Onunla görüşü Feysbuk
üzərindən razılaşdırdıq – bir xeyli yazışdıq-pozuşduq, anlaşdıq.
Dedik, bir çay süfrəsi arxasında oturaq, şeir ziyafətli söhbət
edək... Başımız söhbətə elə qarışdı ki, şeir yaddan çıxdı, çaylar
çaydanda soyudu... Ancaq söhbətimiz isti oldu, istiqanlı oldu...
Buyurun, oxuyun. Bugünkü həmsöhbətim tanınmış yazarlarımızdan Əkbər
Qoşalıdır.
Başımın avazıyan vaxtı olubmu, a sağ olmuş?
- Əkbər bəy, salam. Necəsən?
- Salam. Yaxşı deyək, yaxşı olsun.
Ani duruxub, əlavə edir:
- Gəl, belə danışaq, biz illərdir bir-birimizi tanıyırıq.
Yaşımız da yol verir ki, elə sadəcə adla müraciət edək. Sən
necəsən?
- Sağ ol, qardaş, bizlərdə də yaxşılıqdır. Deyirəm,
öncələr daha tez-tez görüşərdik, indi yaşının üstünə yaş gəldikcə
gözə də az-az görünürsən... Olmaya, yaşın çoxaldıqca, işlərin də
çoxalır?
- İşlər həmişə çox olub, mənim heç başımın avazıyan vaxtı
olubmu, a sağ olmuş? Ancaq yaş üstə yaş gəldikcə, hələ-hələ 40-ı
ötdükdən sonra, olaylara, işə baxış bucağı dəyişir, əlbəttə. İndi,
sanki "hər yerdə olmaq" üçün bir qaçaqaç, gethaget havası içində
olanları görəndə, "qabaqlar mən də belə(mi) olmuşam?", - deyə
düşünürəm.
Yadımdadır, bir dəfə bacımgilə gedərkən, adətim üzrə, elə
qapıdan girər-girməz, "işim var, tez qayıdacağam", - dedim. "A sağ
olmuş, sən havaxt bir rahat gələssən, oturassan?", - deyə giley
etdi bacım. Mən də, necə deyərlər, qaş düzəldən yerdə, göz tökənin
işi olmasın, "yəqin tez öləjəm, ona görə də inersiya ilə özüm-özümə
diktə edirəm ki, gərək qaçhaqovla da olsa, vaxt tapam, bütün
iş-gücümü tamamlayam", şəklində bir cavab verdim. Bircə dəfə, "Bıy,
bacın ölsün" dediyini eşitdim.
Nə isə, başını ağrıtmayım. (Çaydan bir qurtum alır)
- Yox, başağrısı deyil, söhbət eləyirik də... Deyirəm,
bəlkə "yaşının üstünə yaş gəldi" sözümdən incik düşdün? Əşşi,
kefini pozma, sənin qocalmağına hələ çox var...
- Yaxşı ki, xatırlatdın, dərd məni götürmüşdü, – gülür.
- Əkbər, sən çox aktivsən, necə çatdırırsan...
tədbirlər, xarici səfərlər, təqdimatlar, iş, ailə, övladlarının
qayğısı və üzündən də əskik olmayan təbəssüm.
- Sən sağ olasan, son günlər rəssam Nəvai Mətin məni tez-tez
Aktivist Sənətçilər Birliyinin toplantılarına çağırır – simasının
əbədi "qeydiyyatına" düşmüş təbəssüm yenə də özünü göstərir,
gülümsünür və sonra köks ötürərək davam edir: - Qardaş, aktivlik
deyil, e... bu, görüləsi işin çox olması ilə bağlıdır bəlkə. Hər
bir düşünən Azərbaycan insanının, hər bir vətəndaşımızın üzərinə
düşən nə qədər məsuliyyət var, bilirsənmi? Əlbəttə, bilirsən. İstər
şəxsi anlamda, istər ölkə anlamında çiyin verəcəyimiz nə qədər iş
var. Hər şeyi kimdənsə, haradansa gözləməklə olmaz. Gərək özümüz də
daşı daş üstə qoyaq. Zəlimxan Yaqub demiş, üst-üstə qoyaq ki, divar
olsun. Təbəssüm də varsa, nə mutlu mənə, - yenə də təbəssümlə üzümə
baxır, çayın soyuyur, - deyir.
Kütval ha deyiləm
- Divar deyirsən – maraqlıdır, uyğun olsa, bu məsələyə
də ayrıca toxunarıq. Ancaq indi mövzunu divarın o üzünə daşımaq
istəyirəm. Bilirsən, Əkbər, adama elə gəlir ki, sənin heç qəzəbli
vaxtın olmayıb.
- Nə danışırsan, a sağ olmuş? Mən kütval ha deyiləm. Qəzəbli
olmaq ariflər qatında yaxşı qəbul olunmasa da, o da bir insanlıq
halıdır. Bununla bağlı, uzun-uzadı vaxtımız olsaydı, "dilinin
altındakı paxlanı çıxar!" deyiminin necə yaranması barədə əhvalatı
danışardım, amma qalsın başqa vaxta.
- İnşallah. Sənin sözünlə desəm, a sağ olmuş, "qalsın"
deyə-deyə, başqa vaxta ötürə-ötürə gedirik... Neynək... başqa bir
məsələyə diqqət yönəltmək istərdim. Bax, bir çox yerlərdə
çalışmısan. Gənclər və İdman Nazirliyində, Silahlı Qüvvələrdə və
indi də Azərbaycanda Atatürk Mərkəzində. Üstəlik ayrı-ayrı
vaxtlarda iki ali məktəbdə təhsil almısan, neçə ictimai təşkilatın
quruculuğunda, idarəçiliyində iştirak etmisən, başqan olmusan.
Maraqlıdır, özünü harada daha rahat hiss edirdin?
- Sualı elə verirsən ki, rahatlıq hissi keçmişə aid olur, eləmi?
(Bu dəfə ürəkdən gülür) Bilirsən, qardaş, mən harada işləmişəmsə,
mənə nə iş etibar edilibsə, gücümün çatdığı qədər, işimi ən yaxşı
şəkildə yerinə yetirməyə çalışmışam. Aldığım maaşın azlığı-filan
da, işimə can yandırmağıma mane olmayıb. Xatırlayıram, Gənclər və
İdman Nazirliyində çalışdığım illərdə o zamankı nazir Əbülfəs
Qarayev mənə bir "Fəxri Fərman" vermişdi. Orada yazılırdı ki,
"...FƏDAKAR ƏMƏYİNƏ GÖRƏ TƏLTİF EDİLİR". Bilirsən, bir mülki dövlət
orqanında bu sözlərlə süslənmiş təltif nadir hadisələrdən sayılır
məncə. Silahlı Qüvvələrdə zabit kimi xidmət etdiyim illərdə də,
rəhmətlik hərbi hissə komandirimiz, polkovnik Vasif İmanov,
məsuliyyət anlamında məni nümunə olaraq göstərərdi və əlbəttə, mən
bundan çox sıxılardım.
Atatürk Mərkəzi çalışma həyatına başladığı gündən buradayam.
İnanıram ki, kollektivdə arzuolunmaz deyiləm (gülür).
- Və sənin cavanlığınla yanaşı böyüyən Dünya Gənc Türk
Yazarlar Birliyi (DGTYB)... Bu gün də nə qədər gəncin, dostumuzun
sənə başqan deyə müraciət etdiyini görürəm. Başqanlıq necə bir
hadisədir?
- 1998-ci ildən bu yana DGTYB adı efirdədir, həyatdadır,
ürəklərdə, beyinlərdədir. Və təkcə mənim deyil, neçə-neçə yazarın.
Başqanlıq necə bir hadisədir, deyirsən... nə deyim, vallah.
"Bilmirəm" desəm, necə olar? Mən başqanlığı tədqiq eləməmişəm,
öyrənməmişəm, tale kimi yaşamışam. Doğrudur, Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında, müəyyən qədər Texniki
Universitetdə də idarəetmə nəzəriyyəsini mənimsəmişəm. Ancaq
yaradıcı insanların birliyinə, hələ-hələ beynəlxalq birliyə
başçılıq etmək, başqa olaydır.
Ədəbiyyatımız bir az soyuqlayıb
- Elədir. Bəs necə düşünürsən, sənin də təmsilçisi
olduğun ədəbiyyatımız necə nəfəs alır?
Sual deyəsən ağır oldu, yoxsa gözləmirdi, bilmədim.
Çaylarımızı təzələdi və gülümsər halda dedi:
- Deyəsən, axı, provokasiyaya çəkirsən? Amma əsas odur, nəfəs
alır. Necə nəfəs alır? – deyim də, deyəsən, bir az soyuqlayıb, ağ
ciyər müalicəsi alsa, əcəba? Belə bir söz var, deyərlər, "qonşunun
nəyi, qonşuya nə görünər". Öncəki ədəbi nəsillərin yazdıqları indi
bir çoxlarına necə görünürsə, 90-cılar ədəbi nəslinin yazdıqları da
illər sonra o gücdə görünəcək. Özəlliklə, 60-cılarla, 90-cılar yada
düşəcək, müqayisələr daha çox bu ədəbi nəsillərlə aparılacaq. Daha
yaxın dövr olaraq da, 90-cılarla.
İndi ədəbiyyatımızın nə ilə nəfəs alması sual-mövzusunun altında
nə durursa, o, bəlkə də, sırf indi yaranan ədəbiyyatın özü ilə
bağlı deyil. İndi yaranan ədəbiyyat öz cilvəsini, dadını-duzunu,
sanbalını bir xeyli sonra daha əhatəli göstərəcək, deyə ümid
edirəm.
- Bir neçə yazarımız qürbətə getdi, onlar bizim
ədəbiyyatın qürbət qolunu yarada bilirmi, səncə? Yoxsa, qeybət
yazmaqla məşğuldurlar?
- Kimləri nəzərdə tutduğunu bilmirəm. Durum adama görə dəyişər,
hər halda. Və hər halda qürbət qürbətdir. Qeybət edənləri isə istər
qürbətə yox, belə lap qəlbimizin içinə qoyaq, təəssüf ki, yenə öz
işlərində olacaqlar.
- Əkbər, yaşıdlarınla müqayisədə çox şeyə nail olmusan.
Görünən budur. Amma mən bilirəm, illərlə əzab çəkmisən, dar
yataqxana otağında özündən başqa 4 nəfərlik ailə üzvlərinlə
yaşamısan. Neçə ildir də, paytaxtdan kənara köçmüsən. Şəhərdən bu
qədər uzaq yaşamaq səni daha çox nəyə yaxınlaşdırır?
- Faiq, qardaş, niyə belə qat-qat, radio anteni kimi iç-içə
çıxan suallar verirsən? İndi sən belə xatırlatmalarla mənim
ovqatıma yüngüllükmü gətirirsən, ağırlıqmı? A sağ olmuş, bu nə Feys
feyzi, çay kefi, söz ziyafəti oldu?!
Deyir və bilirəm ki, suallarım onu incitmir, sadəcə, ağır
keçən anlarını yaşadır, içində o ağırlığın oyanmasını istəmirmi,
zənnimcə, heç unutmayıb da axı. O, çayımı təzələyir, mən
sualımı:
Dreli əlinə alıb, sual verirsən...
- Sənin özündən neçə dəfə eşitmişəm, demisən ki, nə
necədirsə, deməli, elə olmalıymış. Bugünkü söhbət də belə alındı,
nə etməli? Yaxşısı budur, gəl, sən bir-iki sualımı da cavablandır,
ayrılaq. Sənin də getməyin gəlir, elə mən də, getsəm yaxşıdır.
Deyərsənmi, nəyə nail olmaq istəyirdin, olmadın?
Bu dəfə simasında duruxduğu hiss
olunur:
-Tanınmış televiziyaçı Nəsimi Nəbizadə bir həmkarımız haqqında
yazmışdı ki, sanki o, şeiri drellə yazır. Onun sözü olmasın, sən də
elə bil dreli əlinə alıb, sual verirsən. Adamı bir ovqata
kökləyirsən, dərhal da başqa ovqata keçid tələb edirsən.
Monarxsanmı, nədir? Nədir bu hallar? Bir macal versənə. Yoxsa, bu
"çəkirəm, ha!" havalı bir rubrikadırmı, nədir belə?
- Yox, a qardaş, çəkdiyim-filan yox, zəncanlılar demiş,
söhbətdü, eliyurux da. İkicə sualım qalıb, onları da verim,
sağollaşaq. Deməzsən, AYB-dən özünə qarşı nə zaman diqqətsizlik
görmüsən?
Köks ötürür:
- Öncə onu deyim, mən AYB-dən nə diqqət görmüşəmsə, şəxsən Anar
müəllimdən, rəhmətlik Arif Əmrahoğludan görmüşəm. Oradakı
dostlarımın diqqətini isə məhz dost diqqəti kimi dəyərləndirmişəm.
Bir də ki, AYB mənim üçün iş yeri deyil, Mərkəzi Aparatda
çalışmıram, sadəcə, Birliyin üzvüyəm.
"Səhərlər işə, axşamlar evə xoşbəxtliyi"
Ümumən özəl bir diqqət ummadığım üçün, diqqətsizlik olanda da,
haldan-hala düşmürəm. İş elə gətirib ki, tələbəlik illərindən
işləmişəm, sonra da həmişə, "səhərlər işə, axşamlar evə
xoşbəxtliyi" ortamında olmuşam – yəni qapı-qapı gəzməyə,
təmənnalara, yerli-yersiz istəklərə nə ürəyim, nə də iş ortamım
müsaid olmayıb, çox şükür.
Əlbəttə, mən sadəlövh adam deyiləm, ancaq sadə adamam, bundan da
kompleksə girmirəm, əksinə məmnunam – adam sadə olar də! Atalar
sözü ilə desək, "ağac nazikliyindən sınar, adam yoğunluğundan".
Sadəcə olaraq, bir də görürsən, kimsə öz ağlınca sənin sadəliyindən
sui-istifadə etməyə, avam yerinə qoymağa çalışır, bax, onda
sığortalarım atır. Bayaq deyirdin ey, qəzəbli olmursan-filan.
Zaman-zaman belə "kiçikçaplı gediş"ə cəhd edən adamlar olub və
əlbəttə, mən öz işimi, hesabımı bilmişəm.
- Ümumiyyətlə, fikirləşirsənmi ki, sən öz yerində
deyilsən? Sənin yerin ədəbiyyatda olduğun yerdir, yoxsa, daha
fərqli bir yeri arzulayardın?
- İnsanın əsl yeri onu yaxından tanıyanların vicdanla
yaraşdırdığı yerdir. İnsan olduğu yerin haqqını, gərəyini yerinə
gətirməldir. Haradasansa oranın qanununu qəbul etmisən, deməkdir.
Etmirsənsə, nə qədər tez ayrılsan, o qədər yaxşıdır, elə
deyilmi?
Ədəbiyyatçılıq, yazarlıq bir alın yazısıdır – anadolulular demiş
"bilməm, anlada bildimmi?" – mən "bilməm, çatdıra bildimmi?" demiş
olum.
Gülür və boğazını sığallayır, udqunur. Deyəsən çox
danışdıq, - deyə fikirləşirəm:
- Çay gətirsinlər yenə?
- Yox, çox sağ ol.
- Onda, hələlik, qardaş. Sağ ol, mənimçün xoş və maraqlı
oldu – məncə pis söhbət alınmadı, oxucular üçün də diqqətçəkici
olacaq.
- Təki elə olsun. Kollektivinizə sayğılar... AXARınız
qurumasın.