Yuxarı

Salayevin “soyunaq” çağırışına peşəkar - Cavablar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salayevin “soyunaq” çağırışına peşəkar - Cavablar

Keçən ayın axırında ODA Teatrında baş rollarını fransız aktrisa Elza Furtado və azərbaycanlı aktyor Elmin Bədəlovun oynadığı "MimOda" adlı 18+ tamaşanın premyerası oldu.

Azərbaycanda ilk dəfə bu cür "açıq-saçıq" səhnələrin yer aldığı tamaşanın nümayiş olunması sənət adamları tərəfindən birmənalı qarşılanmadı. Ayaz Salayevin Azərbaycanlı aktrisalara "səhnədə soyunun ki, rejissorlar xaricdən aktrisa gətirməsin" müraciəti sənət dünyasının gündəmini əməlli-başlı dəyişdi.

Axar.az bu mövzu ilə əlaqədar rejissorların fikirlərini öyrənməyə çalışıb.

Yeri düşürsə, nəinki soyunmaq, hətta söymək də olar

"Salnamə" kinostudiyasının quruluşçu rejissoru Tahir Əliyev soyunmağın müxtəlif formaları olduğunu deyib:

"Aktrisa mütləq soyunmalıdır" deyilən bir anlayış ola bilməz, izafi söhbətdir bu, çünki soyunmaq şərt deyil. Aktrisa soyuna da bilər, soyunmaya da. Lazım olduğu yerdə soyuna bilər, əgər obrazda belə bir şey yoxdursa, niyə soyunmalıdır? Ola bilər, Ayaz Salayev kefli olub o sözləri deyəndə. Soyunmağın formaları var. Yataq üçün və ya dənizdə çimmək üçün soyunmaq olar. Amma və lakin yeri oldu-olmadı soyunmaq yersizdir. Aktrisanın soyunmağı istedad və ya sənət fədailiyi deyil. Yeri düşərsə nəinki soyunmaq, hətta söyüş də söymək olar".

Erotik filmi ilə "No smoking" festivalında "Ən yaxşı rejissor" mükafatına layiq görülən gənc rejissor Elvin Abdullayev bildirib ki, yeni filmində balaca sevişmə səhnəsi üçün Türkiyədən aktrisa gətirib:

"Özüm erotik film ilə mükafat qazanmışam, sizcə, bu mövzuya münasibətim necə ola bilər?! Düşünürəm ki, əgər o səhnələr xüsusi və incə mahiyyətli məqamda istifadə olunursa, yerli-yerində rejissor yanaşmasını özünə uyğun açırsa, o səhnələri çəkmək lazımdır. Çəkmək olar yox haa, çəkmək lazımdır. Sonra onu kimlərin izləyib-izləməyəcəyi isə tam olaraq tamaşaçının öz əlində olmalıdır. Yeni bir film kinoteatra çıxdıqda 16+ və ya 18+ işarəsi mütləqdir ki, tamaşaçılar üçün sürpriz olmasın. Yoxsa evdə oturduğun yerdə (göydən düşmə) olmamalıdır, böyük-kiçik və ya uyğun olmayan bir məqamda ekrana çıxmamalıdır. Tamaşaçı bunu mütləq bilməlidir.

Biz yeni filmə hazırlaşırıq. Orda kiçik sevişmə epizodu var, Türkiyədən aktrisa dəvət edəsi olduq. Filmin detallarını deyə bilməyəcəm, amma deməyim budur ki, bizdə hələ də belə səhnələrin çəkilməsində çətinliklər var".

Rejissor Yaşar Əhmədov aktrisaların soyunmaq xətrinə deyil, soyunanda da sənət üçün soyunmalı olduğunu bildirib:

"Məsələ soyunmaq xətrinə soyunmaq deyil, sənət üçün, həqiqətən lazım olduğu, gərək görüldüyü yerdə soyunmaq qəbahətli bir şey deyil. Azərbaycan mentalitetini nəzərə alaraq deyə bilərəm ki, xaricilərin soyunması daha asan olar. Çünki bizim bəzi aktrisalar "çəkilirəm, amma tərəf müqabilimlə əl-ələ tutmayım" deyirlər".

Hazırda Türkiyədə təhsil alan gənc rejissor Rza Rzayev belə səhnələrin sinematoqrafik həll yolları olduğunu deyib:

"Sinema həm də paradoksal sənətdir. Hamının edə biləcəyini etmək, çəkmək, göstərmək sənət deyil. Sinema gerçəkliyin özü yox, onun yenidən istehsal edilməsi, gerçəkliyin çevrilməsidir. Aktrisa gerçəkdə soyunduğu kimi filmdə də soyunacaqsa, bunun heç bir mənası olmayacaq, tamaşaçı düşünəcək ki, bunu hər gün mən edirəm, səndən də yaxşı! Belə səhnələrin sinematoqrafik həll yolları var. Aktrisanı soyunduğunu göstərmədən də onun çılpaq olduğunu göstərmək olar, çünki filmdə gördüklərimiz görə bilmədiklərimizi anladır! Rejissor olaraq Tanrının qarşısında nəyi danışmaq, nəyi çəkmək, nəyi göstərmək olarsa, onları edərəm! Həyatda ən asanı soyundurmaqdı, sənət isə daha çətini ilə məşğul olur - geyindirməklə! Belə səhnələrin kültürəl kodları var. Rejissor kültürəl kodları tapmalıdır, tamaşaçıya görmədiyini, edə bilmədiyini göstərməlidir! Dünya soyunmaq mərhələsini keçib, geyinmək mərhələsindədir. Bizdə deyəsən, kimlərsə hamını özü kimi görmək istəyir, buna da öz xilası kimi baxır. Ayıbını örtmək kimi - mən xəstəyəmsə, hamı bu xəstəliyə tutulsun istəyir".

Aylar öncə açıq-saçıq səhnələrinə görə gündəm yaradan "Qız yükü" serialının rejissoru İntiqam Hacılı bildirib ki, aktyor və aktrisa üçün sənət naminə soyunmaq problem deyil:

"Oyunçuluqda aktyorluq və ifaçılıq (artistlik) deyilən anlamlar var. Aktyorluq elmdir, sənətdir. Aktyorluğu bu elmi bilənlər bacarır. Oyunçuluqda artistliyi bütün həvəskarlar ifa edə bilərlər, amma onlar aktyor deyildir. Sadəcə süni olaraq hansısa bir hərəkəti robot kimi yerinə yetirirlər, elələrində bu hardasa yaxşı alınır, əksəriyyətində isə ümumiyyətlə alınmır. Yəni oyunçuluqda artistlik (adi ifaçılıq) eləməyə nə var ki! Amma aktyorluq sənəti önündə baş əyiləsi bir sənətdir. Və sualınıza gəldikdə isə artıq cavab vermək olar. Aktyor və aktrisa üçün sənət naminə soyunmaq problem deyil, çünki həmin aktyor heyəti kafası rejissor olanlarla işləyirlər, adı rejissor olanlarla yox. Beləliklə, sənət naminə nə lazımdırsa, bunu aktyor da edir, kafası rejissor olanlar da... Belə, bilmədim izah edə bildim, ya yox. Əsas odur ki, rejissor kimi film çəkmək istədikdə beyinimdə ancaq sənət haqqında düşüncələr olur".

Filmləri ilə nəinki ölkəmizdə, xaricdə də bir neçə mükafat sahibi gənc rejissor Röyal Əliyev aktrisaları xarici və yerli deyə bölgüyə ayırmağı savadsızlıq hesab etdiyini bildirib:

"Akrisa aktrisadır – onu xarici-yerli deyə adlandırmaq sadəcə olaraq savadsızlıqdır. Qaldı bizim aktrisaların soyunmasına; əgər o soyunma səhnəsində estetika, incə duyğular, mədəniyyət varsa, əxlaq normaları çərçivəsində olursa, məncə, bunu elə bizimkilər də edə bilər. Sadəcə olaraq bəzi küçədən keçən, rejissor təhsili olmayan, həyatın atılmış, lazımsız parçası olan bir qrup insan var ki, onların bizim aktrisalara münasibəti barlardakı "5 manatlıqlara" olan münasibət kimidir. Onlar elə bilirlər ki, gecə barda kim necə soyunubsa, aktrisa da filmdə elə soyunmalıdır. Ona görə də sənətə münasibət görməyəndə, onlara fahişə kimi davrananda bizim aktrisalar əlbəttə ki, yox deyəcəklər. Ancaq istənilən aktrisamıza bu təklifi incəsənət nöqteyi-nəzərindən yanaşaraq desən, heç kim yox deməz. Hər şeyin başında təhsil durur. Bəziləri var ki, çəkilişdən kənar qiymətlərini qaldırmaq üçün asan reklama keçirlər - filmdə bədənləri görünsün. Bəli, bu, həqiqətən də belədir. Və soyunma səhnəsindən sonra bəzi dırnaqarası aktrisaların qiyməti əməlli-başlı qalxır. Bir də ki, hər kamera önünə keçənə aktrisa deməzlər. Aktrisa deyəndə ilk öncə onun savadı, təhsili, hansı müəllimlərdən dərs aldığı, hansı festivallarda iştirak etdiyi, kurs və ya diplom işləri nəzərə alınmaldır. Əgər bunlar yoxdursa, ona aktrisa deməzlər. Sadəcə olaraq hər kəsə adı ilə müraciət etmək lazımdır.

Aktyorluq təhsili olmayanların bu sahədə çalışması düzgün deyil. Dünyada aktrisa-rejissor anlayışları var, xarici-yerli anlayışları yoxdur. Bir aktrisa həm şərq qadını rolunu həm də bar qadını rolunu oynamağı bacarmalıdır".

Rejissor İmam Həsənov bildirib ki, istəyi aktrisaları soyundurmaq deyil, sənət göstərməkdir:

"Mən soyundurmaq və bundan pul qazanmaq istəməmişəm. Buna görə heç bir pul da almamışam. Mənim istəyim soyundurmaq yox, sənət göstərməkdir, kiçicik dəyişiklik etməkdir. Klassikadan əl çəkmək yox, daha çox reallığı göstərməkdir. Mən, sadəcə daha real, daha canlı həyatı səhnəyə gətirmək istəyirəm. Səhnədə adam soyundurmaq yox, səhnədə real seksi göstərmək istəyərəm, əgər buna cəsarət edən aktyor və aktrisa varsa..."

Tarix
2015.08.06 / 15:56
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Rusiya MN rəhbəri Azərbaycana gələcək

Rusiya buna görə Əliyevə minnətdardır - Putin

Tokayev bu il Azərbaycana gələcək

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla