AYB-nin nəhayət ki baş tutmuş qurultayından xeyli vaxt
keçdi. Yazıçılar Birliyinin strukturunda dəyişikliklər oldu.
Birliyin bəzi orqanlarına yeni redaktorların təyinatı diqqəti
çəkdi. AYB rəhbərliyində gözlənilməyən dəyişikliyindən biri
Birliyin ədəbi əlaqələr üzrə katibi Arif Əmrahoğlunun vəfatından
bir müddət sonra baş verdi. "Ulduz" jurnalının qurultaydan sonra
təyin olunmuş redaktor müavini yazıçı İlqar Fəhmi bu posta təyin
edildi. Bu günlərdə yeni təyinat almış katiblə görüşdüm. Ona yeni
işində uğurlar arzulamaq, təzə və məsuliyyətli vəzifənin öhdəsindən
necə gəldiyi və yaxın zamanların planı ilə maraqlanmaq istədik. İş
gününwn sonu olsa da, İlqar bəy otağında idi. Amma deyəsən harasa
tələsirdi, yır-yığış edirdi.
- İlqar, deyəsən harasa gedirdin?..
Hal-əhval tutduqdan, oturmaq üçün yer göstərdikdən sonra:
- Hə, axşam tədbir var, orda çıxış eləməliyəm, – dedi.
Deyəsən gedəcəyi yerə o qədər də tələsmir. Sərbəst söhbət etməyə
vaxtının olduğunu öyrənirəm. Yeni işi ilə bağlı sual verirəm:
- Necədir yeni iş yerin? Adaptasiya ola bilirsən?
Deyəsən, burada daha çox olursan, nəinki jurnalda...
- Düzü, yayda bir neçə ağır iş götürmüşdüm, bu təyinat olanda,
hələ o işləri bitirməmişdim, yarımçıq da qoya bilməzdim, çünki söz
vermişdim. Ona görə sentyabrın əvvəli bütün fikrim o işlərin
üstündə idi ki, tez bitirim, təhvil verim. Şükür ki, axırı
yekunlaşdırdım. Hələ bundan sonra adaptasiya-filan barədə
fikirləşmək olar...
- Hər halda bu mühit sənə doğmadır.
- Düzdür. Kənardan gələn adam olsaydım, yəqin ki, daha çətin
olardı... Amma on ildən çoxdur burda işləyirəm, bura mənim doğma
evim kimidir. Onu görə, məncə, çətin olmaz.
Arxasında oturduğu stolun üstündə səliqə-sahman var. Mərhum Arif
Əmrahoğlunun böyüdülmüş, qara çərçivəyə salınmış fotosu isə
kənrdakı stolun üstünə qoyulub. Bu otaqda çox şeylər onu
xatırladır. İlqar bəyə stolu göstərərək soruşuram:
- Bu stolun üstü bir vaxtlar qarmaqarışıq olardı. İndi
səliqə-sahman var. İşə təzə başladığındandır, ya işdə az
olmağından?
- Hələ təzə-təzədir. Bir azdan yəqin ki, kitablar,
qəzet-jurnallar qalaqlanacaq. Ən çətin şey odu ki, mən bir az
səliqəsiz adamam. Əvvəllər itirib-axtarmırdım, amma indi görürəm
ki, gəlib-gedənlər buna çox fikir verirlər. Gərək özümü məcburən
səliqə-sahmana öyrəşdirim.
Ayaqlarını uzadıb ölmək
- "Ulduz"dan fərqli olaraq işlər bir qədər çətin olar,
güman edirəm.
- Hər yerin çətinliyi də var, asanlığı da... Ümumiyyətlə,
həyatda asan olan şey ancaq ayaqlarını uzadıb ölməkdi. Bundan asan,
rahat heç nə yoxdur. Qalan nə varsa çətindir. "Ulduz"un öz
çətinlikləri var idi, şəxsən mənim üçün ən çətin şey yazısı zəif
olanlara bunu başa salmaq idi. Hər adamın yazısı onun hissləri,
duyğuları, iç dünyasıdır. Və təbii ki, onun öz gözündə
əhəmiyyətlidir, gözəldir, maraqlıdır. Hansısa bir yaradıcı adama
necə başa salasan ki, sənin hiss və duyğuların, daxili aləmin,
fikir və düşüncələrin maraqlı deyil, yüngüldür, ucuzdur... Axı
adamın ruhu sına bilər. Ona görə min cür yolla çalışırdım ki, sözü
elə deyim, inciməsinlər, ürəkləri sınmasın... Hərdən alınırdı,
hərdən alınmırdı. Kiminsə ürəyi sınırdısa, mən ondan betər pis
olurdum. Şəxsən öz jurnalım olsaydı, yaxşı-pis hamını çap edərdim.
Amma burda mümkün deyil axı...
İlqarın gileyindən "tuturam". Sözsüz, belə hallarda
"güvəndiyi dağlara qar yağdığını" görən dostlar incik düşür.
Görəsən onun "incitdikləri" ondan üz çeviribmi, deyə düşünərək
soruşuram:
Qapalı həyat tərzi keçirən adam
- Yaradıcı adamlarla işləyirsən. Artıq AYB-nin
rəhbərliyində təmsil olunursan. Nələr dəyişdi? Dostlar seyrəldi,
yoxsa çoxaldı?
- Sən özün yaxşı bilirsən ki, mən uzun illər qapalı həyat tərzi
keçirən adam olmuşam. Ona görə də o qədər fərq hiss eləmirəm. Çünki
ətrafdakılarla ünsiyyət elə həddə olub ki, mənə olan münasibəti də
mənə deməyiblər, çox şeylərdən xəbərim olmayıb. Elə indi də, sən
dediyin "dost çoxalmağı" yoxdur, bunu istəyənlər də çox yaxın
gəlməyə ehtiyat edirlər.
Narkomaniyaya da bənzəyə bilər
- Qapalı həyat tərzi keçirən adam olmuşam deyirsən. Eyni
vaxtda yaradıcılığın da çoxşaxəli olub. Maraqlıdır, indi işlərinin
və məsuliyyətinin daha çox olduğu bu vaxtlarda yaradıcılığına vaxt
ayıra bilirsənmi?
- Yaradıcılığım olmasa, nəfəs ala bilmərəm. Hətta ən böyük
vəzifə olsun, sonu görünməyən var-dövlət olsun, şan-şöhrət olsun,
amma əvəzində yaradıcılığım əldən getsə, yaşaya bilmərəm. Daimi
yaradıcı fəaliyyət kobud mənada haradasa narkomaniyaya da bənzəyə
bilər. Bu baxımdan işim nə qədər çox olsa da, paralel olaraq öz
yaradıcılığıma vaxt ayıracam. Bunsuz həyatımı təsəvvür
eləmirəm.
Serial bir az yorub məni
- O biri tərəfdən də kino, teatr, serial və
sair...
- Düzü, serial bir az yorub məni. Əslində, heç bundan sonra o
sahəylə məşğul olmağa o qədər həvəsim də qalmayıb. Belə baxanda,
heç əvvəldən serial həvəskarı olmamışam. Sadəcə, bu sahə bizdə təzə
yarananda, gördüm ki, ssenari yaza bilən azdı, məndən xahiş
elədilər, bir-iki il məşğul oldum... Amma əvvəldən bilirdim ki, bu
iş müvəqətidi mənimçün... Amma kino və teatr fəaliyyətim yəqin ki,
davam edəcək... Bu ay dövlət sifarişi ilə "Azərbaycanfilm"də
çəkilən "Axırıncı dayanacaq" filminin təqdimatı olacaq. Ssenari
müəllifi mənəm. İlin sonunda da daha bir filmimizə start
veriləcək... Bu yeni film ssenarisini yazdığım və dövlət sifarişi
ilə çəkilən altıncı filmim olacaq. Teatrla bağlı işlər də davam
edir.
AYB rəhbərliyinin uzun illik əsəb
gərginliyi
- AYB davamlı olaraq tənqid olunur. Tənqidlər də əsasən
Anar müəllimə ünvanlanır. Necə başa düşürsən, işinizlə bu
tənqidləri azalda biləcəksən? Yaxud bu tənqidlərin müəyyən faizini
üzərində hiss edə bilirsən?
- Tənqid həmişə olub, bundan sonra da olacaq. Axı mümkün deyil
ki, sənin gördüyün işlər hamı tərəfindən bəyənilsin. Kimlərsə
görülən işlərin mahiyyətini başa düşmür, ona görə tənqid edir,
kimlərsə düşmənçilik aparır, kimlərsə öz qəhrəmanlığını göstərmək
istəyir, kimlərsə bekarçılıqdan tənqid edir... Tənqidə münasibətdə
AYB ən liberal təşkilatlardan olub. Düzdü, bu liberallıq AYB
rəhbərliyinin uzun illik əsəb gərginliyi, daxili stresləri hesabına
başa gəlib... Mətbuat bizim yazı əhlinin, ziyalı mühitin aparıcı
fəaliyyət yeridir. Ədəbiyyat da eynən. Mətbuatda çalışanlar gərək
ədəbiyyat adamlarını, xalqın barmaqla sayılan ziyalılarını haqsız
tənqidlərdən qorusunlar. Əfsuslar olsun ki, bəzi mətbuat
orqanlarındakı dırnaqarası jurnalistlər bunun əksini eləyiblər.
"Ulduz" jurnalının dinamik inkişafı
- İlqar, səncə "Ulduz"da vəziyyət indi necədir? Sənin
yerinə Vüsal Nuru gəldi. Təklif səndən gəldi, yoxsa bu, redaktorun
seçimi idi?
- Yox, həm Vüsalın şöbə müdirliyi, həm Təranə Vahidin Baş
redaktor müavinliyi Qulu Ağsəsin seçimidir. Və məncə, çox uğurlu
seçimdir. Vüsalla uzun müddət kino sahəsində işləmişəm, çox
enerjili, istedadlı və ən əsas da məsuliyyətli adamdır. İnanıram
ki, "Ulduz" jurnalı bundan sonra da öz dinamik inkişafını
saxlayacaq...