Gəncə xanı Cavad Xan Azərbaycan tarixinin qəhrəmanlıq
səhifələrindən biridir.
Axar.az Gəncənin işğalında iştirak etmiş rus zabitinin Cavad
Xanın həyat yoldaşı ilə bağlı xatirəsini təqdim edir:
"Əgər Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o, qəhrəman
tatar (azərbaycanlı) xanın qəhrəman zövcəsinin qılıncından salamat
qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdi.
Bu hadisədən sonra Sisianov dərhal çölə çıxıb, lakin rəngi qaçıb.
Mən tatar arvadının əynində çərkəzi paltar, üstündə xəncər, əlində
ərinin qılıncını gördüm. Qılınc tanış idi. Onun zəhmli əri o
qılıncla mənə zərbələr endirmişdi, xanın qılıncı atraksionlar kimi
oynayırdı, daha doğrusu, elə bil, rəqs edirdi. Mən onun "oyun"una
dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də
əsgərlərdən birini məni əvəz etməyə çağırdım, özüm "oyun"dan
çıxdım...
İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı
verməyə gəldik. O, başdan-ayağa qara paltarda idi, bizə qatil kimi
baxırdı. Buna onun haqqı vardı. Biz ona pul təklif etdik. O, cavab
verməyə tələsmədi, yanındakı qızı çağırıb nəsə dedi. Qız dərhal yan
otağa keçdi. Əlində bir kisə ilə qayıdıb gəldi. Bu, pul kisəsi idi.
Xanın arvadı kisəni götürüb generalın qarşısında dayandı və düz
onun gözlərinin içinə baxıb astaca nəsə dedi. Birdən dəhşət baş
verdi, o, gözlənilmədən pul kisəsini generalın üzünə çırpdı. Qızıl
onluqlar Pavel Dmitriyeviçin alnına, gözünə, burnuna, ağzına dəyib
ayaqlarına töküldü. General başını aşağı əyib yerə tökülmüş qızıl
pullara acgözlüklə baxanda, xanım mənalı bir tərzdə nifrətlə
gülümsədi. General azdan-çoxdan qafqazlı adətinə bələd olduğu üçün
Bəyim xanıma cavab vermədi, əlindəki pulu qaytarıb cibinə qoydu,
qapıdan çıxanda nə isə fikirləşib geri qayıtdı, astanada dayanıb
həmin pulları səpələdi, qadın pullara baxmadı, onları
ayaqladı..."
Qeyd edək ki, bu xatirəni Müvəkkil Hüquq Mərkəzinin sədr müavini
Mobil Vəkiloğlu Feysbuk səhifəsində paylaşıb.