Milli kinematoqrafiyamızın
bənzərsiz nümunələri sırasında fantastik janrda çəkilən filmlərin
də adını çəkmək olar. Ədəbiyyatımızda olan şərti-metaforizm
nümunələrini kinoya köçürmək və ya kino üçün mifik obrazlar
yaratmaq böyük məharət tələb edir.
İllər keçməsinə baxmayaraq, hələ də maraqla izlənilən "Qərib
cinlər diyarında", "Bir qalanın sirri", "Sehrli xalat" kimi filmlər
istər forma, istərsə də məzmun baxımından böyük sənətkarlıq
nümunəsidir. Bu filmlərdəki mifik rolları canlandıran aktyorlar
bəzən tamaşaçının yaddaşında adlarından çox rolları ilə qalır.
Axar.az Azərbaycan kinosunda canlandırılan mifik
obrazları təqdim edir:
Böyük div
Unudulmaz sənətkar Eldəniz Zeynalov "Əzablı yollar" filmində
Böyük div rolunu canlandırıb. "Məlikməmmədin nağılı" adlı
Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmiş bu film
insanları xeyirxah olmağa çağırır. Film 1989-cu ildə ABŞ-da 17 ən
yaxşı sovet kinolenti siyahısına daxil edilib.
Zərri
Xalq artisti Amaliya Pənahova "Qərib cinlər diyarında" filmində
canlandırdığı Zərri obrazı kinematoqrafiyamızda ən uğurlu əcinnə
obrazıdır. "Qərib cinlər diyarında" filmi var-dövlət arzusu ilə
yaşayan kasıb kəndli balası Qəribin sərgüzəştlərindən bəhs edir.
Qəribin arzusundan xəbər tutan cinlər padşahı Akşad onu öz diyarına
dəvət edir, o da razılıq verir. İlk baxışda elə görünür ki, Qərib
məqsədinə çatıb, ancaq çox keçmir ki, o, evləri, anası, sevgilisi
üçün darıxmağa başlayır. Sevgilisinin cildinə girib onu yoldan
çıxarmaq istəyən Zərrinin "soyuqluğuna" görə Qərib onu sevdiyindən
fərqləndirə bilir.
İblis
"Qərib cinlər diyarında" filmində İblis rolunu Azərbaycanın ilk
nağıl cəngavəri, daha çox "Bir qalanın sirri" filmindəki Elşən kimi
tanıdığımız Gündüz Abbasov canlandırıb.
Əsra-Kəsra
Həmin filmdə hər kəsin böyük sevgisini qazanan təlxəklər – Əsra
ilə Kəsra da yaddaqalan obrazlardır. Kəsra rolunu aktrisa Gülşən
Qurbanovanın həyat yoldaşı, mərhum aktyor Mübariz Əlixanoğlu, Əsra
rolunu isə aktyor Ələsgər Məmmədoğlu oynayıb.
Cin
"Cin mikrorayonda" filmindəki Cin rolunun ifaçısı Rəşid
Mahmudzadədir. Filmdə cin obrazı rəmzidir. Onun müasir məkanda
müasir adamlarla ünsiyyətə girməsi tamamilə şərti xarakter daşıyır.
Filmin ideyası, aşıladığı fikir də məhz bu şərtilik fonunda
çatdırılır. Filmin sonunda gəlinən qənaət budur ki, süni şəkildə
əldə edilən heç bir uğur insana mənəvi zövq vermir və həyat
maraqsızlaşır.
Göygöz Kosa
Milli kinematoqrafiyanın ilk rəngli filmi olan "Bir qalanın
sirri" 1959-cu ildə lentə alınıb. Filmin adı əvvəlcə "Qanlı qala"
olsa da, sonradan sovet rəhbərliyi uşaqlara aid bir filmdə qan
sözünün işlənməsinə qarşı çıxıb və bu ekran əsəri "Bir qalanın
sirri" kimi tarixə düşüb. Filmdə cadugər Göygöz Kosa obrazını
mərhum sovet aktyoru Andrey Fayt canlandırıb.