2013-cü il Tahir İmanov üçün çətin il olub. 12 il
ərzində ilk dəfə KVN kollektivi işsiz qalıb.
- Bu boyda şirkətin işsiz qalmasına səbəb
nədir?
- Maliyyə ilə bağlıdır. Nəzərinizə çatdırım ki, bizim bütün
layihələr birbaşa sponsordan asılıdır. Əgər kənardan maliyyə
dəstəyi olmasa, heç bir layihəmiz həyata keçib, gerçəkləşə bilməz.
İstəyimiz də var, talantımız da, ancaq maliyyəmiz olmadığından, pis
vəziyyətdə qalmışıq. Əslində, həyata keçirəcəyimiz bir layihəmiz
var idi. Tam hazır olduğumuz zamanda təzyiqlə üzləşdik.
Bu hadisələr faciəli sonluqlarla bitəcək
- Təzyiqlər daha çox məmurlardan olur, yoxsa
sənətçilərimizdən?
- Bilirsiniz, hər zaman təzyiq olub və olacaq. Sizə deyim ki,
məmurlarımız konsertlərimizə çox gəlir və parodiyalarımızı qəbul
edirlər. Ancaq təəssüf hissi ilə demək istəyirəm ki,
müğənnilərimizin yumoru və tənqidi qəbul edəcək intellektləri çox
aşağıdır. Bu da onların savadsızlığından, dünya görüşlərinin az
olmasından irəli gəlir. Konsertimizdən sonra təzyiqlər hələlik
zənglər vasitəsilə olur: "Ay asacağıq, ay kəsəcəyik..." Baxmayaraq
ki, hədə-qorxu gəlirlər, biz bütün təzyiqlərə hazırıq. Şükür edirik
ki, fiziki təzyiq göstərən yoxdur. Sadəcə, gülməyim gəlir. Mən
bədbin insan deyiləm, düşünürəm ki, hər şey yaxşı sonluqla olar.
Sonunu birlikdə gözləyək. Biz üzərimizdə dövlətin dəstəyini hiss
edib tənqidlərimizi hədəfə vururuq. Hamımız sözdə yox, əməldə
Azərbaycan üçün yaşamalıyıq. Müğənnilərimiz nəinki təzyiq göstərir,
hətta məhkəməyə də verirlər. İmanovlaru belə etdirəcəyəm, elə
döydürəcəyəm. Ayıbdır, ey həmvətənlərimiz! Bu söhbətləri eşidəndə
elə bilirəm vətən xainiyəm. Hədə qorxu gələnsinizsə, gedin, əsl
vətən xainlərinə barmaq silkələyin. Müğənnilərimizin əksəriyyətinin
nəinki yumor hissi, hətta intellekt səviyyəsi, savadı çox-çox aşağı
səviyyədədir. Burda günah onların yox, təhsilin boynuna düşür.
Ata-ana öyrətmədi, bəs məktəbdəki müəllim hara baxır? Bizim
vaxtımızda dövlətlərin paytaxlarını bilməmək qəbahət sayılırdı.
İndiki müğənnilər heç öz bayraqlarının rənglərinin mənasını
bilmirlər, amma bu torpağın çörəyini yeyib, suyunu içib, yekə-yekə
danışıb, gəzirlər. Bu hadisələr faciəli sonluqlarla bitəcək.
İstənilən cəmiyyətin uğuru savadlı insanlardan asılıdır. Savadlı
insan bu həyatda heç vaxt çörəksiz qalmaz. Az olar, amma daim
çörəyi olar.
Körpü tikintisinə ayrılacaq maliyyə
səhnəciyi…
- Ölkəmizdə "demokratiya" sözü dillərdən düşmür. Kimə nə
zaman nə sərf edirsə, demokratiyadan yapışır. Siz necə,
tənqidlərinizdə sosial məsələlərə toxuna bilirsinizmi?
- Əslində, hədəfimiz budur. Bizim konsertlərə gələn hər kəs
etiraf edə bilər ki, konsertimizin mövzuları demokratiya ilə
üst-üstə düşür. Biz buna görə təzyiqləri gözə alıb, istənilən
insanı parodiya edirik.
- Sonuncu konsertinizdəki hansı parodiyanızın ətrafında
söz-söhbətlər gəzir?
- Məmurların körpü tikintisinə ayrılacaq maliyyənin miqdarından
çox pul istəməkləri səhnəciyi daha çox danışılır. Hələ ki, qalmaqal
olmayıb, ancaq haqqında çox danışılır.
Bizə reklam çarxlarımızı asmağa icazə
verilmir
- Efirdə söylədiniz ki, sonuncu konsertimizdən sonra
parodiya etdiyimiz məmurlardan sizə təzyiq oldu. Necə oldu, hansı
səpkidə təzyiq gəldi?
- Biz öz bannerlərimizi, afişalarımızı, reklam çarxlarımızı
pulla asırıq, pulsuz yox. Hər bir konsert kommersiya xarakteri
daşıyır, deməli, gəlir var və burada da sənin reklamın olmalıdır.
Ancaq bizə öz reklam çarxlarımızı asmağa icazə verilmir.
Səbəb Hacıbala müəllimi parodiya
etməyimizdir
- Kim icazə vermir?
- Bakı Şəhər İcra Hakimiyyəti reklam departamentindən həmişə
"yox" cavabı alırıq. Səbəbi? Heç biz də səbəbini bilmirik, amma bir
balaca da olsa, bizim uğurlarımıza, Azərbaycan üçün təmənnasız
etdiklərimizə hörmət etsəydilər, icazə verərdilər. Bizə kobud
şəkildə "yox" deyirlər. Əslində, biz bunun səbəbini bilirik; səbəb
bizim Hacıbala müəllimi parodiya etməyimizdir. Onlar açıq deməsələr
də, hərəkətləri ilə "siz parodiya etməyin, biz reklamınızı asaq"
deyirlər. Biz buna, sadəcə, təzyiq deyirik. Eləməyin, edək!
Parodiya eləmisiniz, icazə vermirik!
1996-cı ildə Milli Məclisin spikerini parodiya
etdim…
- Hacıbala Abutalıbovun özü sizə şəxsən təzyiq
göstərib?
- Qətiyyən. O insan bizim aləmimizdə ən populyar məmurdur. Onun
şəxsən özü və əməlləri diqqət mərkəzindədir. Şəhərdəki abadlıq
işləri… Təbii ki, müsbət işləri ilə birgə, mənfi əməlləri də
gözümüzdən qaçmır. 2001-ci ildə konsertdən sonra şəxsən özü məni
otağına dəvət edib əlimi sıxdı və bəyəndiyini söylədi. O zamanlar
bu mənim üçün böyük uğur demək idi. Məmurdan bu tərifi eşitmək
təbii ki, bütün aktyorların və aktrisaların uğuru deməkdir, amma
sizə deyim, heç də bütün məmurlar belə deyil. Sizə bir hadisəni
xatırladım. 1996-cı ildə Milli Məclisin spikerini parodiya etdim.
Reaksiyası, Hacıbala müəllimdən fərqli olaraq, tamam başqa cür
oldu. Çox hörmətli Xarici İşlər naziri Elmar Məmmədyarovun onu
parodiya etməyimizə tamam başqa tərzdə yanaşması oldu. Şəxsən özü
birbaşa özümə təşəkkür etdi. Cahangir Əsgərovu parodiya etdik, onun
da xoşuna gəldi. Müsbət hadisələrlə rastlaşanda artist, aktrisa
özünü xoşbəxt hiss edir, çünki bu, sənətə, mədəniyyətə verilən
qiymətdir. Aktyor və aktrisa üçün ancaq məmurun alğışı, dəstəyi
lazımdır, təzyiqi yox. İstəyərdim ki, müğənnilərimizin də yumor
hissi yüksəlsin.
SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulla
olub
- Bu gün sadə insanların etiraz etdiyi bir hadisəyə
müğənnilər etraz etmir. Sizcə bunun səbəbi nədir?
- Bilirsiniz, birincisi insan niyə etiraz etməlidir? Məmurun da,
sənin də, mənim də iki əlimiz, iki gözümüz var. Demək, problem
özümüzdədir. Hər bir insan üzərinə düşən işi məsuliyyətlə həyata
keçirsə, nəticələr belə olmaz. Gərək bütün hadisələrin sonunda
özmüzü görməyi bacaraq. Mən birdən-birə Tahir İmanov olmamışam,
taksi sürmüşəm, qardaşım fəhləlik edib. Nə olsun, çox kasıb
yaşamışıq. Günah özümüzdə idi, ali təhsildən yayınıb lazımsız
işlərlə məşğul olurduq, sonra da bəhanələr gətirirdik. Bu dünyada
ən asan iş bəhanə axtarmaqdır, ancaq ən cətini problemlərin həllini
tapmaqdır. SSRİ vaxtından ta bu günə kimi zaçot, imtahan pulla
olub. Oxuyan qiymətini alıb, oxumayan pul verib. Bu gün o məsələni
şişirdib dam boyda etməyin bir mənası yoxdur. Gəlin, məqsədimizə
doğru irəliləyək, çətin olandan başlayaq.
- Bu gün böyük bir kollektivə rəhbərlik edirsiniz. Bu
günün gəncləri ilə işləmək çətin deyil ki?
- Vay, yaralı yerim!!! Çox cətindir, "çətindən də çətindir"
desək, daha yaxşı olar. Çünki gənclərimiz çox elementar hadisələri
bilmirlər. Məşqə gecikir, içəri daxil olur, üzr istəmir ki, bu
boyda insanları gözlədib. Küçədə gedir, ucadan danışır, yerə
tüpürür… İnanın, bir xarici qonağım Bakıya gələndə, onu küçədə
gəzdirib, şəhəri tanıtmaq istəyəndə elə hadisələrlə rastlaşıram ki,
qonağımın yanında utanıram. Veteranlarla işləmək çox zövq
verir.
Ana dilində danışa bilməyənlər milli sərvətimizə zərbə
vururlar
- Əlifbamızda "c" və "ç" hərflərini düzgün ifadə edə
bilməyənləri parodiya edib, tənqid atəşinə tutmuşdunuz. Yenə də o
hərfləri öyrətməyin mübarizəsini aparırsınız?
- Əgər dövlət televiziyasında efirə çıxan diktor elə danışırsa,
adi insanlara söz demək lazım deyil. Baxıb öyrəndikləri
savadsızdır, baxan kütlə də o insanın arxasınca gedir. İndi
bədbəxtçilik odur ki, tanınmış insanlar kütlənin axarına düşüb
gedir. Mən bir rəhbər kimi deyə bilərəm ki, işçimin uğuru da,
uğursuzluğu da mənim adımadır. Bu gün ana dilində danışa
bilməyənlər milli sərvətimizə zərbə vururlar. İctimai televiziyada
bir aparıcı var, radioda da çıxış edir. Onu eşidəndə az qalıram
radionu sındırım. Əsəblərimin pozulmasını istəmədiyim üçün
Azərbaycan efirinə baxmıram. Konsertə parodiyalar lazım olanda,
iki-üç ay konsert öncəsi izləyirəm, bitdi-getdi.
- Azərbaycanı tərk edib, başqa ölkədə yaşamaq
istəyərsiniz?
- Qətiyyən. Mən Azərbaycandan kənarda beş gündən artıq
məcburiyyət qarşısında qalıram. Milyonlar da versələr, mən başqa
ölkədə yaşamaram. Ölkəmin hər qarışı mənim üçün əzizdir. Bu vətəni
çox sevirəm. Ancaq təzyiq qarşısında bu ölkədən gedə bilərəm.
Foto: Emin Nihil