Tanınmış jurnalist Qərib Azər müxtəlif ölkələrə səyahət
edərək oranın əhalisi, mədəniyyəti və tarixi haqda maraqlı
məlumatlar toplayır. O, bir müddət Lider TV-də "Oralar" verilişinin
aparıcısı olub.
Axar.az jurnalist Qərib Azərlə müsahibəni təqdim
edir:
Onlarla vaxt keçirmək maraqlıdır
– Əvvəlcə ümumi səfərlərinizdən danışaq. Neçə ölkədə
olmusunuz və ən yaddaqalanı hansıdır?
– 83 ölkədə olmuşam. Ən maraqlısı bir az qəliz sualdır, çünki
hər ölkənin özünəməxsus maraqlı özəllikləri var. Yəqin ki,
Yaponiyanı və ekzotik ölkələri deyə bilərəm.
– Xarici ölkələrdə səfərdə olarkən azərbaycanlılarla və
Azərbaycan diasporu ilə görüşlər keçirirsinizmi?
– Mənim diaspor ilə rəsmi münasibətlərim olmayıb. Adətən rəsmi
qurumlarla əlaqəyə girmirəm. Rəsmi görüşlər keçirmək üçün kifayət
qədər vaxtım da olmur. Amma azərbaycanlılarla görüşürəm. Getdiyim
ölkədə əvvəldən mənə maraqlı olan azərbaycanlının olub-olmadığını
bilirəm. Əgər varsa, yazışıb sonra görüşürəm. Sadəcə, vaxt
məhdudiyyəti olduğundan çoxsaylı görüşlər keçirə bilmirəm. Məsələn,
Kiyevə tez-tez gedirəm, Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqı
ilə yaxın dostluq münasibətlərim var. Onlar gənc və yaradıcı
gənclərdir. Mənə onlarla vaxt keçirmək maraqlıdır.
Tailandda uşağın başını sığallamaq olmaz
– Hər xalqın özünəməxsus yazılmamış qanunları, dünya
ictimaiyyətinə o qədər də tanış olmayan adətləri var. Səfərdə
olduğunuz hər hansı bir ölkədə "ənənələrin toqquşması" ilə
rastlaşmısınızmı? Olubmu ki, xalqın ənənəsini bilmədiyinizə görə
pis vəziyyətdə qalasınız?
– Məsələn, Tailandda uşağın başını sığallamaq olmaz. Orada özgə
uşağın başını sığallamağa pis baxırlar. Əslinə qalsa, beynəlxalq
normalar var ki, onları güdəndə heç bir problemlə rastlaşmırsan.
Həm də hər hansı bir ölkəyə gedəndə əvvəlcədən onun adət-ənənəsi
haqda məlumat toplamalısan. Amma belə kardinal nəsə bir hadisənin
yaşandığını deyə bilmərəm. Hər yerdə belə normalar var – məscidə
gedirsənsə, ayaqqabılarını çıxarmalısan, restorana plafkidə
getməməlisən və sair kimi. (gülür)
– Səfərləriniz boyu rastlaşdığınız hansı adət sizi
təəccübləndirib?
– Məsələn, Yaponiyada avtobus sürücüsü işə başlamazdan öncə
avtobusa daxil olur, bütün sərnişinlərə baş əyir, sonra işinə
başlayır. Bir neçə saatdan sonra növbəni digər sürücüyə təhvil
verəndə yenə sərnişinlərin yanına gəlir, onlara təzim edir,
minnətdarlığını bildirir və gedir. Yeni gələn sürücü də bu prosesi
təkrar edir.
Mənim terrorçu olduğumu zənn etdi
– Səyahətləriniz zamanı başınıza gələn maraqlı bir
hadisəni danışa bilərsinizmi?
– Bir dəfə Londondayam, terrorizm-filan söhbətləri təzə
çıxmışdı. Mən də neçə gündür saqqalımı düzəltmirəm, çalmam olsa,
Bin Ladenin əkiz qardaşına bənzəyərəm. Mərkəzə yollanmışam ki, Biq
Beni çəkim. Başdan-ayağa da çantalar asılıb üstümdə: kamera,
ştativ, batareya, buterbrod, su. Mənim də adətimdir – yerimdən
duranda, tərpənəndə "Ya Allah", - deyirəm. Yəni artıq vərdiş halını
alıb. Deməli, oturmuşam vaqonda, içəridə adam azdır. Qəşəng, təmiz
vaqondur, mənimlə üzbəüz bir ağbirçək xanım əyləşib – əsil
"britanski nənə". Elə nurani üzü var ki, adam ona baxanda kövrəlib,
hönkür-hönkür ağlamaq istəyir. Bir dayanacaq getmişdik ki, birdən
nənənin mənə baxışlarına nəzər yetirdim. Gözlərində dəhşət vardı.
Belə əməlli-başlı qorxaq, dəhşət dolu baxırdı. Dedim, yəqin, arvad
dəhşətə gəlib ki, bu yazıq nə əziyyətlər çəkir tamaşaçıların
yolunda, bunların televiziyası isə heç qədrini bilmir, yüklənib
kameralarla, heç üzünü qırxmağa da vaxtı yoxdur. Bunu hiss edəndən
sonra nənəni minnətdar baxışlarımla çimizdirirəm ki, "sənk yu for
anderstandinq"(anladığınıza görə çox sağ olun) və elə mülayim
gülümsəyirəm ki, nənənin könlünü alım. Amma fikir verirəm ki, mən
buna qarşı mehriban olduqca bunun dəhşəti daha da artır gözlərində.
Öz-özümə düşünürəm ki, yəni mən belə pis gündəyəm? Dərd alıb məni.
Bu anda qatar yaxınlaşdı stansiyaya və mən adət etdiyim kimi
əllərimi dizlərimə vurub "Ya Allah", - deyərək yerimdən durdum.
Nənə ilə son baxışlarımla vidalaşırdım ki, nənə, çox sağ ol, sən
çox ürəyi nazik nənəsən. Bir də gördüm, arvad başını tutub yıxıldı
yerə! Sən demə, nənə elə bilib ki, indi partlayış olacaq, mən
metronu partlatmağa gəlmişəm. Buna anlayan kimi əyildim, nənəyə
kömək elədim. Dedim, ay anacan, mən terrorçu deyiləm, mən
jurnalistəm. Hərçənd ki, bu da bir babat sənət deyil. Nə isə,
ağbirçək elə sevindi, Almaniya qaçqınlara sevinən kimi. Mənə
"sorri, sorri" (bağışlayın) deyir, qucaqlaşıb öpüşdük onunla.
Tolerantlıq hökm sürür, amma qapı bağlandı və mən bir dayanacaq
əlavə gedəsi oldum. Özü də bombasız vaqonda. Sözümü nəyə gətirirəm,
o stereotiplər ki var ha, çox qəliz məsələdir...
"Avroviziya" bizim tanınmağımızda böyük rol
oynadı
– Gəzdiyiniz ölkələrdə adi vətəndaşlardan başqa həmin
ölkələrin məşhurları ilə görüşləriniz olubmu?
– Məşhurları ilə yox, zənginləri ilə olub. Son vaxtlar elə
otellərdən dəvət alıram ki, onlar yuxarı təbəqənin getdiyi
otellərdir. Buna görə o qədər də məşhur olmayan varlılarla
rastlaşıram.
– "Oralar"da Azərbaycan haqqında hansı təsəvvür
mövcuddur? İnsanlar Azərbaycanı tanıyırlarmı?
– Məsələn, Afrikada Azərbaycanın nə olduğunu bilmirlər, amma
Avropada yaxşı tanıyırlar, ABŞ-da və Asiyada da tanıyırlar. Çünki
nə qədər narazılar olsa da, "Avroviziya" və Avropa Oyunları,
ələlxüsus, "Avroviziya" musiqi yarışmasının keçirilməsi bizim
tanınmağımızda böyük rol oynadı.
– Bəs ölkəmiz haqda ümumi təsəvvür nədən
ibarətdir?
– Neft, çoxlu pul.
Soruşdum, erməni olduğunu dedi
– Xaricdə rastlaşdığınız hansı məişət qanununu ölkəmizə
gətirmək yaxşı olardı?
– Növbədə durmaq mədəniyyəti... Elə o gəlsə, kifayətdir.
(gülür)
– Səfərləriniz zamanı, yəqin ki, hansısa erməni ilə
dialoqunuz olub...
– Bir dəfə küçədə təsadüfən küçə rəssamı ilə söhbət etməyə
başladım. Rusca danışırdıq, ləhcəsindən hiss etdim ki, qafqazlıdır.
Soruşdum, erməni olduğunu dedi. Bunu öyrənəndən sonra dialoqa
marağım itdi.
– Avropa gənci ilə Azərbaycan gəncinin əsas fərqi
nədir?
– Azərbaycan gəncləri də iki təbəqəyə bölünür: gənclər var
oxuyur, gələcəyini qurur, karyera haqda düşünür. İkinci tip gənclər
isə maşın sürmək, yeyib-içmək, lağlağı, kiməsə arxalanmaq haqda
düşünür. Belə gənclər orada da var, bizdə də. Sadəcə, oradakı
gənclərdə, deyərdim, məsuliyyət daha çoxdur. Çünki onlar bilir ki,
öz gələcəklərini özləri quracaq. Bizdə bəzən olur ki, "papa"ya,
dayıya, tanışa ümid edirlər.
– Gənclərə nə tövsiyə edərdiniz?
– Mütaliə etsinlər, kitab oxusunlar. Deyirlər, çox gəzən çox
bilər, amma vallah, elə deyil. Çox oxuyan çox bilər, çox gəzən
yox.