I.
Ata həyətdə nərd oynayırdı. Bütün fikri zərdə cəmləşmişdi. Bir
şeş qoşa ilə çıxa, bir balon pivə uda bilərdi. Amma qoşa gəlmirdi
ki, gəlmirdi. Əvəzində ikinci mərtəbədən, balkondan arvadının səsi
gəlirdi: "Ay kişi, sən Allah, uşaqdan muğayat ol, uzağa gedər,
maşın yoluna-zada çıxar…"
"Şeş" gözləyən kişi arvadın sözünə əhəmiyyət vermirdi, daha
doğrusu, vermək istəmirdi…
Bu zaman on üç yaşlı Sevda özü-öz öhdəsinə buraxılmışdı.
Qızlarla ipatdı oynamaq istəmirdi, oğlanlarla futbol oynamağa isə
cəsarət etmirdi. Sanki bunu hiss edən on beş yaşlı oğlan maraqlı
bir təklif etdi, "qarajların dalında uşaqlar xoruz döyüşdürür,
gedək baxaq", - dedi. Qarajlar maşın yolunun o biri tərəfində
yerləşirdi, amma Sevda baxmaq istəyirdi. Atasının da başı qarışıq
idi, odur ki, qız fürsətdən istifadə etdi, onu qarajların dalına
dəvət edən buruqsaç oğlanın dalınca getdi. Qarajların dalında isə
kimsə yox idi. Sevda tez qayıtdı, saçları bir az dağılmışdı. Oğlan
isə axşamın düşməsini gözlədi, üz-gözü cırılmışdı, pis gündə
idi.
* * *
Ata televizora baxırdı, maraqlı futbol gedirdi. İspaniyanın
"Real"ı İtaliyanın "Milan"ı ilə oynayırdı. Hesab bir-bir idi,
azarkeşlər stadionda, ata isə televizorun qabağında özünə əl
qatmışdı, qol gözləyirdi. Zarafat deyildi, "Real"a yüz dollar
qoymuşdu, 2:1 olsa, beş dəfə çox qazanacaqdı. Arvad isə mətbəxdən
cırcırama kimi cırıldayırdı: "Ay kişi, gecə saat on biri keçib, heç
narahat olmursan?! Bir aşağı düş, metroya sarı get, gör Sevda harda
qaldı…"
Kişi arvada heç nə demədi, daha doğrusu, demək istəmədi,
ürəyində isə "heç hənanın yeridir?!" fikirləşdi.
On altı yaşlı Sevda isə bu zaman rəfiqəsi ilə metrodan bir az
aşağı, beşmərtəbəli binanın tinində keşik çəkirdi. Qış olduğundan
həyətdə adam yox idi. Sevda əsəbiləşmişdi, necə deyərlər, zəncir
çeynəyirdi. Rəfiqəsi yaman qorxurdu, Sevdanın xasiyyətiə bələddi,
əgər dediyi düz çıxmasa, döyüləcəkdi. Raufun başqa qızla
görüşdüyünü Sevdaya o demişdi, amma indi peşman idi.
- Sən dəqiq bilirsən?
- Hə, adı da Nazilədir. Bu gün də şəhərə gəzməyə gediblər.
- Saat onu keçib, harda olsalar, indilərə gələrlər.
- Bəlkə mən gedim? Məni görməsə yaxşıdır…
- Dayandığın yerdə dayan. Əgər yalan desən sənin, düz desən,
qızın ağzını cıracam…
Bu zaman binanın yuxarı başında Rauf bir qızla göründü. Rauf
həyətə girmədi, qızla xudafizləşib getdi. Hətta öpüşdülər də…
- Gördün?
- Gördüm. Sən burda gözlə. Evə bir yerdə gedəcəyik.
Qız onların yanından keçirdi. Bu incəbelli, nazik bir qız idi.
Sevda ona yaxınlaşdı.
- Salam, Nazilə xanım. Gecənin bu vaxtı hardan gəlirsən?
Nazilə qaranlıqda onun qabağını kəsən qəşəng, boylu-buxunlu qıza
qorxa-qorxa baxdı. İri gözləri bir az da bərəldi. Amma evlərinin
yanı olduğundan cəsarətə gəldi:
- Sən kimsən, sənə nə var?!
Sevda qızın sual verən ağzına bir yumruq vurdu. Qız qışqırıb
arxası üstə yıxıldı. Sevda onu təpikləməyə başladı. Qonşular
balkona çıxdı, səs-küy qalxdı. Rəfiqəsi Sevdanı arxadan dartıb
güclə ayırdı. Sevda "bir də səni bu oğlanla görsəm, öldürəcəm"
dedi. Sonra onlar qaçıb getdilər. Nazilə isə qonşuların köməyi ilə
güclə ayağa qalxdı, ağzı-burnu qanamışdı. Evdə qorxusundan heç nə
demədi. Səhər isə məktəbdə Raufa salam da vermədi.
* * *
Gecə yarıdan keçmişdi. Barda da adam seyrəlmişdi. Yalnız
xaricilər, bir də kəpənəklər qalmışdı. Üç qız Ağayi Həsəni araya
almışdı. Yavaş-yavaş şokoladla şampan içirdilər. Şokoladla şampan
da məlum şeydir, bir qoşqudakı iki cins at kimi yaxşı gedir.
Ağayinin 40 yaşı vadı, gənc xanımları sevirdi. Həm də fürsət idi,
arvad-uşağı orda, özü burda. Hər şənbə-bazar axşamlar bara gəlir,
bir yenisi ilə əylənirdi. Sevdanı o, çoxdan tanıyırdı. Qızın 20
yaşı olardı, amma üzü-üzlər, gözü bizlər görmüşdü, neçə dəfə onun
evində olmuşdu. İndi də ona Fatimə adlı sütül bir xanım tapmışdı,
17 yaşı ancaq olardı. Totuq-motuq bir şeydi, sinəsi koftanı
"cırdım" deyirdi. Ağayi başını tamam itirmişdi. Şampan sel kimi
axır, şokolada dəyib dayanırdı. Kişi səxavət kisəsinin ağzını
açmışdı, qızların hərəsinin sinəsinə bir əllilik də basmışdı.
Sevdanın öz planları vardı. Fatimə ilə əvvəlcədən danışmışdı, o,
barda qalmalı, Həsənin başını qatmalı idi. Sevda ikinci qızla evə
gedəcək, əvvəldən hazırlanmış planı həyata keçirəcəkdi. Odur ki,
Həsənə "siz oturun, biz bir azdan gəlirik", - dedi. Təklif Ağayiyə
ləzzət elədi, bayaqdan qızlardan canını qurtarmaq, Fatimə ilə tək
qalmaq istəyirdi. Heç evə getmək lazım deyildi, barda rahat
"saatlıq" otaqlar vardı. Odur ki, "yaxşı, gedin, - dedi, - sonra
gələrsiz, sizi saunaya apararam".
Sevda rəfiqəsi ilə birlikdə bardan çıxdı, Həsənin yaşadığı evə
gəldi. Uzaq deyildi, beş addımlıq yol idi. Gündüzdən həyətdə
nərdivanın yerini nişanlamışdılar, indi sürüyüb pəncərəyə
söykədilər. Əvvəl Sevda qalxdı. Həsən 2-ci mərtəbədə qalırdı,
pəncərənin cəftəsini də Sevda dünən burada olanda açıq qoymuşdu.
Rahatca içəri keçdilər, özlərini öz evlərindəki kimi hiss
edirdilər. İşığı yandırmadılar, əl telefonunun fanarı ilə
işləyirdilər. Ev yiyəsinin pulu, valyutanı qoyduğu yeri də
bilirdilər. Fatimə barda seyfin açarını Həsənin cibindən çıxarmış,
Sevdaın ovcuna qoymuşdu. Seyfdə 10 min avro, on min də dollar
vardı. Götürdülər, amma seyfdə "Eyfel" formalı, "Benedikti" adlı
fransız konyakı gördülər. Sevda fikir vermədi, rəfiqəsi isə dedi
ki, bir ayda qazana bilmədiyimizi bir gündə qazanmışıq, gəl bu
sağlığa bir "pənco-pənco" ataq. Kim bir də nə vaxtsa bizə
"Benedikti" alacaq? Konyakı ortaya qoyub oturdular. Sevdanın
çantasında şokolad da vardı…
Ağayi Həsən qazdan ayıq adam idi. Cibindən açarın itdiyini bilən
kimi dalağı sancdı. Amma Fatiməyə heç nə demədi, ayaqyoluna getmək
bəhanəsi ilə bardan çıxdı.
Həsən içəri girəndə qızlar ikinci "pənco"nu təzə atmışdılar,
şokolad yeyirdilər. Seyfin qapısı da hələ açıq idi. Ev yiyəsi kök
bir söyüş söyüb irəli atıldı. Birinci zərbə Sevdanın rəfiqəsinə
dəydi, qız oturduğu stulla bir yerdə yerə gəldi. Ağayi ikinci
zərbəni vura bilmədi. Başına dəyən ağır "Eyfel qülləsi" onu
sarsıtdı, ikinci zərbədən yıxıldı. Üçüncü zərbədə şüşə sındı,
konyak axıb qana qarışdı. Rəfiqəsi Sevdanı arxadan dartıb güclə
ayırdı…
Qızları polis iki gündən sonra saxladı. Ağayi Həsən ölümündən
əvvəl xəstəxanada ayılmış, hər şeyi danışmışdı…
Mənsə üzümü oxucuya tuturam, soruşuram: Kimdir günahkar - pis
zəmanəmi, pis atamı, bəlkə bizik - biganələrik günahkar???
II.
Nihad bəy Azərbaycana biznes qurmaq üçün gəlmişdi. Bakıda yaxın
dostları vardı. Bir neçə il idi burdaydılar və mebel satışı
sahəsində iş qurmuşdular. İnsafən işləri pis getmirdi. Yaxın
xaricdən qiyməti və keyfiyyətli aşağı mebel gətirir, paytaxtda
icarəyə götürdükləri mağazalarda yaxşı qiymətə satırdılar. Qazanc
birə iki səviyyəsində idi və Nihad bəyi də Azərbaycana gətirən bu
xəbər idi. Amma o, təcrübəli biznesmen kimi dərhal işə girişmədi,
bazarı öyrənməyə başladı. Tezliklə aydınlaşdırdı ki, Bakıya mebeli
yaxın xaricdən gətirməyə ehtiyac yoxdur. Elə respublikanın
rayonlarındaca müxtəlif çeşidli və yaxşı keyfiyyətli mebel dəstləri
hazırlanır. Sadəcə olaraq, getmək, baxmaq və almaq lazımdır.
Beləliklə, Nihad bəy Bakıda planlarına və imkanlarına uyğun bir
"Mebel evi" icarələdi. Sonra mebel sənayesinin inkişaf etdiyi cənub
rayonlarından birinə səfər elədi. Rayonda iş adamlarını tanımasa
da, zəmanət məktubu gətirmişdi. Amma əvvəl hoteldə yer aldı.
Qiymətlər ucuz, şərait isə yaxşı idi, onun ölkəsi ilə müqayisə
ediləsi deyildi. Bu, qonağın xüsusilə kefini açdı, rayon mərkəzini
piyada gəzməyə başladı. Bakıdakı sıxlıq, maşınlar, səs-küy burada
yox idi, amma tikinti-quruculuq işləri sürətlə gedirdi.
Səliqə-səhman ürək açırdı, havanın təmizliyi fiziki hiss olunurdu.
Rayon mərkəzində irildi-xırdalı iyirmidən yuxarı mebel sexi vardı,
onlardan ikisi-üçü böyük fabrik idi. Bu fabriklərə bir şirkət
nəzarət edirdi. Nihad bəy ilk növbədə bu şirkətin rəhbərinə
müraciət etdi. Onu çox yaxşı qarşıladılar, rayon mərkəzindən ətraf
qəsəbə və kəndlərə səpələnmiş mebel salonlarına apardılar.
Xarici qonaq salonları bir-bir gəzdi, xoşuna gələn mebel
dəstlərini seçdi. Qiymətlər onun gözlədiyindən də aşağı, keyfiyyət
isə yuxarı idi. Dəstlərin üstünə Rusiya, Türkiyə, hətta İtaliya
istehsalı yazmaq, yazıya uyğun qiymətə satmaq olardı. Ya Nihad bəy
şirkət sahibinin xoşuna gəlmişdi, ya zəmanət məktubu daşdan keçən
idi, hər halda ona malı əlli faizlə verməyə razı oldular. Yəni
pulun yarısını indi verəcək, yarısını satışdan sonra ödəyəcəkdi.
Mebeli isə şirkət özü iki günə Bakıya çatdırırdı. Nihad bəyin lap
çiçəyi çırtladı, gözləri adəti üzrə axtarışa başladı.
Düşünürəm ki, burda qəhrəmanımız haqqında qısa bir aryış vermək
yerinə düşərdi. Həm oxucu onun haqqında məlumat alar, həm də
gözlərinin nə axtardığı məlum olardı. Nihad bəy qırxı haqlamış,
boylu-buxunlu, suyuşirin adamdı. Yaşına görə cavan görünürdü, hələ
də qadınların xoşuna gəlirdi. Doğrudur, vətənində ailəsi, iki qızı
vardı. Amma vaxtını da boş keçirmirdi, işlədiyi şəhərdə mütləq bir
cavan xanım saxlayırdı. İndi də gəzdiyi salonlarda mebellə bərabər
satıcılara da göz qoyur, axtarırdı. İnsafən, hamısı seçmə
xanımlardı. Bu da mebel biznesinin sirrlərindən biridir: yüksək
səviyyəli mebeli seçmə xanımlar təqdim etməlidir. Nihad bəy mebel
məsələsində peşəkar olduğu kimi, bu məsələdə də peşəkardı. Onu göz
qamaşdıran, problem yaradan xanımlar yox, həyata təzə göz açan,
problemdən qaçan gənc qızlar maraqlandırırdı. Və rayon mərkəzindən
bir az aralı qəsəbədə, böyük mebel mərkəzində istədiyini tapdı.
Qızın 22-23 yaşı ancaq olardı, danışanda qızarırdı. Qarayanız
olsa da, şirindi, fiqurası isə keçməli deyildi. Nihad bəy də
keçənlərdən deyildi, işi elə qurdu ki, bir neçə dəfə bu salona
gəldi, qızı tək görüb danışdırmağa imkan tapdı. Onu Bakıya, yüksək
maaşlı işə dəvət etdi. Sonrası isə, necə deyərlər, texnikanın işi
idi…
Gülnar xalasıgilə getmək adı ilə Bakıya gəldi və "təsadüfən"
burda yaxşı maaşlı iş tapdı. Əvvəl evdən buraxmaq istəməsələr də,
qız israr elədi, xalası da söz dedi, nəhayət, valideynləri
razılaşdı. Nihad bəy tezliklə Gülnara elçi düşdü, hətta
dost-tanışını da götürüb rayona, atasının yanına minnətə getdi.
Rayondakı biznes ortaqları işə qarışdılar, kişinin işini aşırdılar.
40 yaşlı bəy molla kəbini də kəsdirdi, Gülnarı evinə gəlin
gətirdi.
İlk zamanlar işlər pis getmirdi. Bəyin işi çox olsa da, gəlinə
qarşı diqqətli idi. Hətta onu işə getməyə də qoymurdu, yağ içində
böyrək kimi saxlayırdı. Amma bu arada bir-birindən tamamilə fərqli,
amma bizim bəy və gəlin üçün eyni dərəcədə əhəmiyyətli olan iki
hadisə baş verdi. Səbr edin, növbə ilə danışım.
Yuxarıda dediyim kimi, Nihad bəy insanlığın gözəl yarısına
əvvəlcədən də biganə deyildi, işi ilə əlaqədar da tez-tez
Azərbaycanın rayonlarına gedirdi. Bu dəfə də şimal rayonlarının
birində gözü alagöz bir xanıma düşdü. İnsafən, bəyi qınamalı da
deyildi, Gülnar qaraşın cənub gözəli idi, bu isə sarışın şimal
gözəli. Hər gözəlin də, məlum olduğu kimi, öz ləzzəti var. Yenə
həmin söhbət, həmin texnika və bu dəfə sarışın gözəl Bakıya gəldi,
Nihad bəyin mebel salonunda işə düzəldi. Təbii ki, bəyin işi
çoxaldı, evə gec, sonra isə gec-gec gəlməyə başladı. Və dediyim
ikinci hadisə baş verdi. Gülnar elan etdi ki, ana olmağa
hazırlaşır. Amma bu, bəyin planlarına daxil deyildi, o, ata olmağa
hazırlaşmırdı. Bütün bu məsələlər - cənub, şimal, ana və ata olmaq
bir-birinə qarışdı və onunla nəticələndi ki, Gülnar günlərin bir
günü çamadanını da götürüb evdən çıxdı. Nihad bəy rahat nəfəs aldı,
elə bildi ki, problemdən qurtardı. Prinsipcə, şimal, cənub, nə
fərqi var ki?! Amma fərqi varmış…
Gülnarın rayona qayıtması nə ata-anasının, nə də qohumlarının
ürəyindən oldu. Yaxın vardı, uzaq vardı, cənub rayonunda bu
məsələyə xüsusilə pis baxılırdı. Yığışdılar, danışdılar, hələlik
qızın qardaşları Eldarı və Elmarı Bakıya göndərmək qərarına
gəldilər. Yəni sel gələndə əvvəl çör-çöp gətirər, ata-anasının
timsalında kötüklər sonra gələr.
Deməli, Gülnarın getməsi ilə Nihad bəyin də əl-qolu açılmışdı.
Yeni sevgilisini hələ, molla kəbini kəsdirib evinə gətirməsə də,
daha işləməyə qoymurdu. Doğrudur, xanım işə gəlirdi, amma iş yeri
bəyin kabinetindəydi. Kabinet də nə kabinet - hər şəraiti,
divan-kreslosu və s. Elə həmin divanda Nihad bəy sarışın gözəllə
yan-yana, şampan şərabı qabağında, poetik bir məqamda ikən qapı
qəflətən açıldı.
Burda qeyd edək ki, bəy işdə çox sərt idi və onun qapısını
döymədən açmaq işdən avtomatik qovulmaq demək idi. Amma bu dəfə
işçilərin bəxti gətirdi, gələn Gülnarın qardaşları idi. Və burda
Nihad bəy daha bir bağışlanmaz səhv etdi, gərginliyi barometr kimi
hiss edən və meydanı, üzr istəyirəm, divanı təcili tərk etmək
istəyən sarışın gözələ yerində oturmağı, Eldarla Elmara isə rədd
olmağı əmr etdi. Bəyi qınamalı deyildi, Azərbaycana gələli (oxu:
əlinə pul gələli) əmr etməyə oyrəncəli idi.
Eldar Gülnardan yaşca böyük, evli adam idi. Otuzu haqlamışdı,
özünü ələ almağı bacarırdı. Əsgərlik həyatından yenicə ayrılan,
təzə maşın kimi tez işə düşən Elmar isə özünü saxlaya bilmədi. İşin
tərsliyindən jurnal stolunun üstündə şampan şərabı, meyvə qabı ilə
yanaşı, iti uclu meyvə bıçağı da vardı. Elmar bu bıçağı qapdı və
gözəllik aşiqinin sinəsinə sancdı. Qardaşı onu tutmağa, qurbanı isə
qalxmağa imkan tapmadı. Yalnız sarışın gözəl qışqırmağa və qapıya
doğru atılmağa imkan tapdı…
Mən də sual verməyə imkan tapıram, bir daha soruşuram: Kimdir
günahkar?