Bu günlərdə UniPrint mətbəəsində şair Musa Yaqub haqda
"Qara daşın sədası" adlı kitab çap olunub.
Kitaba "Şeirin taleyi" adlı ön söz yazan şair Maarif Soltan
kitabın tarixçəsi və çatışmazlıqlar haqda Axar.az-a danışıb:
"Kitaba ön söz yazmağım sırf təsadüfən oldu. Çap xərcləri
sifarişçini razı salmadığı üçün mənə müraciət etdilər və mən şairə
olan böyük hörmətimə görə nəşriyyat işlərini canla-başla boynuma
götürdüm. Hazırlıq işləri getdiyi məqamda hiss etdim ki, kitabın
məramı, məqsədi ilə bağlı nəsə yazıb açıqlama verməyə ehtiyac var.
Ön söz yazmağım bu zərurətdən yarandı. Yazandan sonra Musa
müəllimin özünə oxutmaq istədim, dedi, nə yazırsan yaz, çapdan
sonra oxuyacağam. Sağ olsun, həmişəki kimi etibar elədi. Mən Musa
Yaqubu kulta çevrilmiş şair saymıram. O, sevgisiylə, duyğularıyla,
ağrılarıyla canlı bir insandır. Buna görə də onun yaradıcılığına
da, şəxsiyyətinə də böyük bir el məhəbbəti var və ona yazılmış
şeirlər, deyilmiş fikirlər də bu sevgidən qaynaqlanır. Süleyman
Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qabil, Mirzə
İbrahimov, Nəbi Xəzri və onlarla başqa nəhəng söz adamları Musa
Yaquba şeirlər həsr edəndə, haqqında fikir söyləyəndə o, hələ
əyalətdə adi kənd müəllimiydi və ilk yazılarıyla yenicə diqqəti
cəlb etməyə başlamışdı. Musa müəllimə olan bu sevgi təbiidir, bir
növ, ağaca, çiçəyə, dağa, torpağa olan sevgidir və Musa Yaqubun özü
də ədəbiyyatda bir təbiət hadisəsidir. Nə gizlədək, indi nələrinsə
hesabına özləri haqqında qalın-qalın kitablar, xahiş-minnətlə
özləri haqqında şeir yazdıranlar, fikir dedirdənlər var. Amma bu
kitabda toplanmış 100-dən artıq qələm adamının yazdıqlarından Musa
Yaqubun sonradan xəbəri olub və bunlar hələ tam siyahı deyil,
kitabın çapından sonra məlum olub ki, kitabın tərtibçisi və
redaktorunun böyük zəhmətiylə yanaşı, unutduqları da var. Məsələn,
böyük yazıçılarımız Anarın, Elçinin, Fikrət Qocanın və başqa
dəyərli qələm adamlarının fikirləri kitabda yer almayıb. Mən
inanıram ki, Musa müəllim haqda hələ çox fikirlər deyiləcək, bundan
sonra hələ çox şeirlər yazılacaq. Çünki ona olan bu el sevgisi
tükənən deyil, bu sevgi davam etdikcə belə toplulara yenə ehtiyac
olacaq və tərtibçilər də səhvlərini düzəltmək şansı
qazanacaqlar".
Qeyd edək ki, kitabın redaktoru jurnalist-publisist Nəzirməmməd
Zöhrablıdır.