"Bu boyda cəmiyyətdə bir ağıllı qadın yoxdur, nazir
olsun?!"
Axar.az hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə
müsahibəni təqdim
edir.
I hissə
– Belə. Novella xanım, daha yorulmuşam. Hansı
görkəmli...
– Niyə? Nə olub?
– Bir çox görkəmli ictimai-siyasi xadimdən soruşuram,
kitab oxuyursunuz? Deyir, əlbəttə! Hətta suala əsəbiləşir. Mən də
gözləyirəm biri desin oxumuram, o an sual verim: niyə?
– Hamı oxuyur da, yəqin, burda nə var ki?
– Bəs oxuyuruqsa, nə üçün vəziyyətimiz
belədir?
– Mən sənə deyim niyə vəziyyət belədir. (gülür)
– Zəhmət olmasa, deyin.
– Cəmiyyətdə dəyərlər itib. Dəyərlər... Yəni bizdə böyüyə hörmət
itib. Demokratiya gələndə hamı azadlığı hiss elədi, amma azadlıq o
demək deyildi ki, bütün mədəniyyəti, bütün insanlıq münasibətlərini
kənara qoyub, elə qışqırasan ki, "azadlıq", "azadlıq", "azadlıq"...
Azadlıq o demək deyil ki, nə istəsən, onu da eləyəsən, nə istəsən,
danışasan. Mədəniyyət itdi. İnsani münasibətlər itdi. İnsanların
bir-biri ilə davranış qaydaları itdi. Yəqin, qəzetlərdən
oxuyursunuz, sovet hökuməti vaxtında belə vəhşilik görməmişdik.
Qadın kişisini öldürür, qızları öldürürlər, atırlar, kişi arvadını
öldürür, uşaqlarını öldürür... Bunlar nədən irəli gəlir? Kitab
oxuyub-oxumamaqla deyil, bunlar kitab məsələsi deyil.
– Bəs nə məsələsidir?
– Bu o məsələdir ki, bayaq dedim axı, dəyərlər itib. İnsanlarda
insani davranış yoxdur. Bax, bunun müharibəsini aparmaq lazımdır.
Hərdən görürsən ki, qızlarla şəhərə çıxırıq, şəhərdə gedəndə
görürəm ki, heç kəsin üzündə bir damcı təbəssüm yoxdur, birində
gülər üz yoxdur. Dövlətlisinin də, kasıbının da beynində nəsə
işləyir, nəsə fırlanır, heç kəs gülə-gülə küçədə getmir.
– İnsanlar təbəssümünü itirib. Yaxşı
statusdur.
– Bəli, itiriblər. Bu, kitab oxumaqla, oxumamaqla deyil. Sənə
deyim ki, Sovet hökuməti vaxtında raykom katibləri olub, mənim atam
da o katiblərdən biri idi. Ən çətin zamanda – Bağırovun vaxtında
Bakıya gələn günü Azərbaycan dram teatrında, rus daram teatrında
hansı tamaşa olurdusa, onlar onun hamısını bilməli idilər. Ailəvi
gedib o tamaşaya baxırdılar. Rus dram teatrında, Opera teatrında
hər bir tamaşaya raykom katibləri gedib baxırdılar. Çünki hərdənbir
Bağırov soruşurdu ki, filan tamaşanı gömrüsünüz, ordan nə deyirlər,
nədən danışırlar?
– Aydındır.
– Yəni Sovet hökuməti vaxtında belə şeylər vardı. Rayondan
gəlmiş uşaqlar idi, rayonda oxuyub qurtarmış uyaqlar idi, sən
bilirsən ki, bizim ziyalılarımızın, demək olar, hamısını 37-ci ildə
öldürdülər. Rayondan gələn uşaqlar gəldilər, oxudular, amma onların
mədəniyyət təhsilini bərpa eləmək lazım idi. Həmin o teatrlarla,
tamaşalarla, nəyləsə, nəyləsə bərpa eləyirdilər. İndi bir İcra
Hakimiyyətindən soruş, de ki, hansı tamaşaya getmisən? Bilir?
Soruş, hansı tamaşalar var Azərbaycanda? Bilir? De ki, yaxşı,
vaxtıilə hansı tamaşalar vardı? Bilir? Niyə bizim teatrlarımız bu
günə düşüb?
– Niyə?
– Çünki millət tetra getmir. Camaat getmir.
– Siz özünüz gedirsiniz?
– Yox, mən də getmirəm.
– Niyə?
– Mənim yaşım keçib. Amma vaxtında bütün tamaşalara baxmışam.
Heç vaxt olmayıb ki, premyera olsun, mən o premyeraya getməyim.
Yeri gəlmişkən, mənim teatra bir yolum var idi. Çünki Məhluqə xanım
Sadıqovayla bir həyətdə yaşayırdıq. Onun qızı ilə dostluq
eləyirdik. Bütün premyeralara gedirdik.
– Məhluqə Sadıqova, yoxsa Şərifova?
– Məhluqə Sadıqovaydı, amma Şərifovun arvadıydı. Şərifov
rejissor idi. Onların bütün tamaşalarına gedirdik. İndi soruşanda
ki, teatrlarımız niyə bu gündədir? Deyirəm ki, kim gəlir ki,
tamaşalara? Küçədən uşaqlar teatra isinməyə gəlirlər, otururlar
tamaşalarda. Normal tamaşaçı yoxdur. Fikir ver, gənclərimiz hara
gedirlər? Ancaq konsertlərə. Türkiyədən gələn müğənnilərin
konsertlərinə, Rusiyadan gələn müğənnilərin konsretlərinə, bir
sözlə, ancaq yabançı konsertlərə.
– Siz yabançı konsertlərə getmirsiniz?
– Düzdür, biz musiqiyə də gedirdik, caza da gedirdik, bütün
konsertlərə gedirdik. Öz musiqimizə, məsələn, Müslüm Moqamayeva
qulaq asırdıq, Niyaziyə qulaq asırdıq. Yəni bizdə o vaxt, doğrudan
da, ayrı mühit idi. Biz hər şeyi qavramağa çalışırdıq. İndi hanı o
gənclik? Varmı?
– Deyirsiniz ki, mənim yaşım keçib, maraqlıdır, yaş
keçəndən sonra insan nə düşünməyə başlayır? Deyirsiniz, yaş keçib,
daha mənim teatra gedən vaxtım deyil. Bəs siz yaşda insan nə işlə
məşğul olur?
– Yox, teatra gedərəm. Məsələn, görürsən ki, Moskvadan yaxşı bir
tamaşa gəlir, ona gedirəm. Amma Azərbaycanda məni, necə deyim,
bilmirəm, teatra aparacaq bir tamaşa yoxdur axı. Düzdür, hərdən
Fuad Poladova baxmağa gedirəm – Rus Dram Teatrına. Çox gözəl
aktyordur Fuad Poladov. Ona xüsusi simpatiyam var. Məni qane eləyən
tamaşa hələ ki, qoyulmayıb.
– Qoyulsa, gedərsiniz?
– Əlbəttə, gedərəm.
– Gərək gedib baxasınız, ondan sonra biləsiniz ki, sizi
qane eləyir, yoxsa eləmir. Siz bəri başdan deyirsiniz ki, məni qane
eləyən tamaşa yoxdur.
– Axı heç təbliğ də eləmirlər. Məsələn, televizoru açırsan, bir
dənə düz-əməlli veriliş var? Bilirsən, necədir, bizdə verilişi
aparan aktrisalar, hamısını demirəm, amma çoxlarına aiddir, məni
qane etmirlər. Televiziyalarımzda Azərbaycan dilini o kökə salıb
danışırlar ki, heç televizoru açmaq istəmirsən. Mən rusdilliyəm.
Türkiyənin kanallarına da baxıram. Baxıram oradakı müğənnilərə,
müğənni elə danışır ki, elə bil, böyük siyasətçidir, bu günün
siyasətçisidir. Heç ayrı şeyi demirəm, məsələn, o yemək bişirilən
verilişlərə baxıram. Adanada nə bişirirlər, o biri şəhərlərdə nə
bişirirlər, camaata elə gözəl çatdırırlar ki, baxan kimi, onların
həm yeməyini bilirsən, həm kültürünü bilirsən, həm oxumaqlarını
görürsən. Biz də türkük. Bəs biz niyə öz mədəniyyətimizi yuxarı
qaldıra bilmirik? Bu şeylərin hamısına bizim Mədəniyyət Nazirliyi
ciddi şəkildə fikir verməlidir.
– Sizcə, Mədəniyyət və Turizm Nazirliyi turizmlə daha
çox məşğul olur, yoxsa mədəniyyətlə?
– Qardaş, turizmlə məşğul olanda da gərək ortaya mədəniyyəti
gətirəsən. Gözəl mədəniyyət yaratmalısan ki, turistlər də gəlib
baxsınlar. Türkiyəyə baxın da. Orda mədəniyyətlə turizm birdir.
Əgər turist kimi gəlirsənsə, səni təkcə yemək-içməklə qəbul
eləmirlər. Eyni zamanda özlərinin nə qədər mədəni yerlərini
göstərirlər. Bəs biz nə edirik? Heç öz mədəniyyətimizə doğru-dürüst
sahib çıxa bilmirik.
– Teatra gedən yaşınız deyil. Bəs kitab oxumaq necə, bu
yaşda kitab oxuyursunuz?
– Niyə oxmuram, əlbəttə, oxuyuram.
– Nə oxuyursunuz?
– Təzədən başlamışam Heminqueyi oxumağa. Təzədən başlamışam
Ceyms Oldrici oxumağa.
– Oxuduğunuz bu kitablarda nə xoşunuza
gəlir?
– Burda xoşuma gələn insani münasibətlərdir. Bəs ədəbiyyat nəyi
təbliğ eləyir? İnsanlarda bir-birinə münasibətdə sevgini.
– Böyük ədəbiyyatların hamısı insanlığı təbliğ eləyir.
İnsani münasibətləri önə çəkir.
– Əlbəttə, elədir. Oxuyursan və görürsən ki, münasibətlər nə
cürdür.
– Başqa nə oxuyursunuz?
– Məsələn, öz soykökümüzü oxuyuram. "Türklər" kitabı var.
Kitabın məzmunu belədir ki, biz haradan gəlmişik, hara gedirik.
– Novella xanım, mətbuatda və televiziyada tez-tez
deyirlər ki, qadın hüquqları pozulur, qanun hüquqları ordan gəldi,
qadın hüquqları burdan getdi. Vallah, hərdən elə vəziyyət yaranır
ki, kişiləri qadınlardan qorumaq lazım gəlir.
– Niyə? Niyə elə düşünürsən ki? Niyə kişiləri qadınlardan
qorumaq lazımdır?
– Qadınların kifayət qədər hüquqları var. Məsələn, sualı
başqa cür qoyuram. Ümumiyyətlə, bu gün qadınları nədən qorumaq
lazımdır, kimdən qorumaq lazımdır?
– Qadınları heç kimdən və heç nədən qorumaq lazım deyil.
Qadınlara, sadəcə, qərarqəbuletmədə yer verilməlidir. Vəssalam.
Baxın, bütün nazirlərin hamısı kişidir. Niyə? İcra Hakimiyyəti
başçılarının hamısı kişidir. Məhkəmə işçilərinin cəmi on beş faizi
qadındır, qalan hamısı kişidir. Polisdə də qadın yoxdur. İndi-indi
qəbul eləyirlər. Yəni hər yerdə qadınların yeri ancaq aşağı
pillədədir. Niyə? Bu boyda cəmiyyətdə ağıllı qadın yoxdur nazir
olsun?! Bu boyda cəmiyyətdə bir ağıllı qadın yoxdur icra başçısı
olsun?! Kişilərin hamısı ağıllıdır, qadınların hamısı
ağılsızdır?
– Maraqlıdır.
– Bir evi idarə eləyən qadın, bir evdə üç uşağı olan, dörd uşağı
olan, beş uşağı olan qadının həyat yoldaşı gedir işə, gəlir, bütün
bu problemlərin öhdəsindən qadın gəlir. Hələ üstəlik qadının özü də
işləyir, evə pul da gətirir. Həm evin idarəçiliyini qadın eləyir,
xörəyini bişirir, öz gətirdiyi pulla kişinin qazandığı pulu
üst-üstə qoyub düzəldir, evə həm yemək alır, geyim alır, həm qızına
cehiz yığır, həm oğluna nişanlıq alır. Bunların hamısını qadın
eləyir də. Bəs necə olur, kişilər nazir işləyə bilir, qadın işləyə
bilmir?
– Milli Məclisdə qadınlar çoxdur axı. Bunları niyə
hesaba alımırsınız?
– Nədir ki? Milli Məclisdə cəmi 15 qadın var.
– On beş?
– Yox, on doqquz, ya da on səkkiz qadın var Milli Məclisdə. Yüz
iyirmi beş nəfərin içərisində on səkkiz qadın, deyirsən ki, çoxdur?
Yəni parlamentdə oturan bütün kişilər dağı dağ üstünə qoyublar,
amma qadınlar cəmi on səkkiz nəfər olur? Budur əsas məsələ. Ona
görə deyirik ki, qadın qadın hüquqları qorunsun. Və yaxud,
biznesmenləri götürək. Biznesmen qadınlar var? Qadına pul verirlər?
Qadına kredit verirlər? Hamısını kişilərə verirlər. Niyə? Çünki
üstündə para alırlar. Qadından pul almağa qorxurlar, amma
kişilərdən asanlıqla alırlar. Budur məsələ.
– Bəlkə, qadının missiyası başqadır, ona görə
belədir?
– Niyə, anlamıram, qadının missiyası nədir ki?
– Lap dədə-babadan necə görmüşük ki?
Qadın...
– Dədə-babadan danışırsansa, qadın həmişə başda otururdu. Lap
qədim türklərdən götürürəm, qadın həmişə savaşa kişilərlə bir yerdə
gedirdi. Kişi döyüşəndə qadın da ona mərmi daşıyırdı. Qadının rolu
bu olub da. Həm savaşda kişi ilə bir yerdə, həm də evdə bir yerdə.
Sən nə deyirsən? Hansı qadın evində uşağına baxmır? Hansı qadın
evində uşağına tərbiyə vermir?
– Novella xanım, qadın ibtidai icma quruluşu dövründə
qəbilə icmasında onun keşikçisi rolunu oynayırdı. Necə ki,
tərəkəmələrdə də qadına "ocaqqırağı" deyirdilər. Ocaq nədir, yəni
ev, ailə. Necə düşünürsünüz, bu kimi şeylər qadının hələ qədim
dövrdə missiyasını müəyyən etmirdi? Və yaxud, sizcə, qadın beyni,
qadın təfəkkürü kişiylə müqayisədə məhdud deyil? Tutalım,
Azərbaycanda Mirzə Cəlil səviyyəsində qadın yazıçı varmı? Niyə
yoxdur? Yaxud, Füzuli səviyyəsində...
– Əlbəttə, var. Məhsəti Gəncəvi, Natəvan, Dilbazi... Niyə yoxdur
ki? O qədər qadın ədiblərimiz var ki...
– Lap dünya mədəniyyətini götürək. Dünyada Dostoyevki,
Tolstoy miqyasında qadın yazıçılar var?
– Dünya mədəniyyətində nə qədər desən, qadın var. Nə qədər
desən, saya bilərəm.
– Var. Bilirəm. Çoxdur. Amma Dostoyevki, Tolstoy, Kafka,
Füzuli səviyyəsində varmı?
– Bilirsən, niyə yoxdur? Bilirsən, belə şeylər nədən irəli
gəlir?
– Niyə?
– Çünki kişlər bütün dövrlərdə həmişə özlərini hegemon hiss
ediblər. Yəni pul qazanan, çörək gətirən, neyləyən, neyləyən... Ona
görə də heç bir şair, heç bir yazıçı, yanında dürüst qadın olmasa,
o şeiri, o romanı heç vaxt yaza bilməzdi. Qadınların hesabına
yazılıb bu kitabların hamısı. Mən sizə deyim, bütün romanlar, bütün
şeirlər, məhz başda qadın olub ki, yazılıb, araya-ərsəyə gəlib.
Qadın olmasa, bir dənə şair, bir dənə yazıçı bir dənə yaxşı əsər
yaza bilməz. Əslində, o əsərləri elə qadının özü yazır.
– Məsələn, Əli Kərimin şeirlərini deyirsiniz ki, Elza
xanım yazırdı?
– Əli Kərimin şeirlərini Elza yazmırdı, amma Əli Kərimi ucaldan
Elza kimi qadınlar olub.
– Əslində, başqa cür deyirlər, yazırlar... Deyirlər,
Elza xanım Əli Kərimin şair olmasını istəmirmiş.
– Yox, yox, yox, mən inanmıram. Heç cür də razı deyiləm. Qadın
olmasa, heç cür mümkün deyil. Məsələn, çölə baxanda, gülə baxanda,
ağaca baxanda yenə də gözlərinin önünə qadın siması gəlir. Bütün
şairlərdə belədir. Bəxtiyar Vahabzadədən tutmuş Ramiz Rövşənə kimi.
Ayrı şeirlər var, düzdür. Məsələn, mən Ramiz Rövşəni çox sevirəm,
onun bir şeiri var, adı yadımdan çıxdı.
– "Qara paltarlı qadın"ı deyirsiniz?
– O ayrı, o ayrı... Oxuyuram. Şübhəsiz ki, vətən haqqında,
millət haqqında şeirlər yazan şairlər var, bunlar ayrı ki, qadın
barədə düşünməsən belə yazmaq mümkündür.
– Bizim cavan şairlərimizdən biri var – Aqşin Yenisey.
Eşitmisiniz?
– Eşitmişəm.
– Onun bir şeiri var. Yazır ki, qadın ev
heyvanıdır.
– Yox, yox, belə olmaz. Yazır, özü bilər. Bu fikirlə heç cür
razılaşmaq olmaz!
– Ədəbi prosesi izləyə bilirsiniz? Mədəniyyət
portalları, ədəbi qəzet və jurnallar...
– Vallah, başımız siyasi işlərə o qədər qarışıb ki, sözün düzü,
çoxdandır mədəniyyət portallarına, saytlara, qəzet və jurnallarına
baxmıram.
– Televizora baxırsınız?
– Hətta Azərbaycanda mədəniyyət o səviyyəyə düşüb ki, heç
televizora da baxmıram. Hərdənbir mədəniyyət kanalını açıram. Çünki
mədəniyyət kanalında, doğrudan da, köhnə oxuyanlar, köhnə
mədəniyyət xadimlərinin haqqında nəsə verirlər. ATV hərdən
Azərbaycanın mədəniyyəti barədə qəşəng verilişlər verir. Bakı
haqqında, rayonlarımız haqqında. İndi kanallarımızın əksəriyyəti
gic-gic şeylər verirlər. Azərbaycan haqqında çox gözəl şeylər demək
olar. Yəni bu qədər zəngin mədəniyyətimiz var. Astaradan,
Naxçıvandan, oranın insanlarında o qədər danışmaq olar ki...