"Səhv düşəndə yerimiz"
layihəsində iki ayrı peşə sahibinə sualların yerini dəyişərək
verməklə və alınan cavabların nöqtə-vergülünə toxunmamaqla
reaksiyaları, bilgi spektrini və yumor hissini yoxlamağa, bununla
da həm müsahiblərimizi, həm oxucularımızı əyləndirməyə
çalışacağıq.
Axar.az-ın layihə üzrə budəfəki qonaqları müğənni Faiq Ağayev və
yazar Cəlil Cavanşirdir.
– Sentimentalizm və realizm cərəyanlarının bir-birindən
əsas fərqi nədir?
Faiq Ağayev (müğənni): Siz məni tikinti yerində
haqladınız. Fikrim tam yayınıqdır. Üstəgəl, nəzərə alın ki, mən rus
bölməsində oxumuşam. Bilirəm ki, sentimentalizm və realizm
cərəyanları müxtəlif anlayışlardır. Amma indi sizə dəqiq müəllif
adları, təəssüf ki, deyə bilməyəcəyəm. Gərək düşünüm. Açıq etiraf
edirəm ki, rus bölməsində oxuduğuma görə bu anlayışlar və
Azərbaycan ədəbiyyatı bizim məktəb proqramımıza daxil olmayıb.
Sonradan özüm marağıma görə – məktəb proqramına görə yox – əsərlər
oxumuşam. Buna görə də məhz bu məsələdə, yəqin ki, sizə karlı
olmayacağam.
Düzgün cavab: Realizm həyat həqiqətlərinin
bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir
vasitələri ilə əks etdirməli olduğu halda, sentimentalizm duyğunu,
romantikliyi və həssaslığı əsas götürən sənət anlayışıdır.
– Neçə oktava var?
Cəlil Cavanşir (yazar): Bildiyim qədər iki
oktava var.
Düzgün cavab: Oktava sayı 8-dir.