31 Avropa ölkəsini əhatə edən 2014-cü ilin ən yaxşı
filmləri uğrunda mübarizə aparacaq filmlərin siyahısı Avropa
mədəniyyət paytaxtı Riqada təşkil edilən mətbuat konfransında
açıqlanıb.
Axar.az xəbər verir ki, bu siyahıda Türkiyədən Kutluğ Atamanın
"Quzu" və Nuri Bilgə Ceylanın "Qış yuxusu" filmləri də yer
alıb.
Beləliklə, hər iki film Avropanın Oskarı olaraq tanınan 27-ci
"Avropa Film Mükafatları" üçün yarışacaq 50 filmin arasında iştirak
edəcək.
Türkiyə kinosunun 100-cü ilində "Avropanın ən yaxşı 50 filmi"
arasında iştirak etməkdən qürur duyduğunu bildirən rejissor Kutluğ
Ataman belə deyib: "Quzu" ilə çoxlu festivalda iştirak etmişik,
dünyanın hər yerində filmi bəyəndiklərini söyləyirlər. Nuri Bilgə
Ceylanla birlikdə Türkiyəni təmsil etmək də ayrı bir
xoşbəxtlikdir".
Qeyd edək ki, 2014-cü il "Avropanın ən yaxşı 50 filmi"
siyahısına düşən filmlər Avropa Film Akademiyasının üzvü olan 3
mindən çox rejissor, aktyor və ssenaristin səsləri ilə təyin
olunur. Siyahıda Ataman və Ceylan ilə Lars von Trier, Jan Lyük
Qodard, Mayk Ley, Andrey Zvyagintsev kimi dünya şöhrətli
rejissorların filmləri də yer alıb.
Xatırladaq ki, 27-ci "Avropa Film Mükafatları" dekabrın 13-də
Latviyanın paytaxtı Riqada təşkil ediləcək tədbirlə sahiblərinə
qovuşacaq.