ölümündən (1883) sonra isə Qarabağ
xanəndələrini öz ətrafına toplayıb "Xanəndələr məclisi"
yaratmışdı.
Bu məclisin məqsədi yeni xanəndələr yetişdirmək, xanəndəlik
sənətini kütlə arasında yaymaq və klassik Azərbaycan muğamlarını
inkişaf etdirmək idi. Həmin dövrdə bu məclis musiqi məktəbi və
yaxud "Xanəndələr ittifaqı" rolu oynamışdır. Məşədi İsi, Keştazlı
Həşim, Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Keçəçi oğlu
Məhəmməd, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd
Fərzəliyev və başqaları bu məclisə daxil idilər.
Hacı Hüsü klassik muğam musiqisinin təkmilləşdirməsi üzərində
işləyərək "Rast", "Şur", "Mahur" və başqa muğamlara yeni-yeni
variantlar, guşələr əlavə etmiş, həmin muğamlar əsasında təsniflər
və mahnılar yaratmışdı. Hacı Hüsü eyni zamanda bir neçə muğamların
yaradıcısı kimi də məşhurdu. O, "Kürdü" muğamına "Şahnazı" əlavə
edərək birlikdə "Kürdü-şahnaz" oxumuşdu. Cabbar Qaryağdıoğlunun
yazdığına görə, Hacı Hüsü "Qatar" muğamını Sadıqcanın tarda
müşayiəti ilə yaratmışdı.
Hacı Hüsü gözəl Azərbaycan şairəsi Xan qızı Natəvanın ən sevimli
xanəndəsi idi. O, Natəvanın sarayında qurulan məclislərin bəzəyi və
yaraşığı olmuşdu. Hacı Hüsü eyni zamanda məşhur musiqiçi kimi
şöhrət qazanmış şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik
Mənsurovun məclislərinə tez-tez dəvət edilərdi. Xalqımızın mərd
oğlu Qaçaq Nəbi də Hacı Hüsünün sənətini çox sevərdi Məşədi Müseyib
Daşdəmirov (Hacı Hüsünün oğlu İsmayılın da yaxın dostu) belə bir
maraqlı əhvalat söyləyirdi: "Bir gün Şuşada Bala Hacısadığın toyu
idi. Hacı Hüsü oxuyurdu. Mənim olardı 14-15 yaşım. Çıxmışdım
pəncərəyə. Məclisin şirin yerində kimsə qışqırdı: - "Vay dədə, vay,
Qaçaq Nəbi bura gəlir".
Məclisdə əyləşən tacir və bəylər, xüsusilə pristav Mahmudbəy
Ağabəy oğlu təşvişə düşdülər. Nəbi salona dörd nəfər ilə daxil
oldu. Məclisdəkilərin narahat olduğunu görən Nəbinin dostu Kəblə
Məmməd üzünü məclisə tutub dedi:
- Camaat heç nədən qorxmayın, Nəbi buraya Hüsünü dinləməyə
gəlib.
Toyun "padşahı" şair Mirzə Ələsgər Növrəs üzünü Hacı Hüsüyə
tutub dedi:
- Hüsü, əziz qonağımızın ürəyi nə istəyir, onu oxu.
Qaçaq Nəbi "Bayatı-kürd" oxumağı xahiş etdi. Hacı Hüsü elə oxudu
ki, nə deyim... toy olmasına baxmayaraq hamını ağlatdı..."
Lakin böyük xanəndənin ömrünün son illəri çox pərişan keçmişdir.
O, Ərəbistandan qayıtdıqdan sonra mollaların təzyiqinə məruz
qalaraq Göhər ağanın məscidində minacat verməyə məcbur olmuşdu.
Respublikamızın əməkdar artisti Cəlilbəy Bağdadbəyov öz
xatirələrində yazır: "Qış mövsümü, yuxunun şirin olmasına
baxmayaraq Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən yüzlərlə adam
gəlib bu cazibəli səsə qulaq asardılar. Hacı Hüsünün uzun nəfəsi
olmaqla bərabər zənguləsinin misli-bərabəri yox idi. O, "Üzzal"
oxuyarkən Qövsü Təbrizinin:
Sınıq səbudə su tutmaz qərar, mey durmaz,
Şikəstə könlümə böhtəm ki, qan ilən doludur.
rədifi ilə başlanan qəzəlini tez-tez oxuyardı".
Hacı Hüsü ömrünün son illərində ehtiyac içində yaşamışdır. O,
1898-ci ildə Aşqabad şəhərində vəfat etmişdir.
Azərbaycan vokal incəsənətinin ən görkəmli nümayəndələrindən
biri olan Hacı Hüsü sözün həqiqi və tam mənasında böyük xanəndə
idi. O, xanəndəlik sənətində yeni bir dövr açmaqla, eyni zamanda bu
sənəti yüksək bir pilləyə qaldırmışdı. Hacı Hüsü nəinki muğam
oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün
sahələrində böyük ustad idi. O, qədim xalq musiqisini sonsuz bir
məhəbbətlə sevirdi. Şərq, eləcə də Azərbaycan səhnəsi Hacı Hüsünün
səsindən də qüvvəli, lirik-dramatik tenor tipli səslər çox
görmüşdü. Lakin bütün Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli
tembr gözəlliyinə malik olan ikinci bir incə və təravətli səs
olmamışdı.
Fizioloji cəhətdən Hacı Hüsünün səsi fenomen deyildi. Lakin bu
səs bədii fenomen kimi təkrarolunmazdı.
Hacı Hüsü olduqca zəngin və hərtərəfli yaradıcılıq diapazonu
olan müğənni idi. Onun böyük sənəti təkcə Azərbaycanda deyil, bütün
Yaxın və Orta Şərqdə məşhur olmuşdu. Onu başqa sənətkarlardan
ayıran cəhətlərdən biri də onun son dərəcə təbii istedada malik
olması idi. Hacı Hüsüdə olan zəngin ifaçılıq fantaziyası və
improvizo elementləri başqa xanəndələrdə olmamışdı.
Hacı Hüsü qoca Şərqin Sədi, Hafiz, Ömər Xəyyam və Füzuli kimi
nəhəng klassiklərinin lirik əsərlərini ilham və məhəbbətlə
oxumuşdu. Onu gözəlliyin və azadlığın çarçısı adlandırmışlar. Hacı
Hüsü el arasında məşhur olduğundan xalq yaradıcılığında onun
haqqında çoxlu nağıllar, əfsanələr və rəvayətlər yaradılmışdı.
Deyilənə görə, Hacı Hüsü Sadıqcan ilə İsa bulağında çalıb
oxuyarkən onun incə səsindən ruhlanan bülbüllər gəlib onun çiyninə,
papağına, tarın üstünə qonar və oxuyarmışlar...