Ramiz Məlik və Ramiz Novruz arasında baş verən qalmaqal
nazirliyin diqqətindədir.
Axar.az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar
Şıxəmmədov deyib.
Nazirlik rəsmisi Report-a açıqlamasında Akademik Milli Dram
Teatrının xalq artistləri arasında baş verən davaya münasibət
bildirib.
"Sentyabrın əvvəlində teatr mövsümünün açılışı olacaq. Mövsümün
açılışı ərəfəsində həm sonuncu, həm də bundan öncəki baş vermiş
qalmaqala yenidən baxılacaq. Hadisələr araşdırılacaq, baş verənlər
təhlil olunacaq".
Artıq aktyorlar barışıb. Ramiz Novruzun sözlərinə görə, barışıq Yasamal Rayon Polis
İdarəsinin 2-ci Polis Bölməsində baş tutub: "Bu gün səhər Polis
Bölməsində Ramiz Məlikdən üzr istədim. Barışdıq və Ramiz Məlik
şikayət ərizəsini geri götürdü. Hazırda teatra gedirik.
Bir azdan teatrda kollektivin qarşısında yenidən Ramiz Məlikdən
üzr istəyəcəm. O, məndən 12 yaş böyükdür. Ağsaqqaldır. Mən ona əl
qaldırmışam. Əlim üzünə dəyib. Bilmədən olub. Əsəbi olmuşam".
R.Məlik də həmkarının dediklərini təsdiqləyib: "Mən böyüklük
etdim. Onu bağışladım. Dəfələrlə üzr istədi. Polis bölməsində olduq
və ərizəmi geri götürdüm. İndi teatra gedirəm. Saat 15:00-da
kollektiv qarşısında məndən yenidən üzr istəyəcək. Barışdıq və
söhbətin bitməsini istəyirəm".
Xatırladaq ki, avqustun 23-də aktyorlar arasında yumruqlaşma
səviyyəsində dava olub. R.Məlik həmkarından polisə şikayət
edib.