Yuxarı

Adamların “yoxa çıxdığı” şəhər: Ankara möcüzəsi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə təsəvvürümüzdə Sibirdən Himalaya, Altaydan Ağrıya, Baykaldan Aralığa və Qara dənizə - boğazlara qədər dünyanın belinə kəmər kimi dolanan böyük bir ərazi var. İndi o ərazinin mərkəzi missiyasını yerinə yetirən, boynundakı yükün böyüklüyündə bir möcüzə sezilən şəhərə yuxarıdan baxırıq. Həmişə aşağıdan müşahidə etdiyimiz bu ucalığı hündürlükdən görməyin yaratdığı bir səksəkə də var.

Ankara həmişə quru, amma sehirli şəhər təsiri bağışlayıb.

Dünyanın idarə olunmasında, xüsusən regionun taleyində əsas nöqtələrdən biri olan, böyük iddialar, planlar uğrunda hər zaman ayaqda olmağa çalışan qocaman, nəhəng bir şəhər. Kim bilir, bəlkə də, böyük türk dünyasının xəritəsi elə indi bu şəhərdə dizayn olunur. Dünyadakı bütün türklərin nəbzi Ankarada döyünür.

Türkiyənin digər şəhərlərindən fərqli olaraq, burada al-əlvanlıq, demək olar ki, yoxdur, Ankaranın üzündən hərb yağır, ciddi görkəmi ikrah yaratmır, əksinə, qürurvericidi. Binalar sanki rinqdə dayanıb, müdafiəsi möhkəm və hücuma hazır...

Şəhərin kənarlarını deyə bilmərəm, mərkəzində torpaqlar bombozdur, hələ-hələ çiçək bitirməz. Ağacları da sərtdir, bacardıqca göylərə ucalır. Yaşıl yarpaqları var, amma toxunsan, əlini kəsər!

Adamları az danışır, sualları tam dəqiqləşdirib, sonra cavab verirlər. Ümumiyyətlə, küçədə adam, demək olar ki, yoxdur.

Əməkdaşımız Aygün Musayevanın tez-tez verdiyi “Hanı avtobuslar, hanı küçədəki adamlar” sualına orada yaşayan dostumuz Turxan Namazov qısa və aydın cavab verir: “Burada hamı işləyir, küçədə nə işləri?!”

Bəli, Ankarada hamı işləyir, özü də gecə-gündüz, yorulmadan, xüsusi bir enerji ilə.

Elə ona görə də qısa müddətdə böyük layihələr həyata keçirilir, möhtəşəm nəticələr var.

Məsələn, səfərimiz zamanı Başkənd Universiteti ilə tanış olanda görürsən ki, bir əsrlik işi 20-30 ilə həyata keçiriblər. Universitetin yaradıcısı, dünyaca məşhur transplantoloq Mehmet Haberalla müsahibəmiz zamanı heyrətə gəlməmək mümkün deyildi. Adam bir dəqiqə nəfəs dərmir. Hər gün azı 14-15 saat çalışır və bütün komandası da onun rejimində işləyir: “Həkimin iş saatı olmur. Çünki xəstəlik saatla gəlmir”.

Elə buna görə də Türkiyənin istər səhiyyə sistemində, istər siyasi müstəvidə çox məşhur isim olan Haberal dünyanın, yəqin ki, heç yerində olmayan bir sistem qurub.

O, 1975-ci ildə Türkiyədə canlı donordan böyrək nəqli əməliyyatını icra edərək ilkə imza atıb.

1978-ci ildə Avropa Orqan Nəqli Vəqfinin xətti ilə Türkiyədə ilk dəfə beyin ölümü keçirmiş donordan böyrək nəqli əməliyyatını da o icra edib. Bir il sonra - 1979-cu ildə Türkiyə Böyük Millət Məclisində orqan və toxuma nəqliylə bağlı qanun qəbul edilməsinə nail olub. Yenə 1979-cu ildə Türkiyədə ilk dəfə beyin ölümü keçirmiş yerli donordan böyrək nəqli əməliyyatını icra edib. 1980-ci ildə Türkiyə Orqan Nəqli və Yanıq Müalicəsi Vəqfini yaradıb. 1982-ci ildə Ankarada ilk Hemodializ Mərkəzini qurub. 1985-ci ildə Ankarada Orqan Nəqli və Yanıq Müalicəsi Vəqfinin xəstəxanasını yaradıb. 1988-ci ildə Türkiyədə beyin ölümü keçirmiş donordan ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını icra edib. Türkiyə, Avropa və regionda ilk dəfə uşağa canlıdan bir hissə qaraciyər köçürmə əməliyyatını icra edib. Dünyada ilk dəfə yeniyetmələrdə canlıdan hissəvi qaraciyər köçürməsi əməliyyatını həyata keçirib. 1992-ci ildə dünyada ilk dəfə eyni canlı donordan hissəvi qaraciyər və böyrək köçürmə əməliyyatını icra edib. 1993-cü ildə Başkənd Universitetini qurub. 1998-ci ildə Yalovada ilk Dializ Mərkəzini açıb. Bakıda da Dializ Mərkəzinin qurulmasında iştirak edib. Ankarada, sonra Alanyada Başkənd Universitetinin xəstəxanasını açıb. 2004-cü ildə “Kanal B” televiziyasını, “Radio Başkənd”, həmçinin “Başkənd” xəbər agentliyini qurub. 2006-cı ildə Azərbaycan Tibb Universitetinin fəxri doktoru seçilib. 2015-ci ildə Qazaxıstanda ilk dəfə qaraciyər nəqlini gerçəkləşdirib. 2015-ci ildə Türk dünyası Transplantasiya Dərnəyini təsis edib və sədri seçilib. Hazırda 10 vəqfin rəhbəridir.

Təkcə Başkənd Universitetində 8000 nəfərə yaxın əməkdaş çalışır. 10 xəstəxanası, 1 poliklinikası, 14 dializ mərkəzi, turizm üzrə 2 oteli var.

Universitetdə 30-dan çox elmi araşdırmalar mərkəzi, institutlar var. Universitet, həmçinin bir neçə istirahət mərkəzi tikib. Bundan əlavə, hektarlarla əkin sahələri, heyvandarlıq üçün ayrıca ferma yaradılıb. Burada bəslənilən heyvanların südünü istehsal etməyə görə zavod açıblar. Zavodun mallarını satmaq üçün özlərinin ayrıca mağazaları fəaliyyətə başlayıb. Universitetdə, xəstəxanalarında və otellərində tam orqanik olan bu məhsullardan istifadə edilir.

Bundan əlavə, ətlə təminat da həmin fermadakı heyvanlar hesabına başa gəlir.

Heyvanların yununu da özləri istifadə edirlər - tekstil fabriki açıblar. Bundan əlavə, iri turizm şirkəti də fəaliyyət göstərir. Saydıqca bitmir bir həkimin gördüyü işlər.

“Biz türkləri Amerikanın, Almaniyanın ümidinə buraxa bilmərik. Buna görə bütün yeni bilikləri, texnologiyanı Türkiyəyə gətirdik. Gəlin, görün, öyrənin gedib öz ölkənizdə tətbiq edin. Yardım lazım olsa, onu da edəcəyik...”

Bu cümlələr, əslində, Ankaranın türk dünyasına yanaşmasının qısa xülasəsidir. Bu xülasədə təkcə dünyaya məlum olan geopolitik müstəvidə bir qardaşlıq, dostluq münasibətlərindən söhbət getmir. Ankaranın təhsil, sağlamlıq baxımından əməkdaşlıq etmək istəyi, insanlarımıza xidmət göstərmək, oradakı təcrübəni Azərbaycana daşımaq arzusunu da dilə gətirilir.

Tarix
2021.02.22 / 14:58
Müəllif
Elçin Zahiroğlu
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla