Adı üstündə
Bir daha açmamaq üzrə
yumarıq gözlərimizi
İlk dəfə əziləndə.
Çıxmaz canımızdan bu korluq azarı
bir ömür.
Bir ömür də belə qurban gedər ilk
səhfə.
Ayağımız kəsiləndə
yaşamağın qapısından
Unudarıq yürüməyi,
Alıb canımızı dişimizə sürüyərik,
Sürünərik, çürüyərik beləcə,
hərəmiz bir ad altında –
Ana, arvad, bacı, qız...
Adı üstündə qadınıq
Aciz, ucuz...
***
QADIN
Heç vaxt dərk edilməyən,
tərk edilən
Həmişə yatağa,
yatılmağa itələnən,
atılmaqla hədələnən,
bədəni satılan,
ruhu vətənsiz qalan
Ay allahın qadını,
daha nə deyim sənə?!
Bəsdi boynunu bükdün
yaşamağın qapısında.
Yoxdu sənin adına bu dünyada
zaman,
məkan
Ya çıx get bu iyrənc varlığınla,
yox ol,
ya da soyun gir,
hətta yıxıl bir kişinin həyatına.
Gir qoynuna,
qoltuğuna sığıntı kimi
gündə min kərə lənət oxu
varolduğuna.
Elə ilk fürsətdəcə
qaytar qadınlıq borcunu.
Kişiləri yaşatmağa
yeni qadınlar yarat, yarat,
yaşat,
sat adını,
haqqını yeyib böyüsün insanların
gözündə,
qalxıb göyün üzündə kef eləsin,
kimsə olsun yaradan,
sənsə qadın.
Sənsə qadın, kiçil,
əyil keçsin üstündən zaman.
Əzik, qırıq,
çilik-çilik çıx illərin altından.
Axı sən kişiyə xərclik...
Tükənincə ölüm əl atacaq qalanına
Beləcə,
son qoyacaq aldandığın yaşamaq
yalanına.
Və kişilərin həyatından
artıq ət kimi kəsib atacaq
yerin altına səni.
İnan mənə,
bu qədər bəsit olacaq varolmanın
sonu
Oysa qadın yaşamağa başlarsa
Ölüm utanıb ölər,
Tanrı səcdəyə gələr,
Kişilərsə...
***
Nələrsə…
Həmişə yanımda oldu hər kəs...
Ata, ana, bacı, qardaş,
qonum-qonşu, dost-tanış...
Həmişə dop-doluydu həyatım
içi bom-boş insanlarla
Sanki hamısı şəkildi
Hiss etmədim, duymadım,
Sadəcə gördum onları.
Elə bil dünyadan köçmüşdülər
göz yaddaşıma.
Orda yaşayırdılar
qarğa-quzğun kimi.
Çökmüşdülər haqqlarıma.
Əl çəkmədilər adımdan,
qol çəkdilər,
qərarlar verdilər.
Sanki ömrümə şərikdilər,
Sərhəd kimi çəkildilər önümə,
qırıb keçə bilmədim.
Hərəsi soyuq bir daş
Hörüldülər canıma.
Həmişə kölgədə qaldım,
gün doğmadı arzularıma...
Zülmətlər çökmüş içimdən
Ağ bayraqlar ucaldı
Mental dəyərlərin önündə.
Onlar qanuntək başım üstə,
mən isə əmirqulu
aldım yerimi hər kəsin arxasında.
Və başladım yürüməyə
özümə qarşı, sona döğru...
Dilimdə ölüm marşı.
Ömrüm insanlarla dolu
Yaşamağa yerim yox.
Keçib getmək üçünmüş
sən demə ömür yolu...
Hər kəs alıb başını,
sıxıb dişini...
Tələsə-tələsə gedəcək
Axı qarşıdadı gələcək dediyimz
Bom-boz, soyuq, son, sonra,
sonsuzluq, ölüm, torpaq...
Və ya hələ də adını bilmədiyimz
nələrsə...
***
Atamı axtarıram...
Həqiqətə sevgim itən gündən
Ozümə nifrətim artib.
İçimdəki insanlığı yırtıb atan
gündən.
Ötən gündən qalanları,
Son ümidi gümanları
Yandırıb qızışmışam
bir gecəlik yalanları
örtüb üstümə yatan gündən.
Nə yaxşı ki, qızıymışam,
Əsil yetimxana qızı...
İlk dəfə dodağım qaçdı
Bu gün Dünənim əlində çıraq
Yanımdan keçdi
Tanımadı məni.
Hamı yatağını açdı
Sevgidə sınamadı məni.
İndi yetimçiliklə doldurduğum
Gündəliyim cırıq-cırıq...
Kimsə qınamasın məni
Başqa uşaqlar kimi
Dil açmadım heca-heca,
qırıq-qırıq
Ata, ana sözü
Ağlıma gələndə susmuşam,
Ağzıma gələndə qusmuşam.
Hələ də göynəyir dilimin ucu.
Hıçqırıqlarıma basıb öldürdüyüm
Hönkürtülərim şirin laylam
Gecələr
ölümün dizinə qısılmışam
Gözlərim taybatay açıq.
Kölgələrdən qorxa-qorxa
Yatmamışam
illərboyu
balınıcmdan asılmışam.
Uçuqlu dodaqlarımı kəsib
boynumdan asmaq istəmişəm.
Uşaqlığımı "muncuq" deyə-deyə
vurub başa
Sürünmüşəm, dirənmişəm.
Mən bu yaşa
Ölümün izində
Biri mənə "kişi qızısan..."
deyən gündən
Düşmüşəm atamın izinə
Küçə-küçə, qucaq-qucaq
Atamı axtarıram...
Atasız illərdən qalmış,
Toy-düyünsüz gəlin olmuş
Bu talesiz gəlin ölmüş
Fahişə qızının qara üzünü
Gözünə soxum deyə,
Atamı axtarıram...
Atamı axtarıram...