Axar.az tanınmış şair, tədqiqatçı alim Bilal Alarlı ilə
müsahibəni təqdim edir:
- Bilal bəy, oxucu qıtlığına səbəb nədir, niyə sovet
dönəmində bədii əsərlərin satışı, oxunması indikindən qat-qat yaxşı
idi?
- Əslində, Azərbaycanda sovet dönəmində də mütaliənin səviyyəsi
yüksək olmayıb. Əlbəttə, indikinə nisbətən kitabxanalara gəliş və
kitab oxunuşu kafi idi. Macəra, sentimental və sair bu kimi
kitablar alınır və oxunurdu. Teodor Drayzer, Cek London, Viktor
Hüqo, Heminquey, Tolstoy kimi yazıçılar müəyyən təbəqənin oxu
dairəsinə mənsub idi. Onlara geniş şəkildə ötən yüzilliyin 70-80-ci
illərində müraciət olunurdu. Sonra bu maraq da qapandı.
- Axı deyirlər, o illərdə mütaliəyə maraq daha çox
olub.
- O dövrlər fəal oxucu qrupuna tələbələr, nisbətən orta
məktəblərin yuxarı sinif şagirdləri daxil idi. İndi də belədir,
Azərbaycanda fəal oxucu qrupunu məhz bu təbəqə təşkil edir. Bu da
ixtisas seçimi və təhsillə bağlı olan bir haldır. Kütləvi oxucu
anlayışı get-gedə öz aktuallığını itirir.
- Bu, əslində, faciəli bir haldır.
- Əlbəttə, əhalinin oxuculuq qabiliyyəti zəifləyirsə, hansı
yüksək mənəvi keyfiyyətlərdən danışmaq olar?!
- Bu, niyə belə oldu? Sizin fikrinizi bilmək maraqlı
olardı.
- Məsələ burasındadır ki, ötən yüzilliyin sonlarından fərqli
olaraq, indi informasiya mənbələri çoxalıb. Radio və televiziyaya
internet əlavə olunub. Sosial şəbəkələr isə oxuyub-yazmağı bacaran
insanların asudə vaxtlarının xeyli hissəsini götürür. Mən özüm də
bu informasiya mənbələrindən istifadə edirəm. Açığını deyim, bir
gün sosial şəbəkədən əlim üzüləndə elə bilirəm, cəzirəliyə düşmüşəm
və böyük dünyada nələr baş verməsindən xəbərsizəm.
- Bu yaxşıdır, yoxsa pis?
- Yaxşı da olsa, pis də olsa, biz bu axınla gedirik. Ona görə də
ədəbiyyat da tədricən öz təbliğat imkanlarını texniki nailiyyətlərə
yükləyir. Amma bu da faktdır ki, bəşəriyyətin ən böyük kəşfi
kitabdır və kitab olaraq da qalacaq. Etibarlılığına, elmi və ədəbi
nailiyyətləri nəsillərdən nəsillərə ötürmək imkanlarının
genişliyinə görə kitab əvəzsiz mənbədir.
- Bilal müəllim, sizin mütaliənizin geniş olması
məlumdur. Üstəgəl, regionda yazıb-yaradan bir çox insanların
kitablarının dərcində, onların əsərlərinə elmi münasibət
bildirməkdə də xidmətiniz əvəzsizdir. Və bu, təkcə yaşadığınız
bölgə ilə kifayətlənmir.
- Mən indi də kitab mağazalarını gəzir, yeni kitablar alıram.
Sovet dönəmində ən ucuz kitab 3-5 qəpiyə, ən baha kitab isə 1-2
manata idi. Şəxsi kitabxanamda 10 mindən yuxarı kitab olub, onun
böyük əksəriyyətini pulla almışam. Amma kitabxanamda bağışlanmış
kitablar da çoxdur. Özüm də otuzdan yuxarı kitab yazmışam. Tədqiqat
xarakterli kitablarımı yazarkən 2-3 min kitab oxumuşam. Hazırkı
oxucu təbəqəsini də əsasən məqsədli mütaliə ilə məşğul olanlar
təşkil edirlər.
- İnsanlarımızın kitaba münasibətinin zəif olmasından,
oxumamasından, kitab almamasından şikayətlənirik. Dolanışıq bəzən
kitaba, qəzetə vəsait ayırmağa imkan vermir, amma oxumaq
istəyənlərimiz də yox deyil.
- Son vaxtlar kitabxanamda olan kitabları paylamaqla məşğulam.
Soruşa bilərsiniz ki, 40-45 ilə yığdığım kitablarla niyə belə
rəftar edirəm?! Birincisi, bu kitablar kitabxanamda qaldığı 40-45
ildə mənə lazım olmadısa, bundan sonra çətin ki, lazım ola!
İkincisi, mənə lazım olmayan (əlbəttə, lazım olmayan ifadəsi nisbi
xarakterlidir) kitablar kiməsə gərəkli görünür. Bəlkə də kimsə bu
kitabları çıraqla gəzir, tapa bilmir... Mən, əslində, bu işi
görməklə kitab təbliğatçısı kimi çıxış edirəm.
- Demək, mütaliə edənlərimiz azalsa da, kitaba maraqlı
olanlarımız heç də tükənməyib.
- Bu yaxınlarda yaşadığım Alar kəndində kitabxana binasının
təmirdən sonrakı açılışı oldu. Bu tədbirdə uzaq Rusiyadan, Bakıdan
nümayəndələr iştirak edirdilər. Hətta açılışa Mədəniyyət və Turizm
Nazirliyinin nümayəndəsi də gəlmişdi. Bir kənddə kitabxananın
açılışına belə yüksək qiymət verilirsə, demək, kitaba maraq
ölməyib.
- Demək...
- Demək, konkret olaraq, deyə bilərəm ki, cəmiyyəti kütləvi
mütaliəyə cəlb etmək artıq mümkün deyil. Kitabın arxasınca yalnız
bu kitaba ehtiyacı olanlar gəlirlər və gələcəklər.
- Bilal müəllim, gənc nəslin oxumağa marağı da bir
yazar, tədqiqatçı alim olaraq nəzərinizdən yayınmaz.
- Bilirsiniz ki, mən həm də ali məktəblərdən birində dərs
deyirəm. Müşahidələrim belədir ki, tələbələrin böyük əksəriyyəti
tədris olunan fənlə bağlı kitabları (yəni dərslikləri) axtarıb tapa
bilmir, yalnız mühazirəni yazmaqla kifayətlənir. Çünki ona
imtahanda kafi cavab verməyə mühazirə bəs edir. O ki qaldı bədii
ədəbiyyatın oxunuşuna, deyim ki, bu da olduqca aşağıdır.
- Sizcə, bu, niyə belə oldu?
- Bir yandan yazan çoxalıb, digər tərəfdən bədii keyfiyyətinə
görə dəyərli-dəyərsiz əsərlərə qiymət vermə səviyyəsi yetərincə
deyil. Bu da bədii zövqü korlayır. Həqiqi oxucu zamanın sınağından
çıxmış, yəni öz bədii dəyərini təsdiq etmiş əsəri oxumağa üstünlük
verir. Mən belə fikirdəyəm ki, bu, təbii prosesdir və bir müddət
belə də davam edəcək. Mənə etiraz edənlərə bircə faktı söyləyirəm:
İşlədiyim məktəbdə müəllimlər bircə qəzetə belə abunə yazılmayıb və
bunu onlardan tələb edən də yoxdur. Bədii kitaba isə hansısa
müəllim həmkarımın pul verdiyini görməmişəm. Əgər müəllim mətbuatı
izləmirsə, ildə bir bədii kitab oxumursa, onun şagirdlərindən hansı
mütaliə mədəniyyətini gözləmək olar?!