Tarixi Qazax geniş bir ərazini əhatə edirdi. Bu əraziyə Azərbaycanın indiki Qazax, Ağstafa, Tovuz, qismən Gədəbəy rayonları, Ermənistanın bir hissəsi - Karavansaray (indiki İcevan), Barana (Noyemberyan), Şəmsəddin (Berd), Qaraqoyunlu (Krasnoselsk), Dilican və Gürcüstanın Borçalı bölgəsi daxil idi.
Azərbaycanın şimal-qərbi ən qədim zamanlardan insan məskəni olmuşdur. Qədimlərdən bəri daim karvan yollarının kəsişdiyi Dilican dərəsi də Karvansaray rayonu ərazisindədir (Son illərdə Dilican dərəsində mərkəzi Dilican şəhəri olan ayrıca Dilican rayonu təşkil edilib). Yüz illər boyu Qazax, Ağstafa, Şəmkir, Tovuz rayonlarının əhalisi yayda Dilican dərəsində dincəlirdi. Tanınmış Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov da vaxtilə bu ərazidə meşəbəyilik etmişdi. Hətta Qaçaq Kərəmin Dilican meşələrində dəstəsi ilə gizlənirdi.
Müxtəlif tarixi, bədii mətnlərdə adına çox tez-tez rastlaşdığımız Dilican dərəsi vaxtilə Gəncə quberniyasının Qazax qəzasında şəhər idi. Sonradan bu ərazi indiki Ermənistan Respublikasının tərkibinə ilhaq edilmişdir. M.Seyidov “can” sözünü “qan” sözünün fonetik baxımdan dəyişmiş forması hesab edərək, “ata, hakim” anlamında olduğunu göstərmişdir. Müəllifə görə, Dilican quruluşca mürəkkəb etnotoponim olaraq (Delican, Delecan) “tele” tayfasından olan hakimin, atanın (hörmətli, şöhrətli mənasında) yaşayış məskəni mənasını verir.
1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirildi. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsi müxtəlif tərəflərdən izah olunsa da, kökü həmin adların türk mənşəli olması idi. Leninin ermənipərəst siyasəti və Azərbaycan toponimlərinin erməniləşdirilməsi daha kütləvi xarakter alırdı. Leninin razılığı ilə 1920-ci ildə onlar ərazi iddialarını təmin edə bilmişdilər. Belə ki, azərbaycanlılar yaşayan Zəngəzur və Göyçə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan qoparılıb Ermənistan Respublikası yaratmaq naminə ermənilərə bağışlandı. Rus imperiyası Azərbaycanı qəzalara böləndə Qərbi Azərbaycanın da sərhədləri “yeniləşdi”: Dilican, Eçmiədzin, Zəngəzur, İrəvan, Yeni Bəyazit (Kəvər), Loru-Pəmbək, Şərur-Dərələyəz, Şörəgəl-Gümrü (Aleksandropol) qəzalarına bölündü.
Dilican 1826-cı ilədək Qazax mahalının kəndlərindən biri idi. O, 1919-cu ilədək Azərbaycanın tərkibində Qazax-Dilican qəzası adlanırdı. İyirminci illərdən qəza ləğv edildi, rayon yaradıldı. Sonra da Dilicanın adını dəyişib “Krasnoyeselo” qoydular. Halbuki, Ermənistanda sovet hakimiyyəti yarananadək Dilican Gəncə quberniyasının Qazax qəzasının tərkibində idi.
Yeri gəlmişkən, Dilican rayonunda 21 azərbaycanlı, 8 erməni kəndi vardı. 1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevanla, Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni azərbaycanlı kadrlar çıxdaş edildikdən sonra bəzi rayonları sonralar yenidən ayırmışdılar.
Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Krasnoselsk rayonu (indiki Çəmbərək rayonu) ərazisində yerləşir.
1995-ci ildən sonra əraziyə ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün Tavuş adı verilib. Ərazinin əsl adı Tavus adlanmışdır. Ərazi adını həmin ərazidə yerləşən Tavus qalanın adından götürmüşdür. Qalanı əraziyə eramızın 3-cü əsrində köç edən hunlar tikmişlər. Qala qədim türkcədən tərcümədə dağ üstündə qala mənasını verir: “Tau ust qala” (Tukustak-Taukustka-Tauustkala). Qala yerli əhali tərəfindən yerli ləhçədə Tauusqala (Touusqala) adlanır. Rəsmi sənədlərdə 1965-ci ilədək Tavus adlandırılmışdır. Sonradan yanlış olaraq Tovuz quşu adının təsiri ilə Tovuz adlandırılmışdır (Görünür ermənilərin təsiri də az olmayıb, ərazinin erməni mənbələrındə keçən adının Tuzkatak (Тузкатак/Тучкатак) ikinci hissəsini - "katak" - onlar quş mənasında yozurlar).