Dekabrın 7-də "Nabat" bədii
filminin XIV Mərakeş Beynəlxalq Film Festivalında (Festival
İnternational du film de Marrakech) nümayişi baş
tutub.
Axar.az xəbər verir ki, festivalın müsabiqə proqramında yer alan
filmin təqdimatı Palais des Congres - Salle des Ministres
kinoteatrında keçirilib.
Mərakeş Beynəlxalq Film Festivalının möhtəşəm açılış mərasimində
və filmin nümayişində ekran əsərinin rejissoru və ssenari müəllifi
Elçin Musaoğlu və baş rolun ifaçısı Fatemeh Motamed Arya iştirak
ediblər. "Nabat" kinotənqidçilər və tamaşaçılar tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Azərbaycan filminin ilk dəfə yer aldığı Mərakeş Beynəlxalq Film
Festivalı dekabr 13-dək davam edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan
"Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin
Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru
Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri
Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya,
Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri
canlandırıblar.
Xatırladaq ki, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri
Akademiyasının ən məşhur və nüfuzlu mükafatı olan "Oskar"a təqdim
olunan "Nabat" bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq
Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg)
3 mükafata layiq görülüb . Film bundan əlavə 27-ci Tokio Beynəlxalq
Film Festivalında (Tokyo İnternational Film Festival) və Venesiya
Beynəlxalq Film Festivalında da iştirak edib.