Dünən
axşam saatlarında Hüriyyət Məmmədzadə tərəfindən
bıçaqlanan şair Mübariz Məsimoğluna 3 saylı şəhər klinik
xəstəxanasında baş çəkdik. Şairlə söhbətləşib həm vəziyyətini xəbər
aldıq, həm də baş verən hadisənin təfərrüatını
öyrəndik.
Axar.az Mübariz Məsimoğlu ilə söhbəti təqdim edir.
– Mübariz müəllim, indi necəsiniz?
– Altı yerdən yara almışam. Biri buddan, biri qarın boşluğundan,
biri qoltuq altından, əlimdən və sinəmdən. Onların üçü əsaslı
deyil, digər üçü ciddidir. Yəni bıçaq zərbəsi bir millimetr daha
dərinə getsəydi, həyati təhlükə olardı. Xəstəxanaya dünən axşam
gəlmişəm. Bu hadisəni törədən adamı da əvvəldən tanıyırdım. Hardasa
6 aydır ki, onunla danışmıram.
– Niyə danışdırmırdınız onu?
– Çünki o ziyalıya uyğun olmayan söhbətlər aparır. Ona görə
demişdim ki, mən olan məclisdə sən oturma, sən olan yerlərə də mən
gəlməyəcəm. Münasibətləri də bu şəkildə saxlamışdım. Dəfələrlə
şair, yazıçı dostlarla barışıq üçün söz göndərmişdi. Amma mən də
hər dəfəsində imtina etmişəm. Dünən axşam evə gəlirdim, təxminən
saat 6-ya qalırdı. Yanımda tələbə yoldaşım, Vəli Xramçaylı, Arif və
Cavanşir var idi. Hüriyyət də bu yoldaşlardan bəzilərini tanıyırdı.
Ona görə bizimlə bir maşına oturdu. Başladı ki, gəlin, sizə
qonaqlıq verim. Mən də etiraz etdim ki, səninlə oturmaq istəmirəm.
O, yenidən təkid etdi. Mən maşından düşüb onun oturduğu tərəfin
qapısını açdım. Düşən kimi sol böyrümdən bıçaq vurdu. İkinci,
üçüncü zərbədə bıçağı əlindən aldım və onu vurdum. Bu məqamda
cibindən ikinci bıçağı çıxartdı. Cavanşir onu qucaqlayıb, əlini
saxlamaq istəyəndə ona da zərbə endirdi. Cavanşirin yarası daha
dərindi, bağırsağı kəsilib. Ondan sonra Cavanşir özü yaralı-yaralı
maşını tibb məntəqəsinə sürdü. Orada polisə məlumat verdilər, mən
ifadə verdim və xəstəxanaya yerləşdirildik. Yəni bu, sırf yaramaz
bir adamın hərəkəti nəticəsində baş vermiş bir hadisədir. Əslində,
onu mən cəmiyyət içinə çıxardırdım. Ancaq özünü pis apardığına görə
sonradan onunla görüşdən imtina etmişəm.
– Bəlkə, təhqir etmisiniz, bundan əsəbiləşib, sizə hücum
edib.
– Yox, mən ona heç vaxt söyüş söyməmişəm. Sadəcə, altı ay əvvəl
mən ona demişdim ki, dur, mənim masamdan get. O da məni söyüb çıxıb
getmişdi. Ola bilər ki, kimlərsə məndən ona söz aparıblar.
– İçkili deyildiniz ki?
– Mən gündəlik olaraq məclislərdə içirəm. Özünüz bilirsiniz ki,
şair məclisləri içkisiz olmur. Mən içəndə də özümü apara bilən
adamam. İçki məclislərimiz ədəbi söhbətlərilə müşaiyət olunur. Amma
iş ondadır ki, həmin gün içməmişdim.
– Aranızda hər hansı bir ədəbi polemika olubmu? Bəlkə,
yaradıcılığınızı qısqanıb?
– Heç bir ədəbi polemikamız olmayıb. O, yaradıcılığımı
qısqanmır. Amma cəmiyyətdəki nüfuzum onda qısqanclıq yarada bilər.
Mənim ətrafımda olan adamlar artıq ondan uzaqlaşırlar. Bəlkə də,
buna görə məndən qisas almaq istəyib. Çox cılız adamdır.
– Uzun müddətdir ki, mətbuatda görünmürsünüz. Bunun
səbəbi nədir?
– Səbəb budur ki, "Yeni nəfəs" qəzeti maddi çatışmazlıqdan
dayandı. Daha çox sosial şəbəkələrdə yazdıqlarımı paylaşıram. Son
dövrlər isə ədəbi nəzəriyyə ilə məşğul oluram. Nizami Cəfərov,
Vaqif Bayatlı Odər, Elçin İsgəndərzadə haqda kitablar yazmışam.
– Hər halda, ikiniz də yaradıcı insansınız. Hüriyyət
Məmmədzadəni bağışlaya biləcəksinizmi?
– Azərbaycan balaca ölkədir. Mən onun özünə görə heç vaxt
bağışlamaram. Ancaq onun ailəsi var, ortaq dostlarımız var. Bu
barədə fikirləşərəm. Hələ ki, proses gedir, bu barədə sonra
fikirləşmək olar. Mən heç kimə düşmən kimi yanaşmıram.
– Dostlarınız sizdən nigarandır. Onlara sözünüz
varmı?
– Dostlarıma salamımı çatdır. Vəziyyətim çox yaxşıdır. Narahat
olmasınlar. Həkimlərin səyi nəticəsində vəziyyətim yaxşıdır. Məndə
heç bir fiziki travma qalmayacaq. Ancaq mənəvi travma var ki, gör
məni kim vurub. Məni yaramaz bir adamın belə bir hərəkəti
nəticəsində bu hala düşməyim incidir.