Bu gün Azərbaycanın görkəmli
alimi Ruhulla Axundovun doğum günüdür.
Axar.az xatırladır ki, Ruhulla Axundov 1897-ci il yanvarın 13-də
Bakının Şüvəlan kəndində dünyaya gəlib. Mədrəsədə, realni məktəbdə,
ticarət məktəbində təhsil alan publisist bu illərdə Avropa
dillərini öyrənib. 1916-cı ildə mətbəədə işləyən Ruhulla Axundov
Azərbaycan dilinin elmi terminologiyasını hazırlayıb. O, latın
əlifbasına keçidin tərəfdarlarından və təşkilatçılarından biri
olub. Marksın əsərlərini də Azərbaycan dilinə ilk dəfə Ruhulla
Axundov tərcümə edib.
Ruhulla Axundov 1918-ci ildə Bakı Sovetinin "İzvestiya", 1919-cu
ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan "Kommunist"
qəzetinin baş redaktoru vəzifələrini icra edib. 1938-ci ildə
tutduğu bütün vəzifələrdən azad edilib. Partiya sıralarından
uzaqlaşdırılan böyük alim ali məhkəmənin hərbi kollegiyasının
qərarı ilə ölüm hökmünə məhkum olunub.
Ruhulla Axundovun ölümündə Mircəfər Bağırovu günahlandırırlar.
Lakin Bağırovun həyatını araşdıran tədqiqatçı Adıgözəl Məmmədov bu
iddiaların tamamilə əsassız olduğunu deyir:
"Məndə Mircəfər Bağırovun Ruhulla Axundova yazdığı məktub var.
Bilirsiniz ki, o, Azərbaycandan 1926-cı ildə müxtəlif səbəblərə
görə çıxarılır, sonra Tiflisdə dostu Beriyanın köməkliyi ilə işə
düzəlir. Həmin vaxt Ruhulla Axundova – Azərbaycana yazdığı məktubda
oğlu Cahangirdən nigaran olduğunu, ona bacılarının baxdığını da
ürək ağrısı ilə vurğulayır. Məktubun ən təsirli məqamı isə ondadır
ki, Bağırov Axundova deyir, Cahangirin məktublarında Mirzə Şəfidən
xeyli sitatlar görürəm. Onda Mirzə Şəfi ruhu var. Oxuyuram və
gözlərim yaşarır".
Qeyd edək ki, Ruhulla Axundov 1938-ci il aprelin 21-də
güllələnilib və NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza"da
basdırılıb. Ölümündən sonra bəraət alıb və 1959-cu ildə onun
partiya üzvlüyü bərpa edilib