Həftəsonu Kitabevim.az mağazalar şəbəkəsində Türkiyənin
məşhur yazıçısı Qəhrəman Tazəoğlunun imza mərasimi və şeir gecəsi
keçirilib.
Axar.az türkiyəli bestseller yazarla "ayaqüstü" aparılan
müsahibəni təqdim edir:
- Klişe də olsa, bir sual vermək istəyirəm, Azərbaycan
yazarlarından kimləri tanıyırsız?
- Azərbaycan yazarlarını tanımıram, amma biz Azərbaycana
mahnıları ilə aşinayıq ("Ayrılıq" mahnısını zümzümə edir). Başda bu
əsər olmaqla bir çox əsəri böyük zövqlə, ləzzətlə dinləyirik.
Azərbaycanda olmaq çox gözəldir. Mən ilk dəfə gəlmişəm Bakıya, bu
şəhəri çox sevdim. İnşallah yenidən dəvət edərlər.
- Bakını bəyəndiniz?
- Bakıya birinci dəfədir gəlirəm, yağışlı və küləkli hava olsa
da, şəhəri gəzdik. Təkrar-təkrar gəlmək istəyərdim, inşallah dəvət
edərsiz.
- Haraları gəzdiniz?
- Şəhidlər Xiyabanına getdik, Dağüstü parka çıxıb şəhərə baxdıq.
Proqrama görə - bu gün də, dünən də proqramım var idi deyə, başqa
yerlərə gedə bilmədik, inşallah sabah şəhəri bol-bol gəzəcəyəm.
- İki kitabınız Azərbaycan dilinə tərcümə olunub. Öz
şeirlərinizi Azərbaycan dilində oxudunuzmu?
- Azərbaycan dilində oxudum, anlamağa, qavramağa çalışdım.
Adamın öz yazdığı şeirlərini başqa dildə oxuması qəribə gəlir,
Azərbaycan türkcəsində çətin anlaşılır, amma kitablarımın başqa
dilə tərcümə olunması məni çox xoşbəxt elədi. Çünki ilk dəfədir ki,
başqa bir dilə çevrilir. Bunlardan biri şeir, biri romandır.
- Bir az əvvəl dediniz ki (imza mərasimindəki çıxışında
– red.), yazmaq üçün, öncə çoxlu oxumaq lazımdır. Dünya
yazarlarından kimləri oxumusuz və hazırda kimləri
oxuyursuz?
- Dünya klassiklərini demək olar ki, hamısını oxumuşam, çağdaş
yazarlardan ad çəkməli olsam, Murathan Munqanı çox sevirəm, Təkin
Yönəci, Aytən Mutlunu çox oxuyuram. Ayşə Kulin, Ahmet Ümit, Orxan
Pamuku sevə-sevə oxuyuram, ən bəyəndiyim yazarlardılar. Və əlbəttə
ki, Zülfü Livaneli.
- Oxuduğunuz yazarların hansından daha çox
təsirlənmisiz?
- Daha çox Murathan Munqan.
- "Küsmək nədir, bilirmisin?" şeiri bəzi yerlərdə Nazim
Hikmitin adına çıxarılır. Əsil müəllifi kimdir?
- Əslində, bu, anonim şeirdir. Anonim deyərkən Nazim Hikmətə aid
olduğu deyilir, amma Nazim Hikməti çox oxumuşam, mənim bildiyim
Nazim Hikmət elə şeir yazmaz, yaza bilməz. Eynən "Məni gözəl
xatırla" şeirinin Orxan Vəlinin adına çıxarılması kimi... Bu şeir
Okan Savcı adında 19 yaşlı istedadlı bir gənc dostumuzundur. Özü
ilə şəxsən tanışlığım var. Həyatında ən az iki Orxan Vəli şeiri
oxumuş adam, bu sözləri Orxan Vəlinin yazmayacağını bilir. Biz
kitab oxumadığımız, bütün araşdırmalarımızı internet üzərindən
apardığımız üçün, internetdəki bilgilərin doğru olduğunu zənn
eləyirik. Bu da bir az yanlış bir şeydi.
Ezgin Kılıç adlı bir dostum var, "Ən son nə zaman bir qadını
sevdin?" adlı şeiri var, mən də səsləndirmişəm, bu şeiri də Nejat
İşlərin adına çıxırlar, müəllif əlində kitabı olduğu halda bu
şeirin özünə aid olduğunu sübut eləyə bilmir.
- Şairlərin bir çoxunun şeirlərinə mahnılar bəstələnir,
sizin də şeirlərinizə mahnılar bəstələnməsini
istəyərdinizmi?
- Şeirlərimə mahnı bəstələnməsini əlbəttə istərdim, amma
şeirlərin bəstələnməyə uyğun deyil. Mahnı sözü formatında
yazılmayıb, mən heca ölçülü, qafiyəli yazmadığıma görə bir az
çətindir bu, amma gənclər bir-ikisini bəstələyiblər.
- Köşə yazarlarından kimləri oxuyursuz? Siyasi
yazarlardan?
- Siyasi yazarlardan (gülür), sözü hara gətirmək istədiyinizi
anladım.
- Məsələn, Can Dündarı oxuyursuz?
- Yox, xeyir. Can Dündarı şəxsən tanıdığım üçün oxumuram, oxumaq
da istəmirəm. Türk mətbuatında köşə yazarlarının çox müstəqil yaza
bilmədiklərini, üzərlərində daima bir basqı olduğunu bilirəm, buna
görə də çox oxuduğumu deyə bilmərəm. Çünki qələmin arxasındakı
gözləntiləri bilirəm.
- Özünüz də siyasi hadisələrdən uzaq dayanırsız. Sizcə
yazarın, şairin ictimai fikri olmalıdır, yoxsa yox?
- Olmalıdır, amma özünə saxlamalıdır, məncə. Mütləq ki,
əsərlərində hər hansı bir şəkildə əks olunacaq. Mənim də əlbəttə
ki, özümə görə siyasi fikirlərim var. Bunu bəyan eləməyi düz hesab
eləmirəm, gördüyüm iş "Eşq yazarlığı". Mən eşqi yazıram. Eşqin də
ideologiyası, sağı-solu yoxdur. Eşq hamı üçün var.
- Müasir türk rejissorlarından, aktyorlarından kimi
bəyənirsiz? Məsələn, Nuri Bilgə Ceylanın Kann ödülü alması
hadisəsinə türk mətbuatında geniş yer verilmədi. Sizin
fikirləriniz?
- Hə, ayıb edildi. Nuri Bilgə Ceylan çox önəmli bir dəyərdir. O,
yaxşı rejissor olmaqla yanaşı, həm də gözəl bir fotoqrafdır.
Xüsusilə, Ceylanın qış fotoları çox bəyənilir, filmlərinə də
deyiləcək söz yoxdur. Amma mənim üçün "Uzaq" filminin ayrı yeri
var, NBC-ni çox sevirəm.
- Geyimləriniz çox sıradandı, marka geyinirsiz?
Ayaqqabılarınızı xüsusi seçirsiz, yoxsa?
- Yox, marka geyinmirəm. Ayaqqabım, onurğamda yırtıq olduğuna və
uzun müddət ayaq üstə qaldığıma görə xüsusi hazırlanır. Bircə
ayaqqabılarım xüsusidir. Qalan hamısı adi geyimlərdir.
- Yazarlıqdan qazandığınız pul yaşamınızı təmin edirmi?
Yoxsa başqa sahələrdən də gəliriniz var?
- Yox, başqa sahələrdən gəlirim yoxdur, yazarlıqdan qazandığım
yaşayışımı təmin edir. Amma əgər kitablarımın 10 qat artığı pirat
olunmasaydı, daha yaxşı şəraitdə yaşayardım.
- Türkiyə hökuməti yazarları dəstəkləyirmi? Xarici
ölkələrdə tanınmalarında, əsərlərinin xarici dillərə tərcümə
olunmasında maliyyə dəstəyi göstərirmi?
- Dövlətin bizim yazarlığımızla, kitablarımızın satışı ilə bağlı
birbaşa qatqısı yoxdur. Tamamən özəl sektorda nəşriyyatlar çap
eləyib satır, amma əlbəttə ki, dövlətə də çox yüksək miqdarda vergi
ödəyirik.
- Azərbaycan oxucuları ilə görüşdünüz, bu sizdə necə
təəssürat yaratdı?
- Birincisi, bunu deyim ki, Azərbaycanda bu qədər oxucum
olduğunu bilmirdim. Feysbukda bura, "Bakıya gəlin" yazırdılar, amma
bu qədər böyük kütlə olacağını düşünmürdüm. Dilin ağırlığına rəğmən
bir çox kitabımı oxuyublar. Bu məni çox sevindirdi, təkrar-təkrar
Bakıya gəlmək istərdim.
- Son olaraq oxucularınıza nə demək
istərdiniz?
- Lütfən, oxumağa davam etsinlər, hətta aralarında yazanlar da
var, onlar da yazmağa davam eləsinlər. Çünki bu ölkəyə oxuyan və
yazan insan lazımdır. Hamısını çox sevirəm.
P.S. Tədbirdə iştirak edən gənc şair Zamir Erkin bir vaxtlar
Türkiyə mətbuatına qədər gedib çıxan "Hər gün ağlımdan keçirsən,
adam bir salam verər" (Her gün aklımdan geçiyorsun, insan bir selam
verir) sözlərinin əslində Aşıq Veysələ yox, onun özünə aid olduğunu
yazara xatırladıb, bundan sonra da belə bilinməsini xahiş etdi.