Görünür, tərəqqi elə bu imiş...
Nasist Almaniyası Ziqmund Freydin kitablarını inkvizisiya edəndə
bəlkə Freyd özünün edamını daha çox istəyirdi. Belə düşünməsəydi,
"Orta əsrlər olsa, özümü tonqala atardılar, çox təəssüf ki, indi
təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə bu imiş", -
kəlamını işlətməzdi. Haqqında danışacağımız şəxslər isə Freyd kimi
"şanslı" olmayıb...
Onsuz da öləcəyəm, siz sadəcə, bunu
tezləşdirirsiz
Tarixin xoşbəxt, həyatın bədbəxt insanlarından biri də edam
edilmiş yunan filosofu Sokratdır. Sözü açıq və üzə deməyi sayəsində
Sokrat özünə çoxlu düşmən qazanmışdı. Xüsusən, varlılar onu
sevmirdilər. O, sofistləri heç sevmirdi.
Sokrat sofistləri belə təqdim edirdi: "Qadın gözəlliyi dəyərdir.
Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist
deyirlər".
Bu sözlər onun sonralar elə sofistlərin sayəsində edama məhkum
edilməsinə səbəb olub. Onu gəncləri pozmaqda və yeni ilahlar
yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı
demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum
edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif
etsələr də, bunu qəbul etməyib. Ölümdən öncə keçirilən məhkəmədə
belə, o özünü müdafiə etməyə çalışmayıb. Hətta məhkəmədə son söz
əvəzi "mən onsuz da bir gün o düyaya gedəcəm, siz sadəcə bunu
tezləşdirirsiz. Mən əgər bir də dünyaya gəlsəm, yenə də eynən bu
cür davranardım", - deyir. Sokrat o dövr üçün ən məşhur ölüm
cəzalarından birinə məhkum edilir. Onun bədəninə iynə ilə zəhər
vururlar. Lakin o ölüm qabağı çox deyib-güldüyündən "həkimlər"
xüsusilə onun üçün normadan artıq zəhər hazırlamaq məcburiyyətində
qalırlar. Sokratın ölüm qabağı son sözü bu olub: "Asklepi üçün bir
xoruz qurban kəsməyi unutmayın". Asklepi qədim yunanlarda müalicə
allahı sayılırdı. Zəhəri həkimlər Asklepinin yardımı ilə icad
ediblər. Ona görə bir qurban kəsməyə dəyərdi.
Qoy nifrət etsinlər, təki qoxsunlar
Digər ölümə məhkum edilən və ya sui-qəst nəticəsində vəhçicəsinə
öldürülən şəxsiyyət isə bəlkə də bu cəzaya layiq idi. Heç kəs
bilməzdi ki, bir vaxtlar taxta sahib olduğu üçün şərəfinə yüz
altmış min qurban kəsmiş xalqın sevimlisi olan bu insan sonradan
elə onu seçən xalq tərəfindən məhv ediləcək. Bu Roma tarixində
misilsiz qəddarlığı və əxlaqsızlığı ilə ad çıxarmış tarixə Kaliqula
adı ilə düşən Qay Yuli Sezar Germanik idi. O, əxlaq cəhətdən çox
"unikal" adam olub. Bütün sektorlar üzrə əxlaqı məhv edən davranış
sərgiləyirdi. Kişilərin şəxsi qüruru sındırılırdı, hamı ona
yaltaqlanmalı, əyilməli idi. Var-dövləti, pulu tanrı səviyyəsinə
qadırmışdı. Tək özünə yox, ailə üzvlərinə də yaltaqlanmaq lazım
idi. Məişət əxlaqı cəhətdən də Romada çox iyrənc bir ənənənin
əsasını qoydu. O, gözü tutan qadınların birini də rahat buraxmazdı.
Germanik xalqın qəzəbinə tuş gəlməkdən qorxmurdu, əksinə bunun üçün
xüsusilə çalışırdı. Onun bir devizi vardı "qoy nifrət etsinlər,
təki qoxsunlar". Vaxt ötür, qorxan xalq arasında itaət etməyənlər
repressiyaya məruz qalırlar. Ölkəni edam dalğası cənginə alır. O,
atasının hakimiyyəti illərində sürgündən sağ qayıtmış birindən
soruşur: "Siz orada neyləyirdiniz?" Qoca isə yaltaqcasına cavab
verir: "Dua edirdik ki, atanız ölsün və onun yerinə hakimiyyətə siz
gələsiniz". Bu Qay Germanikin yadına düşəndə "Demək, mənim sürgün
etdirdiklərim də mənim ölümümü arzulayır" düşünür və sürgündən
gələnlərin hamısını qətlə yetirir. Bunlar artıq xalqı cana
doydurmuşdu. Xüsusilə də zadəganlara, yüksək zümrə adamlarına çox
zülmlər verdiyindən hamıda qısas hissi oyanmışdı. Deyilənə görə, o
da Yuli Sezar kimi ölümqabağı yuxusunu qarışdırır. Nəhayət, o gün
gəlib çatır və 24 yanvar 41-ci ildə hökmdar səhər yeməyinin ardınca
teatra "Katullun" pyesinə baxmağa gedir. Yeraltı keçiddə
sui-qəsdçilər onu dövrəyə alır. Onlardan biri "hoc age" (qurban
verilən zaman deyilən formula) qışqırıb xəncəri boynunun ardına
saplayır. Növbəti zərbə sinəsinə vurulur. Bundan sonra ölmüş
imperatora otuza qədər zərbə endirilir. Bir qədər sonra evində
arvadı Sezoniyanı doğrayırlar. Qızının isə başını divara vurub
öldürürlər.
Tonqalda yanmağa getdiyim halda qorxmuram
O, əsl qəhrəman, elm fədaisi, gözəl mühazirəçi və istedadlı
yazıçı idi. Böyük İtalyan mütəfəkkiri Cordano Bruno hardan bilərdi
ki, bir gün onu düşüncələrinə görə edam edəcəklər. Valideynləri onu
yeniyetmə ikən monastıra vermişdilər. Lakin Cordano hələ uşaq
yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə
yox, elmə həsr edirdi. Bruno monastır başçılarından gizlin Nikolay
Kopernikin kitabını oxuyur. Və başa düşür ki, dini dünyagörüş yalan
və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır
başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno
monastırdan qaçmalı oldu. Bundan sonra onun üçün təhlükəli, lakin
parlaq və əsl gəncə layiq qaynar həyat başladı. Artıq sevdiyi
İtaliyada yaşaya bilməzdi. Çünki katolik və protestant ruhaniləri
alimi rahat yaşamağa və işləməyə qoymurdular.
16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada yaşamq
məcburiyyətində qalır. Lakin vətəndən çox uzaq qala bilməyib,
İtaliyaya qayıdır. Gəlişi ilə xainlər tərəfindən satılmağı eyni
vaxta təsadüf edir. Kilsə məhkəməsinin əlinə keçir və səkkiz il
dəhşətli işgəncələrlə məruz qalır. Lakin çəkdiyi ağrılar onu
fikrindən döndərmir. Onunla bacara bilməyəcəyini görən kilsə
məhkəməsi İtaliya və digər Avropa ölkələri üçün məşhur olan
inkvizisiya (tonqalda yandırma) cəzasına məhkum edilir. Hətta onu
tonqalda yandırmağa apararkən belə cəlladlara "siz hökmü oxuyarkən
belə səsiniz əsir, mən isə tonqalda yanmağa getdiyim halda
qorxmuram", - deyir. O, 1600-cü ildə xalqın gözü qarşısında
qanunsuz kilsə məhkəməsinin qərarı ilə tonqalda yandırılır.
Sonralar Cordano Brunonun edam edildiyi yerdə, indiki Romanın
Güllər meydanında alimə heykəl qoyulur.
Edam edilən cəsəd
Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu
bilməyən hərbi qüdrətinin və müasir dünya parlamentar
demokratiyasının banisi Oliver Kromvel də edama məhkum
edilənlərdəndir. Lakin bu edam növü bircə ona tətbiq edilib və
demək olar ki, ondan başqa heç kəs bu cür edam edilməyib. Muzdlu
döyüşçü olan Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq
qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq edib.
İngiltərə parlamenti ilə I Karl arasında konflikt başlayanda bu
Oliver Kromveli də narahat etmişdi. Beləliklə, parlament
tərəfdarları ilə royalistlər (kral tərəfdarları) arasında vətəndaş
müharibəsi (İngiltərə burjua inqilabı) başladı. Hakimiyyət uğrunda
gedən qanlı döyüşlər zamanı hər iki tərəf tam qələbə qazana bilmir.
Lakin 10 iyul döyüşlərində kral I Karl məğlub olub ölkədən qaçır.
Çox keçmir ki, Kromvelin əleyhinə olan parlament üzvləri kralla
danışığa girirlər. Lakin bu Kromvelin məğlubiyyəti demək deyildi.
O, Londona girib kralı həbs edir və məhkəmə qurub kral I Karlı
xalqın gözü qarşısında edam edir. İngiltərədə krallıq ləğv edilir
və respublika elan olunur (1649). Ancaq bu, daha çox hərbi
diktatura idi. Bununla da Şotlandiya və İrlandıyanın işğalına
başlanılır. Şotlandiyanı ram etdikdən sonra gözlənilmədən Kromvel
ona təklif edilən krallıq taxtından imtina edib, özünü
lord-profektor elan edir. Hakimiyyətdə çox qala bilməyən diktator
Kromvel beş ildən sonra vəfat edir. Və əsas məsələ də elə bundan
sonra başlayır. Vətəndaş müharibəsi zamanı edam edilən kral I
Karlın fransaya qaçan oğlu II Karl İngiltərəyə qayıdıb kral
seçilir. Atasını edam etdirən və özünün ölkədən didərgin düşməsinə
səbəb olan Oliver Kromveldən qisas ala bilmədiyinə görə onun nəşini
qəbrindən çıxartdırıb edam etdirir və edam edilmiş cəsədi isə
yenidən basdırtdırır.
Ölüm ayağında qurtuluş
Ölümə getdiyin an hökmün qaldırıldığını eşitmək yenidən
doğulmağa bərabər sevincdi. Ölümqabağı həyatı üzünə gülənlərdən
biri də dahi rus mütəfəkkiri, rus ədəbiyyatının əfsanəsi dahi
yazıçı Fyodor Dostoyevskidir. Bir o qədər də zəngin uşaqlıq
yaşamayan yazıçı gənclik illərində yazdığı ilk romanı sayılan
"Alçaldılmış və təhqir olunmuşlar"dan sonrakı romanlarında bir o
qədər də uğur qazanmadığına görə yazıçılığı bir müddət buraxıb
siyasətlə məşğul olur. Onu edama aparan yol da elə buradan
başlayır. 1849-cu ildə adı dövlət əleyhinə sui-qəsdə qarışdığı
iddiası ilə həbs edilir. Onun çevrilişə cəhd edən bir neçə insanla
dostluq etdiyi məlum olur. Dostoyevski və qrupa daxil olan digər 20
nəfər petroşevskiçi həbs edilir və edama məhkum edilir. Dekabr
ayının 22-də həmin qrupa daxil olan fəallarla birgə Fyodor da
güllələnmək üçün Semyonevski sahəsinə aparılır. Güllənəcəyi zaman
ölüm hökmü həbs cəzası ilə əvəzlənir və Dostoyevski ilə bərabər 8
yoldaşı həbs edilib sürgünə göndərilir. Cəzası dörd il kürək, altı
il də adi həbsə çevrilir. Cəzasını çəkməsi üçün Sibirdə olan Omsk
Həbsxanasına göndərilir. Burada keçirdiyi dörd ildən sonra ər
rütbəsi ilə xidmətə verilir. Zabitliyə qədər yüksəlir. Beş il
boyunca vəzifəsini yerinə yetirən Dostoyevski 1859-cu ildə azad
edilir və Peterburqda yaşamağa başlayır. Bu da onun siyasətdən
birdəfəlik ayrılmasına və ömrünün sonuna qədər yazıçılıqla məşğul
olmasına səbəb olur.