Oxucuya IV
məktubum
Əziz oxucu,
Düz 46 il bundan əvvəl, 21 avqust 1968-ci ildə rus əsgərləri
Praqaya girdilər.
Bu məktubun o hadisəylə eyni gündə yazılması isə tam
təsadüfdür.
Tomaşı tanıyan varmı? Bilirsiz o, kimidir?
Bizlərlə onun arasında bənzərlik, oxşarlıq varmı?
Tomaş şəxsən mənə çox bənzəyir. Mən onun dövrünü yaşamışam - rus
əsgərləri 20 yanvarda Bakıya soxulanda mən Tomaş idim. Amma Tomaş
qədər ağıllı və hadisələri dərindən dərk etmirdim. Bilmirdim ki,
nifrətin gücü rus tanklarına daş, Molotov kokteylini atmaqda yox,
aşırı gücdən iyrənməkdədir. Tomaş rusun gücündən iyrənmişdi.
Murakaminin "Norveç meşəsi"ni oxuyanda əsərdə adları keçən
musiqiləri dinləmək nə qədər ləzzətli olsa da, mən TooruVatanabe
ola bilmirəm. "Maykl K.-nın həyatı və zəmanəsi"ndə Maykl K. sənin
ürəyini oxuyur, yaşantılarını bir-bir diktə edir. Amma mən o
iradəyə də sahib deyiləm.
O, çox azad adamdır. Onun qədər azad olan insan anasının yanmış
cəsədinin külünə möhtacdır. Anasının vəsiyyətinin əsiridir.
Ölkəsini dağıdırlar. Vicdanlı bir insan isə sadəcə, səfildir.
Onun nifrəti dəhşətlidir. Maykl K. özünə, ətrafına, adamlara
ölkəsini dağıdanlara nifrət edir. Bu nifrətin səsi yoxdur. Bu
nifrətin dili yoxdur. O, sadəcə, susur.
Kölə olmamağın yeganə yolunu özünə əzab verməkdə görür, təklif
olunan yeməkdən imtina edir, heç kəslə ünsiyyətə girmir. Heç kəsin
oyuncağı olmaq istəmir. Vicdanlı insanın cəzasını yaşayır.
Murakaminin "Norveç meşəsi", Coetzeenin "Maykl K.-nın həyatı və
zəmanəsi" və Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü"
arasında bir əlaqə varmı? Yoxdur. Sadəcə, bu əsərlərdəki tiplər
haradasa çox yaxın qohumdurlar.
Yenidən Tomaşa qayıdıram.
O, yaxşı bir cərrah idi, amma işləməyə qoymadılar - onun ölkəsi
rusların siyasəti nəticəsində bütün vicdanlı insanlardan imtina
etdi. Küçələrin adları, binaların təyinatları, inzibati ərazilər
dəyişdi, dəyişiklik çox sürətlə baş verdi.
Hər şey ondan başladı ki, Tomaş təsadüfən Sofoklu oxudu - "Edip"
faciəsini. Və rusların Çexoslovakiyaya girməsinə etiraz etməyə
cəsarəti çatmayan çex ziyalılarını qəsd edən bir yazı yazdı. Yazdı
ki: "Edip yatdığı qadının anası olduğunu biləndən sonra özünü
cəzalandırdı - gözlərini çıxardı. Bu - sağ qalmaq şərti ilə insana
verilən ən ağır cəzadır. Amma siz öz susqunluğunuzu və
qorxaqlığınızı cəzalandıra bilmirsiz".
Tomaş bu yazını qəzetə göndərdi. Məqsədi heç də inqilab etmək
deyildi, sadəcə, vətəndaş olaraq rus tanklarının Çexiyaya hücumuna
biganə qala bilmədi. Qəzet Tomaşun yazısını məktublar bölməsində
ixtisarla, görünməyən bir yerdə nəşr etdi.
Bununla da Tomaş həyatını həsr etməyə hazır olduğu işini itirdi.
Bu yazı ilə TomaşEdip kimi özünü cəzalandırdı - öz çıxılmazlığını,
zəifliyini, biçarəliyini.
Onu cərrah olmağa qoymadılar, əvəzində pəncərəsilən oldu.
Ona görə pəncərəsilən oldu ki, insanlar ətrafda baş verənləri
görə bilsin.
Tomaş bir faciə qəhrəmanıdır. O, mütaliə edir, pəncərələri yuyur,
qadınları sevir, sevdiyi qadınlara xəyanət edir. O, sevdiyi qadına
xəyanəti ona görə edirdi ki, o qadının yanına qayıtsın.
Saçlarının arasında həmişə başqa qadınların ətirləri gizlənirdi.
Bunu Tereza bilirdi. Amma Tereza yanındakı iti qədər ona sədaqətli
idi…
Tomaş biçarəliyin rəmzidir. Tomaş güclü hakimiyyətin altında
qalan xalqdır. Özünü ifadə edə bilməməyin rəmzidir...
İstədiyi işlə məşğul ola bilmədi, imkan vermədilər. Bu mənada
bizdə Tomaşa bənzərlər çoxdur.
Tomaşın həyatını yaşayıram. Bircə maşın qəzası hələ baş
verməyib...
Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü" əla əsərdir.
Azğınlığa, gücə, silaha, müharibəyə, siyasətə qarşı yazılmış bir
əsərdir. Bu əsər Milan Kunderanın qlobal dünya görüşünü göstərir.
Qlobal dünyada güc çox zəifdir. Bir avara bir qəhrəmandan daha
ləyaqətli həyat yaşaya bilir.
Tərcümə Aslan Quliyevindir. Tərifə layiq bir tərcümədir.
Əziz oxucu,
Sizə bu məktubda bir-biri ilə əlaqəsi olmayan 3 əsər barədə
yazdım.
Onları oxumağı tövsiyə edirəm. O kitab ki, sizə heç nə vermir,
onu oxumayın. Vaxtınıza rəhm edin. Amma oxuduğunuz kitabdan
həyatınıza rəng qatın.
Oxuyun, yazın və paylaşın. Axı, fikir paylaşıldıqca sənin olur.
Əks halda bir vaxtdan sonra sən də unudacaqsan.
İrad, təklifləriniz barədə mənə yazmağı unutmayın.
Əlavə olaraq bu kitabları oxumağınızı tövsiyə edirəm
1. Con Maksvell Koetzee – "Barbarları gözləyərkən"
2. Con Maksvell Koetzee – "Gənclik"
3. Con Maksvell Koetzee – "Rüsvayçılıq"