Elə çox sevdiyimiz filmlər var ki, filmin sonunda əsas
qəhrəmanlarımız ya ayrılır, ya da ikisindən biri ölür. Biz o
filmlərə olduğu kimi baxıb, sevsək də, etiraf edək ki, hamımızın
ürəyindən filmin sonunun "Happy End"lə - xoş sonluqla bitməsi
keçib. Eyni filmə hər dəfə baxanda ürəyimizdən, "Kaş ki, Təhminə
ölməyəydi, kaş Cek okeanda boğulmayaydı..." kimi fikirlər az
keçməyib...
Sizə xoş sonluqla bitməsini arzuladığımız 5 filmi təqdim
edirik.
1. Pet O'Konorun çəkdiyi, büdcəsi $40.000.000, premyerası 11
fevral 2001-ci ildə olan Şirin Noyabr (Sweet
November) filmi siyahıda birincidir.
Sara (Şarliz Teron) kişilərin yaxşı xüsusiyyətlərini ortaya
çıxaran cazibədar bir xanımdır. Nelson (Kianu Rivz) isə Saranı
görənə qədər, sadəcə, hesabları ilə maraqlanan, işdən başqa bir şey
düşünməyən bir kişi. Bir-birlərindən təsirlənirlər, ancaq tam
olaraq bağlanmağa hazır olmadıqları üçün çox da öyrəşməyəcəkləri
qədər münasibətə başlayırlar. Cəmi bir aydan sonra hərəsi öz yoluna
gedəcəkdi. Ümid yox, təzyiq yox, əlaqə yoxdur. İkisinin də nəzərə
almadığı bircə şey vardı: eşq... Çılğınca yaşanan eşq, Saranın
gizlətməyə çalışdığı xəstəlik və ayrılığa gətirib çıxaran vaxtsız
ölüm...
2.Sonunun "Happy End"lə bitməsi istənilən ikinci film
"Nyu Yorkda payız"dır (Autumn in New York). Baş
rollarını Riçard Gir və Vaynona Rayderin paylaşdığı "Nyu Yorkda
payız" 2000-ci ildə Con Çenin çəkdiyi, ABŞ istehsalı olan 103
dəqiqəlil romantik-darm filmidir. Film, yaşlanmaqda olan şorgöz Vil
Kinlə gənc, amma ölümcül xəstəliyə tutulmuş Şarlotta Fildinqin
eşqindən bəhs edir. Vil Şarlottayla keçirdiyi bir gecədən sonra
Şarlottadan ona bağlanmamağı xahiş edir. Amma sonra hər şey
dəyişir, Vil Şarlottaya aşiq olur. Şarlotta isə ona güvənmir. Daha
sonra yaşanan ehiraslı sevginin ardından soyuq ölüm və ayrılıq
gəlir…
3.Azərbaycan filmləri arasında çox sevdiyimiz iki film var ki,
təsadüfdən yoxsa zərurətdəndir, hər ikisinin də baş rolunu gözəl
aktyorumuz Fəxrəddin Manafov oynayıb. Hər ikisinin də sonunun
"Happy End"lə bitməsini istədiyimiz bu filmləri üçüncü sırada
görürəm. Rasim Ocağovun çəkdiyi bu filmlər:
"Təhminə" və "Ölsəm bağışla"dır.
"Ölsəm bağışla" filmi məhəbbət və ölüm haqqındadır. Yusif
(Fəxrəddin Manafov) müharibədən sonra xəbər tutur ki, atası haqsız
məhkum edilib, sevdiyi qız - Gülya (Gülzar Qurbanova) onu
gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı,
yoxsa yenidən mübarizə aparmalı?
Filmin sonunda qəhrəman ölür. Lakin onun qəlbi hər cür natəmiz
fikirlərdən təmizlənir. Axı o, ölümündən bir qədər əvvəl
sevilib-sevirdi...
Ssenari müəllifi Anar olan "Təhminə" filmində isə hamımızın
bildiyi kimi söhbət Zaurla (Fəxrəddin Manafov) Təhminənin (Meral
Konrat) uğursuz məhəbbət tarixçəsindən gedir.
4.Beşinci sırada görülən sonu kədərli bitən film
"Titanik"dir. Bu film Ceyms Kameronun
rejissorluğu, ssenaristliyi ilə 1997-ci ildə çəkilən epik-romantik
filmdir. Filmin sujeti hamımıza məlumdur, baş rolları Leonardo Di
Kaprio (Cek) və Keyt Vinslet (Roz) oynayır. Cek qısa müddətdə
yaranan böyük sevgisi uğrunda canını fəda edir.
5.Çox sevilən filmlərdən biri İran kinematoqrafiyasının məhsulu
olan "Uzun gecə" filmidir. Baş rolları Ququş və
Səid Kəngəraninin oynadığı filmin rejissoru Pərviz Səyyaddır.
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş)
adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun
müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz
qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir.
Pərvanə getdikcə bütün həyatının mənasız olduğunu dərk edir. Artıq
səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır
ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya
müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda
Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə
sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü
anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona
yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər
başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə
baş verməmiş kimi yoluna davam edir.
Biz bəlkə də bu filmləri elə tragik sonla bitdiyi üçün sevirik.
Hollivud filmlərinin dəbdə olduğu, demək olar baxdığımız bütün
filmlərin "Happy End"lə bitdiyi dövrdə belə filmlər bizə gerçək
həyatın ən yaxın olan üzünü göstərir. Həyat filminizin "Happy
End"lə bitməsi arzusuyla…