İyirmi nağıl – və əsrlər
boyu ölməzlik
Azərbaycan 2013-cü ildə ilk dəfə Beynəlxalq Uşaq
Kitabları Şurasının üzvü olub. Şuranın respublikamızdakı milli
bölməsinin təmsilçisi Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanasıdır. Kitabxana üzvü olduğu Beynəlxalq Uşaq Kitabları
Şurasının 2014-cü il üçün Hans Kristian Andersen mükafatına
respublikamızdan ilk dəfə uşaq yazıçısı Sevinc Nuruqızının
namizədliyini irəli sürüb. Hans Kristian Andersen mükafatı uğrunda
34 ölkədən 29 müəllif və 31 illüstrator mübarizə aparacaq.
Ölkəmizin nominantına bu müsabiqədə uğurlar
diləyirik.
Hans Kristian Andersen mükafatı 1956-cı ildə UNESCO-nun
Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurası (International
Board on Books for Young People — IBBY) tərəfindən
təsis edilib. Mükafat iki ildən bir, aprelin 2-də - Hans Kristian
Andersenin anadan olduğu gün təqdim edilir. 1967-ci ildə Beynəlxalq
Şuranın təşəbbüsü və qərarı ilə H.K.Andersenə böyük hörmət və
sevginin əlaməti olaraq 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü elan
edilib. Hər il IBBY-nin milli bölmələrindən biri bu
bayramın təşkilatçısı olur.
"Uşaq" müəllifləri üçün bu
mükafat – çox nüfuzlu beynəlxalq ödüldür. Onu çox vaxt "Kiçik Nobel
Mükafatı" da adlandırırlar. Mükafat yalnız həyatda olan,
yaşayıb-yaradan yazıçı və rəssamlara verilir.
Uşaqlara kitab verin...
Mükafatı təsis etmək ideyası dünya uşaq ədəbiyyatı sahəsində
xidmətləri olan mədəniyyət xadimi Elle Lepmana (1891-1970)
məxsusdur. E.Lepmanın bu sözləri çox məşhurdur: "Bizim uşaqlara
kitab verin və siz bununla onlara qanad vermiş olacaqsınız".
1956-cı ildən mükafat ən yaxşı uşaq kitabının müəllifinə
verilir. 1966-cı ildən onu həmçinin ən yaxşı rəssam-illüstratora da
verməyə başladılar. Mükafata iddialı olanların namizədliyi
IBBY-nin Beynəlxalq Uşaq Kitabları Şurasının milli
bölmələri tərəfindən irəli sürülür.
Laureatlar – yazıçı və rəssam – IBBY-nin konqresində
üzərində Hans Kristian Andersenin profildən surəti əks olunmuş
qızıl medalla təltif olunurlar. Bundan başqa, IBBY
Beynəlxalq Şuranın üzvü olan ölkələrdə yaxın zamanlarda nəşr olunan
ən yaxşı uşaq və gənclər üçün kitaba Fəxri diplom da təqdim
edir.
Nağıllar və hekayələr
Böyük Daniya nağılçısı kifayət qədər uzun ömrü boyu çoxlu
kitablar yazıb. İndi o kitabları mütəxəssislərdən başqa heç kim
oxumur və bilmir: pyeslər, şeirlər, yol qeydləri, romanlar,
"Həyatımın nağılı" kimi nostalji adı olan müfəssəl tərcümeyi-hal.
Andersen, elə doğrudan da, nağılın əsl mücəssəməsinə çevrildi.
Hər bir insanın mənəvi aləmi onun bütün həyatı ərzində
formalaşır. Şəxsi dünyagörüşünün karkasında (əsasında – tərc.)
həmişə bəzi nağıl (hətta daha geniş – folklor) mənşəli özüllər
olur. Uşaqlıqda nə vaxtsa bir dəfə qəlbinə düşən zamanla müəyyən
mənada dəyisşə də, ömürllük ürəyində qalır. Və qəlbimizin bu ilk
təməlində Andersenin nağılları mütləq şəkildə gümrah canlı həyatla
yaşayır. Bir anlıq həyatınızı "Düyməcik"siz, "Qar kraliça"sız,
"Çaxmaq daşı", "Su pərisi", "Yenilməz qalay əsgərcik", "Çirkin
ördək balası", "Vəhşi qu quşları", "Noxud üstündə yatan şahzadə
qız", "Kralın yeni paltarı" olmadan təsəvvür edin – mümkün
deyil!
Ömrü boyu dilicanda
"Uşaqlara söylənilən nağıllar" – yuxarıda adı çəkilən
şedevrlərin demək olar ki, əksəriyyətinin ilk dəfə işıq üzü gördüyü
toplu belə adlanırdı. Kitab iki cilddə birləşdirilmiş ayrı-ayrı
hissələr (hər cilddə üç hissə) şəklində yeddi il (1835-1842) çıxıb.
Əsərlərinin bəzilərini Andersen elə yoldaca yazmışdı. O, səyahət
etməyə çox həvəsli idi və bütün ömrü boyu dilicandan (keçmişdə
dördtəkərli minik arabası – tərc.) düşməmişdi. Yeni süjet axtarışı
onu daima harasa çəkib aparırdı. Onun arasıkəsilməz səyahətlərinə
dəniz də əngəl ola bilmirdi. Andersen, Dikkenslə məxsusi tanış
olmaq üçün İngiltərəyə getmişdi. İki böyük insan bir-birinin
gözlərinin içinə baxmış və hislər axını sel kimi aşıb-daşdığından
uşaq kimi ağlamışdılar.
Yazıçı özünün nağılçılıq istedadı haqqında belə yazırdı:
Tanınmaq - Simurq quşudur
"Uşaqlıqda nağıl və hekayələri dinləmyi xoşlayırdım; onların
çoxu yaddaşımda canlı şəkildə qorunub qalır; zənnimcə, bəziləri
mənşəyinə görə Daniya nağıllarıdır, bütünlüklə xalqımız arasında
baş vermiş əhvalatlardır. Başqa heç bir yerdə buna bənzər
əhvalatlara rast gəlməzsən. Solğunlaşmış çalarları fantaziyamın
köməyi ilə canlandırmaq üçün mən onları öz tərzimə uyğun söylədim,
onda lazım bildiyim hər cür dəyşiklik etdim. Dörd nağıl – "Caxmaq
daşı", "Kiçik Klaus və Böyük Klaus", "Noxud üstündə yatan şahzadə
qız" və "Yol yoldaşı" beləcə meydana gəldi. "Pis oğlan" nağılının
fabulası (ədəbi əsərin və onda təsvir edilən hadisələrin məzmunu –
tərc.), məlum olduğu kimi, Anakreontun şeirindən əxs edilib. Üç
nağıl - "Balaca İdanın çiçəkləri", "Düyməcik", "Su pərisi"
bütünlüklə yalnız mənim öz təxəyyülümün məhsulu olan əsərlərdir.
"…" Kiçik ölkələrdə şair həmişə yoxsul olaraq qalır, buna görə də
tanınmaq – şairin xüsusi olaraq ovuna çıxması lazım gələn
əfsanəvi Simurq quşudur. Baxaq görək, söylədiyim nağıllar onu
tutmağıma kömək edəcəkmi?"
İyirmi nağıl – və əsrlər boyu ölməzlik
Əlbəttə, yazılmış əsərlər xeyli çox idi, ancaq dünya
ədəbiyyatının qızıl fonduna heç də hamısı daxil olmamışdı. Onların
dili səhər mehi tək şəffaf və canlıdır. Bəzi fikirlər həddindən
artıq sadə səslənir. Bir dəfə eşidirsən: "Çində bütün insanlar
çinlidir, imperatorun özü də çinlidir" – və o dəqiqə ömürlük
yaddaşına həkk olunur. Andersenin nağıllarını dönə-dönə öz
sözlərinlə söyləmək mənasız bir şeydir: füsunkarlığını, cazibəsini
itirməmək üçün onların hər birini sözbəsöz əvvəldən axıradək
səsləndirmək lazımdır. İstənilən mətni sonsuzadək qiymətli şərab
kimi, az-az, tələsmədən, kiçik qurtumlarla dadmaq və zövq almaq
olar. Di açın, heç olmazsa, ölməz "Su pərisi"ni oxuyun, onun
sadədil təhkiyəsinin zərif məzmunu haqqında dərindən düşünməyi
sınayın. Və o dəqiqə nağılçının bizi necə qeyri-adi əsrarəngiz bir
aləmə səslədiyi aydın olur:
"Açıq dənizdə su sevimli peyğəmbər çiçəyi kimi göy rəngdə və
şüşə kimi şəffafdır – lakin ora həm də dərindir! Heç bir lövbər
onun dibinə çata bilməz; sudan başlarını çıxara bilmələri üçün
dənizin dibinə bir-birinin üstünə çoxlu-çoxlu zəng qüllələri qoymaq
lazım gələrdi. Lap dərin yerdə su pəriləri yaşayır.
Elə fikirləşməyin ki, orda, lap dibdə təkçə çılpaq ağ qum
var; yox, orada son dərəcə əsrarəngiz ağaclar və elə elastik
gövdəcikləri, yarpaqları olan çiçəklər bitir ki, suyun azacıq
hərəkəti ilə sanki canlıymış kimi hərəkətə gəlirlər. Böyük və kiçik
balıqlar budaqçıqların arası ilə ora-bura üzürlər – eynilə burada,
bizim dünyamızdakı quşlar kimi. Ən dərin yerdə dəniz hökmdarının
saf kəhrəbadan şişuclu pəncərələri və qabarma-çəkilmələrdən asılı
olaraq gah açılıb, gah da bağlanan balıqqulaqlarından damı olan
mərcani sarayı ucalır. Bu, çox gözəldir, çünki hər bir
balıqqulağında elə ecazkar inci yatır ki, istənilən kraliçanın
tacını bəzəməyə onların bircəciyi də bəs edərdi".
Daha sonra nə baş verir – hamıya məlumdur. Ancaq məgər məsələ
təkcə süjetdədir? Qəhrəmanın Böyük Məhəbbət naminə özünü qurban
verməsi – axı bu həm də əxlaqi prinsipdir. Onun heç olmazsa kiçik
bir hissəsi hər bir oxucunun qəlbində labüd zəruriliklə toplanaraq
bizə də çatır. Və bu, nağılların hər birinə aiddir. Bax buna görə
də Andersen – heç də belletristika (nəsrlə yazılan bədii ədəbiyyat:
romanlar, hekayələr – tərc.) yaratmayıb. Bu, bütöv bir fəlsəfədir:
sadə, təmiz və yüksək əxlaqlı fəlsəfə. Elə bir fəlsəfə ki, bir dəfə
qəlbimizə düşürsə, ömürlük oradaca qalır.