Klassiklərin inkarı ilə
bağlı gedən müzakirələr son vaxtlar ictimaiyyətdə böyük ajiotaj
yaradıb.
Axar.az şair, yazıçı Xanəmir Telmanoğlu ilə Azərbaycan
klassiklərinin həyat və yaradıcılığı, eləcə də, dünyada gedən
siyasi proseslər haqda söhbətləşib.
Səməd Vurğunu ancaq bu halda inkar etmək
olar
- Son dövrlərdə klassiklərin inkarı ilə bağlı gedən
proseslər ədəbiyyatda bir xaos kimi keçdi və bu proses daha çox
aqressiya ilə qarşılandı. Ümumiyyətlə, klassikləri inkar nədən
doğur və bunun ədəbiyyata faydası varmı?
- Əslində, bu söhbətlərin daha kəskinini bizdən əvvəlki nəsillər
də gündəmə gətiriblər. Hər bir xalqın ədəbiyyatında bu cür
proseslər baş verir. Nədənsə, bizdə bu söhbətlər belə hay-küylə
qarşılanır. Bir də bu proses bizdə kampaniya halını alır deyə,
qorxunc bir vəziyyət yaranır. Mənim bildiyim ədəbiyyatda gerçək bir
inkarçılıq var: sən yaradıcılığında elə yeniliklər eləməlisən və
orijinal üslub, yazı tərzi ortaya qoymalısan ki, sənə qədər
yazıb-yaratmış heç bir ədibin yaradıcılıq üslubuna bənzəməyəsən. O
zaman nəinki sənə qədər, hətta səndən sonra ədəbiyyata gələn ən
istedadlı yazarı belə inkar etmiş sayılırsan. Məsələn, Hüseyn
Caviddən, Səməd Vurğundan sonra onun yaradıcılığını inkar edən
mətnlər ortaya qoya bilirsənsə, sən artıq onları inkar etmiş
olursan.
- Bəs bu qədər sevilməsinə rəğmən, Səməd Vurğun,
Bəxtiyar Vahabzadə, Ramiz Rövşən kimi şairlərin şeirləri dünya
oxucusuna gedib çatmır. Bunun başlıca səbəbi nədir?
- Avropa yazarlarını bizim tərcüməmizin
öhdəsinə vermək olar. Ancaq bizim yazarları onların umuduna əsla
qoymaq düzgün deyil. Çünki avropalı, avropa səndə olub,
xristianlığı, musəviliyi, üstəlik digər inanc sistemlərini səndə
yaşayıb, yəni ovsunlayıb mədəniyyətinin məharətinə ötürə bilmisən.
Avropa isə müsəlmanlığı, şərq xristianlığını, türk xristianlığını,
eləcə də, digər inanc sistemlərini yaşamayıb, sadəcə, öyrənib.
Digər tərəfdən, tərcümə hansısa xalqın xətrinə, elə xala-xətrinə də
edilməməlidir. Elə şair var ki, onun rus poeziyasına tərcümə
olunmasına ehtiyac görmürəm. Ona görə ki, rus bədbəxt bir əsr yarım
öncədən o şairdən güclə qurtulub. İndi niyə yenidən, özü də
Azərbaycan türkcəsinin zülmünü də üzərinə alıb daşımalı, bu
sindromla qarşılaşmalıdır?
Ərəb ölkələri ona görə qan içindədir ki...
- Çox uzağa getməyək, elə Vaqif Səmədoğlu, Ramiz Rövşən,
Vaqif Bayatlı kimi şairlərin şeirləri niyə dünya ədəbiyyatına çıxa
bilmir?
- Ədəbiyyatımızda son dərəcə maraqlı, gözəl, istedadlı sayılacaq
şairlər var, hətta çoxdur. Etiraf edirəm ki, bu şairlərin heç
birinin ədəbi miras öhdəçiliyi götürmüş mətnlərini ciddi ədəbiyyat
nümunəsi kimi qəbul edə bilmirəm.
- Aydındır. Müəllim, son dövrlərdə ədəbiyyata kütləvi
axın var. Hamı şeir yazır, hamı iddialıdır və qəribədir ki, hamı da
bundan şikayətlənir. Bu kütləviləşmə, mətn bolluğu ədəbiyyata necə
təsir göstərir?
- Şeirin kütləviləşməsinə gəldiyimizdə, məncə, elə dönəm gəlib
çatır ki, şeirin şüurdakı şirinliyində qorunan magiyanın dərinliyi
artır. Bir sözlə, şeirin magiyası şairlərin ritmiylə sözün təsir
kavitasiyası elə bir dozaya yüksəlir ki, şeirə münasibət instinkti
mexanikləşməyə başlayır. Şeir bizə isbat etdi ki, şərq xalqları
böyük bir köçə start verməlidir. Şeir bizi böyük köçə hazırlayır.
Tarix boyunca rəsm, musiqi, şeir vasitəsi ilə milyonlarla
insanların soyqırımını həyata keçirib, şeir, musiqi, rəsm yoluyla
milyonlarla insanı yenidən həyata qaytarıblar. Biz şeirdə az
ritmlərdən istifadə edirik. Füzuli bir qəzəlində bir neçə ritmi işə
salır. Aşıq Ələsgərin "Dağlar" şeirində bir neçə ritm gizlənib.
Sözə çəkilməyən, şeirə tutdurulmayan ritmlər bizdən qisas alır.
Şərqin faciələrinin kökündə də müəyyən mənada şeir dayanır. Şeir
bizə nə qədər ruhsal oyaqlıq gətirsə də, onun bir qədər də zehinsəl
uyuşduruculuq funksiyası var. Bu gün ərəb ölkələrinin də qan
çanağında olmasının səbəbi müəyyən mənada şeirlə bağlıdır.
Axirətə qədər bu qırğınlar davam edəcək
- Ərəb ölkələrindəki müharibələrə gəlmişkən, son vaxtlar
Məkkədə bir neçə bədbəxt hadisə yaşandı. Çoxları bunun təsadüf
olmadığını iddia edir.
- Bildiyiniz kimi, bu hadisə də 11 sentyabrda başladı. Bu qədər
təsadüf olarmı? Mən 2003-cü ildə bir kitab yazmışdım – "Qoy Vatikan
sevinsin". Kitabın məğzi bu idi ki, Avropanın üz tutduğu bir mərkəz
var – Vatikan. Bəs müsəlmanların Vatikanı haradır? Niyə islamın
Vatikanı yoxdur? Nə qədər ki, müsəlman dünyasının Vatikanı yoxdur,
axirətə qədər bu qırğınlar gedəcək, müsəlmanlar qırılacaq,
bir-birinə hücum edəcək.
- Son romanınız "Maqlar"da da tarixi hadisələrə maraqlı
yanaşmalar var. Məsələn, İsa peyğəmbərin edamı, Nəsiminin ölümü...
Əslində, Nəsimi şəxsiyyəti də müəyyən mənada qaranlıq
mövzudur.
- Bu şəxsiyyətlərin və digər neçə-neçə tarixi
şəxsiyyətlərin həyatı, taleyi ilə bağlı çoxyönlü bilgilər gəlib
çıxıb dövrümüzə. Onların olub-olmaması fikrimcə, vacib deyil.
Önəmli məqam odur ki, biz bu gün onlardan, belə bir şüura,
düşüncəyə, eşqə, mübarizə ruhuna sahib insanlardan danışırıq. Bu
immanentlik düşüncə bazında əxlaq tələb edir. Düşüncə əxlaqa tamah
saldısa, səni söz, poetika, ədəbiyyat edəcək, sənə ədəbi kimlik
təqdim edəcək. O adların ki həyatı, şəxsiyyəti bu gün sənə
qaranlıqsa, sən onu öz nirvanana yüksəlt, gör yoluna necə işıq
salacaqlar. Poetik tarix də gerçək tarix kimi həqiqəti sevmir.
Qaydalar və kurallar o qədər gizli, üstüörtülü, sezdirmədən təqdim
edilir ki, çağdaş insan ona "təşkil olunmuş azadlıq, özgürlük
hesabına" hər şeyin ondan başladığı zənninə qapılır. Maraq
dairəmizdəki həqiqətləri öz genetik və ruhi tariximizin özgürlüyünə
nədən qurban verməyək?
Biz Babəkin mübarizəsinin "radar"ına
düşmüşük
- Nədənsə bizdə tarixi şəxsiyyətlərlə bağlı dəqiq
məlumatlar yoxdur. Məsələn elə Babək, Nəsimi, Nizami, Xətai haqda
ziddiyyətli fikirlər var. Bax, bu ziddiyyət nədən
yaranıb?
- Məncə, bunu Azərbaycanın coğrafi mövqeyi ilə,
mədəniyyət çevikliyinin mərdanə ilkinliklə hər zaman irtibat
sağlamasıyla əsaslandırmaq mümkün. Biz Babəki, bu kimi
şəxsiyyətləri ona görə doğru-düzgün tanımırıq ki, tariximizin çox
önəmli və uzun bir dövrü bir neçə mədəniyyətlə, dillə savaşlarda
formalaşıb. Bu gün bir Azərbaycan türkü öz dilində danışanda ən
azından 3 dildə – ərəb, fars, türk dilində danışır. Biz
bir-birimizi heç cür anlamayan xalqıq. Bir dildə də bu qədər
ərəb-fars sözləri, tərkibləri, ibarələri yer alıb ki, mən səninlə
söhbətimi ərəbdən, farsdan, türkdən keçirib sonra bir-birimizi
anlayacağımız mövzu çərçivəsindəki dilə oturtmalıyam. Bilirsinizmi,
bu tipli ağır kəlmələr və ibarələr bizim daxili, yaradıcı, var olma
enerjimizi hansı metafizik hədəflərdən yayındırmaqla sonra necə, nə
cür alır? Bu dəhşəti mən həmişə yaşayır, hiss edirəm. Lütfən, kimsə
mənə dilin qanunauyğunluğundan, zənginliyindən bəhs etməsin.
- Konkret olaraq deyim, Babəkin dini görüşləri ilə bağlı
kəskin ziddiyyət təşkil edən fikirlər var.
- Babəkin kafir və müsəlman adlandırılma ehtimalı, müqəddəs və
maraqlı bir sirrin üzərini açır. Belə yanaşmayla xalq şüuraltı bir
ehtiyatını əldən verməyərək, Babəki tarixi savaşından, ideoloji
mübarizəsindən alıb, bu gün öz gerçəkliyi doğrultusunda kafərliyi
və müsəlmanlığı ilə üz-üzə qoyaraq yenə də Babəki başqa bir epoxada
savaşdırır. Hələ də bu xalqın mübarizəsinin davam etdiyinin
simgəsi, işarəsidir. Bax: müsəlman və kafər! Bu anlayış həm də
xalqın genetik yaddaşındakı etnos gücünün savaş haliylə hərəkətə
keçirilməsidir. Xalq bu üsulla bir daşla iki quş vurur: həm Babəki
hələ də yaddaşında savaşdırır, həm də özünün mənəvi, daxili
yaradıcı potensialını qorumağa, üzərində əsməyə səy göstərir. Bu
qarşıdurmalar niyə məhz Babəkə deyəlim təsadüf edir, bu başqa mövzu
olsa da, cavab budur: biz bu günümüzlə, bugünkü halımızla Babəkin
kimlik savaşının, mübarizəsinin "radarına" düşmüşük. Bizə kəsilən
cəzaların bədəlini ödəmə ərəfəsindəyik. Yoxsa yola çıxa
bilmərik.
Nizami bizə olduğu kimi təqdim olunmayıb
- Nizami Gəncəvi və onun milliyyəti ilə bağlı müxtəlif
fikirlər də zaman-zaman gündəmə gəlir. Bəzən mübahisələrə səbəb
olur.
- Görün Nizami nə qədər diri yazardır ki, başqaları onu
özününküləşdirməyə çalışır. Nizami türk qövmünün nümayəndəsi
olduğunu dəfələrlə bildirib. Firdovsi də farsca yazıb, amma onların
yaradıcılıqlarında, düşüncələrində uçurum qədər fərq var. Siz
diqqət yetirsəniz, görərsiniz ki, Firdovsi ancaq türkləri və başqa
millətləri təhqir etməklə məşğul olub. Nizamidə türklərə həqarət
yoxdur, əksinə, öygü var, öyünmə var. Nizami kimi şair olasan, özü
də fars şairi olasan, türkə həqarət etməyən misran da tapılmaya –
bu, heç olacaq iş deyil. Nizami bizə olduğu kimi təqdim olunmayıb.
Nizaminin təfəkkürü sonsuz coğrafiyanı, metafizik mədəniyyəti,
ezoterik düşüncə tarixini əhatə edir. Bu günə qədər yaranan
ədəbiyyatımız Nizamidən bizə qalan poetik mimansası üzərində
qurulub. Hətta Azərbaycan dövlətçilik anlayışı da Nizaminin kosmik
təfəkkürü üzərində yaradılıb.
- Çox vaxt farslar Nizamiyə qarşı Firdovsinin adını
çəkirlər. "Vaqif" dramında da bununla bağlı bir hissə
var:
"Ayağı çarıqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı bəlkə?" – istehzasına
"Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş", – cavabı gəlir.
- Nizami ilə Firdovsini müqayisə etməyə belə dəyməz. Nizami
düşüncə qatı baxımından Firdovsidən dəfələrlə üstün olub. Biz bir
şəxsiyyət olaraq da Nizamidən danışa bilmirik. Nizaminin
bioqrafiyası mətnlərində bütün gözəlliyi ilə yazılıb. Nizami şair
kim Mövlanədən də böyükdür. Sadəcə, farslar irqçiliyinə görə
Firdovsini yüksəldiblər. Fars irqini uca tutub, rəqib gördüyü
irqləri təhqir etdiyinə görə onu süni şəkildə böyüdüblər.
Osmanlı sultanlarını Azərbaycandan olan ustadlar
yetişdirib
- Nizaminin əsərlərinin tərcüməsində onun təfəkkür
qatları sanki müəyyən qədər itirilib.
- "Xəmsə" sistemi türk sistemindən, dünyagörüşündən irəli gəlir.
Niyə farslarda, Firdovsidə "Xəmsə" sistemi yoxdur? Nizami Yer
kürəsinin ən ağır çəkili şairi olaraq, düşünürü kimi metafizik
ölçüləriylə islama giriş yapar. Nizami kimi ustadların mətnlərində
bərəkət var. Biz bu şüurdan çox-çox uzaq "Nizami sevərlərik". Adicə
"Sirlər xəzinəsi"nin bizə tərcümə variantıyla türkcədə olan
variantını tutuşdursanız, rahat şəkildə görərsiniz ki, bizim
ləhçədəki variantda Nizami sanki son 100 ilin ortabab bir şairidir.
Nizamidən danışanda elə bilirəm, Orhun-Yenisey əlifbasından, bir
zamanlar yuxarıdan aşağı, tükənməz yorğunluğumuzu içimizdən ataraq,
yəni sağdan sola doğru yazmağımızdan danışıram. Nizami bizim üçün
Orhun-Yenisey əlifbası kimi genetik kodumuzdur. Bizi zaman-zaman
milli şifrələrimiz üzərində rituala hazırlayır ki, yad ağırlıqları
daşıyıb qan-tərə batmayaq, qula dönüşməyək.
- Firdovsinin və fars rejiminin irqçilik siyasətindən
danışdınız. Bəs o vaxt bu irqçilik nədən doğurdu? İslam dininin
yayılması prosesi ilə bağlı ola bilərdimi?
- Bu da bir qədər geniş mövzudur. IX əsrdə təriqətlər güclənməyə
başladı. Təriqətlərin də bir özəlliyi var ki, dini milli formata
bükür. İslamda ən güclü təriqətlər Azərbaycanda fəaliyyət göstərib.
Osmanlı sultanlarını əslən Azərbaycandan olan ustadlar
yetişdiriblər. Məsələn, Ağşəmsəddin Həzrətləri Fateh Sultan
Məhmətin ustadı olub. O boyda fateh onsuz bir addım ata bilməzdi.
Şəms Təbrizi... Mövlanəni irşad etməsi hadisəsi. O vaxt Şəmsin
Anadoluya getməsi türk mədəniyyətinə və coğrafiyasına böyük bir
üfüq açdı. Eləcə də Zəngəzurdan Osmanlıya gedən Mir Həmzə Seyid
Nigari kimləri irşad eləmədi? İmperiyalar təriqətlərdən
çəkinirdilər. Təriqətlərdə elə bir özəllik var ki, orada toplum
inancı alıb milli örtüyə bələyir. Türk xalqlarını təriqətlər
getdikcə daha özgür, daha böyük, daha yaradıcı məqama
yüksəltdiyindən onlara qarşı görməzlikdən gəlməmək mümkün
deyildi.
O vaxt Osmanlının qarşısını kəsməsəydilər
- Bəs təriqət şairlərinin yaradıcılığı niyə geniş tədqiq
olunmayıb?
- Çünki onların yaradıcılığını bizdən yaxşı anlayır, dərk edir,
analizə çəkə bilirlər. O vaxt Osmanlının qarşısını kəsməsəydilər,
bu gün Avropa da Osmanlının tarixi xəritəsində yer alırdı. Bu gün
fərqli bir dünya düzəni mövcuddur. Əgər o cür təriqət şairlərinin
yaradıcılığı gündəmə gəlsə, istər-istəməz onların yaradıcılığını
əhatə edən düşüncə, inanc sistemi də gündəmə gələcək. Bu da böyük
güclərə heç vaxt sərf etməyib və etməz də.
- Yenə gəlib "Maqlar" romanına dayandıq. Yəni dünya
həqiqətən də, vahid güc mərkəzindən idarə olunur?
- Mənə görə bütün aləmləri Allah idarə edir. Aləmlərin bir
parçası olan dünya isə bizlərin şərəfinə təqdim edilsə də, etiraf
etmək gərəkir ki, zahiri qatı şər qüvvələrin ixtiyarına keçib. Bu
dünyanın batini tərəfini isə mənəviyyatı güclü olan insanlar
tərəfindən idarə edildiyinə inanıram.
- Bax, bu qədər tarixi şəxsiyyətlərdən danışdıq,
müzakirə etdik. Onlar birbaşa Azərbaycan mədəniyyətinin
sütunlarının formalaşmasında rol oynayıblar. Sizcə, Azərbaycan
mədəniyyətinin intibah dövrü hansıdır və bu intibah hansı amillər
əsasında baş verdi?
- Məncə, XVI yüz il. İlk dəfə Azərbaycan adının
yanında imperiya sözünü işlətmək mümkün olası bir dönəm. Bu günə
qədər şeir yazmaq bir ehtiyac idi. Sonra şeir yazmağın bir
insanlıq, kamillik halı, sonra isə bu olayın zaman və məkan
qapsamında bir mədəniyyət hadisəsinə dönüşəcəyinə ruhsal, şüursal
və indiviudal olaraq "qərar verilir". İnsanlığın yaralanmış şüuru
çoxdan öz şırımında dinləri, mədəniyyətləri, savaşları barındıra
bildi. Din, mədəniyyət, savaş insanın açıq yerində, daha doğrusu,
yaralı olmayan yerində intişar tapmaz. Dinlər və savaşlar dışında
bu yarıqdan, insanlıq şırımından özünü qurtara bilən, insanlığı
gizləyən və göstərən mədəniyyət oldu. Təbii ki, şeir də burada
mədəniyyətin bir parçası, bəlkə də mədəniyyətin törəyişində erkək
hüceyrəsiydi.