Axar.az Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri,
akademik Kamal Abdullayevin müsahibəsini təqdim edir:
- Noyabrın 1-də Qafqaz Universitetində "Azərbaycan
multikulturalizmi" Elm-Tədris Mərkəzinin açılmasını necə
qiymətləndirirsiniz?
- Bu, çox ciddi və qarşısında böyük hədəfləri olan bir
mərkəzdir. Ciddiliyi ondadır ki, Prezident İlham Əliyevin qarşımıza
qoyduğu hədəflərə doğru bir addım da atdıq. Azərbaycan təhsil
sisteminin çox önəmli bir nöqtəsində - Qafqaz Universitetində
"Azərbaycan multikulturalizmi" Elm-Tədris Mərkəzinin yaranması ilə
faktiki olaraq Azərbaycan tədrisinin multikultural və tolerant
ənənələr ətrafında formalaşmasına doğru gedən daha bir yola çıxdıq.
Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində özünəməxsus yer
tutan təhsil müəssisəsidir. Güman edirəm ki, məhz burada
multikulturalizmin elm və tədris bazasının yaradılması bu
universitetin umumi ideologiyasına böyük fayda verəcək. Bu gün
"Azərbaycan multikulturalizmi" Elm-Tədris Mərkəzində çalışanlar
universitetin tədris auditoriyalarına Azərbaycanda xüsusilə, son
dövrlərdə qəti şəkildə formalaşan multikultural ideyaların
daşınmasına kömək edəcək. Bu, çox vacib məsələdir.
Bilirsiniz ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın
20-dən artıq universitetində Azərbaycan multikulturalizmi fənnini
uğurla tədris edir və bu say artan xətlə davam edəcək. Müxtəlif
xarici universitetlər artıq özləri bizə bu fənnin tədrisi ilə bağlı
müraciətlər edirlər. Qafqaz Univeristetində açılan Elm-Tədris
Mərkəzinin bir funksiyası da həmin universitetlərin Azərbaycan
multikulturalizmi fənninə aid ədəbiyyat, dərs vəsaitləri, fənni
yüksək keyfiyyətlə tədris edən müəllimlər və mütəxəssislərlə təmin
edilməsi olacaq. Bu dərslərin təmin edilməsi asan yolla başa
gəlmir. Bu sıraya müəllim hazırlığı, elmi-metodik vəsaitlər
daxildi. Bundan sonra bu işlərlə həm də bu Elm-Tədris Mərkəzi
məşğul olacaq.
Mərkəzin açılışından sonra 16 Noyabr – Beynəlxalq Tolerantlıq
Günü münasibətilə Qafqaz Universitetində keçirilən tədbir zamanı
orada necə savadlı, istedadlı gənclərin və dünyəvi, bəşəri dəyərlər
üstündə köklənmiş niyyətlərin olduğuna şahid olduq. Bütün bunlar
bizə əsas verir ki, biz bu ali təhsil ocağında və digər
universitetlərimizdə Azərbaycan xalqının təbiətinə, ruhuna xas olan
dəyərlərin yaşadılmasına və inkişaf etdirilməsinə daha çox dəstək
verək.
- Gələcəkdə bu Elm-Tədris Mərkəzinin kafedraya
çevrilməsi planlaşdırılırmı?
- Elm-Tədris Mərkəzi faktiki olaraq kafedra və elmi-tədqiqat
laboratoriyasının birgə fəaliyyəti deməkdir. Elm-Tədris Mərkəzinə
professor Həbib Zərbəliyev rəhbərlik edəcək. O, bundan əvvəl
Azərbaycan multikulturalizmi fənnini İndoneziyada tədris edən
pedaqoqdur və multikulturalizm dəyərlərini dərindən mənimsəmiş
mütəxəssisdir. Onun rəhbərliyi ilə Mərkəz bu istiqamətdə həm
nəzəri, həm praktik baxımdan qarşıda duran vəzifələrin həlli ilə
məşğul olacaq.
- Hazırda xarici ölkə universitetlərində "Azərbaycan
multikulturalizmi" fənnini azərbaycanlı və xarici mütəxəssislər
tədris edirlər. Amma say baxımından hələ ki, azərbaycanlı
mütəxəssislər üstünlük təşkil edir. Gələcəkdə tədris prosesində
xarici ölkə mütəxəssislərinin sayının artırılması nəzərdə
tutulurmu?
- Bu gün multikultural dəyərlərimizi tanıtmağın, öz
həqiqətlərimizə kimlərisə inandırmağımızın ən doğru, düzgün və
intellektual yollarından biri məhz "Azərbaycan multikulturalizmi"
fənninin xarici universitetlərdə tədrisidir. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi bu layihəni uğurla həyata keçirir. Bu
fənni tədris edən pedaqoqların hazırlanması prosesindən başlayaraq,
onun dərs deyəcəyi xarici ölkəyə göndərilməsi prosesi, dərsin
gedişatı prosesində oraya monitorinq məqsədilə mütəxəssislərin ezam
edilməsi və sonra tədrisin getdiyi xarici ölkə universitetlərindən
tələbələrin multikulturalizm yay və qış məktəblərinə dəvət olunması
- bütün bunlar Multikulturalizm Mərkəzinin vəsaiti və köməyi ilə
həyata keçirilir. Bu iş gələcəkdə daha da genişləndiriləcək. Bu gün
elə xarici ölkə universitetləri var ki, orada bu fənni yerli
univeristetin Azərbaycanı tanıyan, sevən və bizə inanan
müəllim-professor heyəti öz öhdəsinə götürüb. Məsələn, Almaniyanın
Auqsburq, Portuqaliyanın Lusofona, Rusiyanın Yekaterinburq
universitetlərində yerli professorlar bu dərsi keçirlər. İtaliyada
da biz buna doğru gedirik. Bu, həm də xarici ölkə mütəxəssisləri
ilə əlaqələrin daha da möhkəmlənməsini, həmin auditoriyanın
müəlliminə olan inamının daha da yüksək olmasını təmin edir, eyni
zamanda həmin ölkənin və Azərbaycanın multikultural dəyərlərinin
bir yerdə paralel müqayisəli təhlilinə imkan verir. Başqa ölkələrin
və xalqların öz multikultural ənənələrini daha dərindən öyrənməsi,
həmçinin öz keçmişlərinə, əldə etdikləri dəyərli nailiyyətlərə bir
daha nəzər salması baxımından bu gün Azərbaycan multikulturalizmi
katalizator rolunu oynayır.
- Azərbaycan multikulturalizm modelinin təbliği və
təşviqi məqsədilə beynəlxalq multikulturalizm yay və qış
məktəblərinin təşkilinin ölkəmizə hansı nəticələr qazandırdığını
söyləmək olar?
- Yay və qış məktəbləri Azərbaycan multikulturalizminin təbliği
və təşviqi prosesi ilə yanaşı, ölkəmizə yeni dostlar qazandırmaq
istiqamətində böyük bir platforma rolunu oynayır. Məhz beynəlxalq
multikulturalizm yay və qış məktəblərinin təşkilindən sonra
Azərbaycanın Gənc Dostları Klubu İctimai Birliyi yarandı. Birliyin
yüzlərlə üzvü və beynəlxalq auditoriyaya hesablanmış saytı var.
Azərbaycan həqiqətlərinə ağız büzən, inanmayan, tənqid edən
böhtancı qüvvələrə qarşı bizlərdən öncə Birliyin üzvləri -
Azərbaycanın Gənc Dostları Amerikada, Avropada öz səslərini
ucaldırlar. İndi dünyada ölkəmizin həqiqətlərini Azərbaycanın
dostları müdafiə edir .
- Azərbaycanın Gənc Dostları Klubunun sosial bazasının
daha da genişlənməsi üçün hansı addımların atılmasını zəruri hesab
edirsiniz?
- Hesab edirəm ki, bu gənclərlə, tələbələrlə ünsiyyəti
"Azərbaycan multikulutralizmi" fənninin tədrisi prosesi bitəndən
sonra da davam etdirmək vacibdir. Vaxtaşırı onları Azərbaycanda
olan tədbirlərə, layihələrə cəlb etməyi düşünürük. Həmin gənclər
ölkəmizdə öz gözləri ilə şahid olduqları multikultural durum
haqqında ailəsinə, dostlarına, tanışlarına məlumat verərək ölkəmizi
sevənlərin sayının artmasına səbəb olurlar. Onlar öz gözləri ilə
gördükləri və inandıqları doğruları öz dostlarının da həqiqətinə
çevirməyi bacarırlar. Bakı Beynəlxalq Multikulutralizm Mərkəzi 16
noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçiriləcək
təntənəli mərasimə Azərbaycanın Gənc Dostlar Klubunun üzvlərini də
dəvət edib. Düşünürəm ki, onların Azərbaycanla əlaqəsini ömür boyu
davam etdirmək lazımdır.
- Qafqaz Universitetindəki tədbirdə çıxış edərkən qeyd
elədiniz ki, təqvimdə "Multikulturalizm ili" başa çatsa da,
multikultural əhval-ruhiyyə davam edir və edəcək. Bu əhval-ruhiyyə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxın zamanlarda daha
hansı yeni layihələrində özünü göstərəcək?
- Prezident cənab İlham Əliyevin 2016-cı ili ölkəmizdə
"Multikulturalizm ili" elan etməklə, əlbəttə ki, bu hadisəyə, bu
fenomenə çox böyük siyasi qiymət verdi. Və eyni zamanda Azərbaycan
cəmiyyətini multikulturalizm ideyaları ətrafında müzakirələr
aparmağa, bir araya gəlib görüşməyə, fikir mübadiləsi aparmağa və
daha dəqiq orientlərə çıxmağa bir növ daxilən səfərbər etmiş oldu.
Məndə qəti bir inam var ki, təqvim ili sona çatandan sonra
cəmiyyətdə həm bu il, həm də bundan əvvəlki illər, hətta əvvəlki
əsrlərdən bəri intuitiv şəkildə toplanan, bəlkə özümüzdən də
xəbərsiz canımıza yığışan o multikultural və tolerantlıq enerjisi
gələcəkdə də davam edəcək. İndiyə qədərki layihələrimiz – ölkə və
xarici universitetlərdə tədris, yeni-yeni kitabların çapı, həmçinin
ilk sayından böyük marağa səbəb olmuş "Multikulturalizm" jurnalının
fəaliyyəti davam etdiriləcək.
Bugünlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi daha yeni
bir layihəyə imza atır. Artıq Multikulturalizm Mərkəzinin nəzdində
elmi-metodiki seminar yaradılıb. Bu seminar faktiki olaraq
Azərbaycan multikulturalizminin "Multikulutralizm ili"ndə və ondan
əvvəl əsrlər boyu əldə etdiyi nailiyyətlərin təhlili,
qiymətləndirilməsi və gələcək perspektivlərə uyğunlaşdırılması,
əldə etdiyimiz uğurların işığında yeni hədəflər müəyyənləşdirib
onları gerçəkləşdirməyin yolları məsələləri ilə məşğul olacaq.
İndiyədək Azərbaycan multikulturalizmi haqqında dəyərli fikirlərin
müəlliflərinin, Azərbaycan multikulturalizmi fənnini ölkə
universitetlərində tədris edən mütəxəssislərin, Azərbaycan
multikulturalizminin dostlarının və multikulturalizmin ab-havasında
yaşam tərzini qurmaq istəyən insanların daxil ediləcəyi
elmi-metodiki seminara professor Etibar Nəcəfov rəhbərlik edəcək.
Seminarın ilk mövzusu artıq bəllidir: "Ulu öndər Heydər Əliyev
Azərbaycan multikulturalizminin siyasi banisidir". Eyni zamanda biz
ilk seminarda akademik Ramiz Mehdiyevin Bakıda keçirilən Beynəlxalq
Humanitar Forumla bağlı "V Bakı Beynəlxalq Humanitar Forumu
cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən
dünya miqyaslı məkandır" adlı məqaləsinin təhlilini nəzərdə
tutmuşuq.
Görəcəyimiz işlər, həyata keşirəcəyimiz önəmli layihələr gələn
illərdə də davam edəcək, yeni-yeni "Azərbaycan multikulturalizmi"
elm-tədris mərkəzlərinin açılması, bölgələrdə gənclərin
məşğulluğunun təmin edilməsi və multikulturalizm ideyalarının daha
dərindən aşılanması məqsədilə peşəyönümlü Yaradıcılıq
fakültələrinin təşkili nəzərdə tutulur. Bütün bunların həyata
keçirilməsində məqsəd sevgi, mərhəmət, şəfqət hissləri üzərində
bərqərar olan Azərbaycan multikulturalizminin ali dəyərlərinin
işığında cəmiyyətdə münasibətlərin daha gözəl səviyyəyə
çatdırılması, gənclərin müəyyən peşələrə yiyələnib işlə təmin
olunmasıdır. Bu multikulutral dəyərlər əsrlərdən bəri Azərbaycan
ədiblərinin yaradıcılığında öz əksini tapıb. Multikulturalizm
ideyaları humanitar təmayüllü ixtisaslarla yanaşı, daha çox
texniki, dəqiq elmlər sahəsində təhsil alan, peşə öyrənən gənclər
arasında təbliğ olunmalıdır. Azərbaycan multikulturalizminin əsas
ideyası heç bir fərqliliyə baxmadan bir-birini sevmək və mərhəmət
göstərməkdir. Məhz bunun sayəsində cəmiyyətin əmin-amanlığı və
rifahı təmin oluna bilər.