Yuxarı

Küçədə qalan "professor" Şah İsmayılı bu cür təhqir edib – Fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, 77 yaşlı professor Fazil Qaraoğlunun küçədə qalması, bir elm adamının kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılması gündəmdədir.

Artıq Fazil Qaraoğlunun problemi həll olunub: o, 3 otaqlı mənzilə yerləşdirilib, bir illik kirayəsini Heydər Əliyev Fondu qarşılayıb, həmçinin digər dövlət qurumları da onun qayğısına qalır, insanlar da onun hesabına pul göndərməyə davam edirlər. “Qanun” nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu ilk gündən ona dəstəyini əsirgəmədi. Onun sözlərinə görə, artıq professorun hesabına 40 minə yaxın vəsait toplanıb.

Əlbəttə, bir alimin, ziyalının küçədə qalması yolverilməzdir. Ancaq maraqlıdır ki, kimsə Fazil Qaraoğlunun əsərləri ilə də tanış deyil. Yalnız onun Osmanlı arxivlərində illərlə çalışdığı, erməni məsələsinə aid 5 cildlik kitab yazdığı, o cümlədən Quranı Azərbaycan və rus dillərinə tərcümə etdiyi bildirilir.

Maraqlıdır ki, F.Qaraoğlunun Quranın ilk mütərcimi olduğu vurğulanır, ancaq Quranın müstəqillik zamanı ilk tərcüməçiləri Ziya Bünyadov və Vasim Məmmədəliyevdir.

Kult.az xəbər verir ki, daha bir maraqlı faktı jurnalist Rasim İsmayılov təqdim edib. O, bir müddət əvvəl yardıma ehtiyac duyan Əlisa Nicatın “sosial taleyini təkrarlayan” Fazil Qaraoğluya illər öncə verdiyi cavabdan müəyyən parça paylaşmaqla, professor haqda təsəvvür yaratmağa çalışıb.

Əlisa Nicatın sözügedən cavabı 2011-ci ildə dərc olunub, ondan açıqlamanı alan və F.Qaraoğlunun yanlışını üzə çıxarıb, sitatları təqdim edən isə Aytən Nəbiyevadır.

Səbəb isə odur ki, F.Qaraoğlu “Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları” adlı kitabında Şah İsmayıla qarşı ciddi tarixi səhvlərə yol verib.

Əvvəlcə, sözügedən yazını təqdim edək:

“…Məlum olur ki, Azərbaycan əsilli, Türkiyədə yaşayan bu “professor”un (Fazil Qaraoğlu nəzərdə tutulur – red.) kitabında həqiqətən bir sıra ciddi qələtlərə yol verilib. Kitabda əsas istiqamət kimi araşdırma mövzusu olaraq Osmanlı imperiyası götürülsə də, hər addımbaşı Səfəvi dövlətinin və onun hökmdarının ünvanına işlədilən nalayiq kəlmələr artıq bütün çərçivələri aşıb keçir. Müəllif türk millətinin tarixini yazdığını iddia edir və kitab boyu Osmanlı daxilində baş verən bütün narazılıqları, qarşıdurmanı, üsyanları birbaşa Səfəvi dövlətinin adına bağlayır. Məsələn, Fazil Qaraoğlu yazır: “Uzun Həsən cəsur, tədbirli və comərd olduğuna görə ordusunun ona qarşı olan sevgisi və hörməti tam idi. Fəqət ağqoyunluların düşməni Qaraqoyunlu Cahan şahın Ərdəbildən qovduğu səfəvili Şeyx Cüneydi öz ölkəsinə dəvət edib onu öz bacısı Xədicə bəyimlə evləndirməsi və Şeyx Cüneydi öz xanədanına qohum etməsi ağqoyunluların və türk-islam aləminin əleyhinə olmuşdur”.

Yaxud Səfəvi dövlətinin yaranmasına müəllifin münasibətinə diqqət edək: “Bu arada Ağqoyunlu dövlətini aradan qaldıran Şah İsmayıl Azərbaycan, İraq və İranı ələ keçirərək sərhədlərini Ceyhun çayına qədər genişləndirib sünni özbəkləri də məğlub etdikdən sonra Anadoluya yönəlmişdi. Göndərdiyi xəlifələrin vasitəsilə Osmanlı sərhədləri içərisində yaşayan şiələri özünə bağlayır, fürsət tapdıqca üsyanlar çıxarırdı. I Səlim Şah İsmayılın bu təhlükəli təşəbbüslərinin qarşısını almanın tək yolunun Anadoluda şiəliyin inkişaf etməsinin qarşısının almaq, hətta kökünü kəsmək olduğunu bilirdi. Buna görə də İranda qurulan şiə dövlətinin tez-tez Osmanlı dövlətini təhdid etməsinə və qərbə qarşı açılan hər səfərdə Osmanlını arxadan vurmasına son vermək istəyirdi”.

Onu da qeyd edək ki, müəllif o dövrün tarixi həqiqətlərini təhrif edərək Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Səfəvilər dövlətinin bir yığın “əxlaqsız və pozğun” tərəfindən idarə edildiyini yazır: “Divanda aparılan uzun müzakirələrdən sonra İran üzərinə səfərə çıxmağa qərar verildi. Səfər hazırlığı əsnasında şahzadəliyindən bəri təsbit etdirdiyi pozğunçuları və məmləkət əleyhinə çalışanları sürgün etdirdi, bəzilərini həbs və lazım olan cəzalara çatdırdı. Sultan I Səlim xanın xain və əxlaqsızları Anadolu və Rumelidən təmizləməsi Türkiyənin birlik və bərabərliyi, ölkə bütünlüyü üçün çox isabətli və zamanında alınan bir qərar oldu. Səfər hazırlıqlarını tamamlayan sultan 20 aprel 1514-cü ildə Üsküdara keçərək İran üzərinə səfərə çıxdı. Şah İsmayıl igidlik nümayişi tələb edən ər meydanına dəvət edildi. Şah İsmayıl meydana çıxmadıqda Səfəvi torpaqlarına girdi. Şah İsmayılın ölkəsini Sultan I Səlim xana qarşı müdafiə etməməsinə qarşı ikinci bir namə göndərdi. Yenə cavab almayınca irəliləməyə başladı. Bu arada Səfəvi ordusunun Çaldıran ovasında olduğu xəbəri gəldi. Səlim xan ordusu ilə birlikdə Çaldırana gəldi və 23 iyul 1514-cü ildə Çaldıran ovasında İran şahı Şah İsmayılın ordusu ilə döyüş başladı. Bu döyüş Osmanlı ordusunun zəfərilə nəticələndi. Şah İsmayıl Səfəvi taxtını, tacını buraxıb döyüş meydanını tərk etdi…”

Bu sətirlərdən də göründüyü kimi, F.Qaraoğlu tarixi faktları təhrif etməklə yanaşı, bir sıra ciddi anlayışları da qarışıq salır. Görəsən, yazıçının “Osmanlı” yerinə “Türkiyə”, Səfəvi yerinə “İran” yazmaqda məqsədi nədir?

Müraciət etdiyimiz dəyərli yazıçı-filosof Əlisa Nicat adıçəkilən kitab və müəllif haqqında məlumatsız olduğunu söyləyərək, kitabdan onun diqqətinə çatdırdığımız parçalardan yalnız təəssüf hissi keçirdiyini bildirdi. “Professor”u tarixi təhrif etməkdə, yanlışlıqlara yol verməkdə suçlayan Ə.Nicat türk dövlətlərinin birliyi naminə Şah İsmayılın döyüşdən imtina etdiyini vurğuladı: “Sultan Səlim deyil, Şah İsmayıl Osmanlı türkləri ilə Qızılbaşlar dövləti arasında müharibə olmasını istəməyib. Hətta Sultan Səlimin təhqir dolu məktublarına Şah İsmayıl səbirlə cavab vermişdi. Bunu qorxaqlıq kimi qiymətləndirən adam bilməli idi ki, Şah İsmayıl qorxaq olsaydı, qısa müddətdə o cür nəhəng imperiya yarada bilməzdi. Həmçinin Şah İsmayıl qorxaq olsaydı, elə gecə ikən Osmanlı ordusuna hücum edərdi. Bir məqamı da diqqətə çatdırım. Baxmayaraq ki, Sultan Səlim ilə Şah İsmayıl arasında münasibət pis deyildi, amma onlar bir-birlərini həzm edə bilmirdilər. Bunlardan ikisinin bir yerdə olması da mümkün görünmürdü. Söhbət Osmanlıdan və Səfəvilərdən yox, sadəcə, iki güclü sərkərdənin fatehlik planlarından getməlidir”.

Əlisa Nicat onu da bildirdi ki, Şah İsmayıl yaradıcılığı, böyük Divanı, Azərbaycan türkcəsində saysız əsərləri olan türk hökmdarlarından biridir: “Sultan Səlim də yazırdı, amma yazdıqları farsca cəfəngiyyatdan başqa bir şey deyildi. Şah İsmayılın yazdıqlarınin 90 faizi isə Azərbaycan türkcəsində idi. Şah İsmayıl Azərbaycanın dilində məktəb yaratdı”.

Qızılbaşların başkəsən kimi qələmə verilməsinə isə yazıçının münasibəti daha maraqlı oldu: “Müharibədir, müharibədə həm öldürür, həm də ölürlər. Şah İsmayılın həyata keçirdiyi müharibənin 4-ü öz ərazisində Azərbaycanı birləşdirmək naminə olmuşdu. Şeybani Xan Şah İsmayıla dəfələrlə təhqir dolu namələr göndərməsinə baxmayaraq, yalnız qoşun çəkib gələrkən Şah İsmayıl məcbur olub cavab vermişdi. Bu səbəbdən də döyüşənləri “başkəsən”, “quldur” adlandırmaq olmaz. Belədirsə, o zaman Yuli Sezar, Makedoniyalı İsgəndər də quldur olmalıdırlar. Bilirsiniz, şahların, fatehlərin işi elə bundan ibarət idi”.

Xatırladaq ki, bu, 2011-ci ildə Aytən Nəbiyevanın öz bloqunda paylaşdığı yazıdır.

Qeyd: Göründüyü kimi, Fazil Qaraoğlu Osmanlı arxivlərində araşdırma aparmaqla, tarixi həqiqətləri üzə çıxarmayıb, Osmanlı mirzələrinin o vaxt düşmən saydıqları Şah İsmayıl haqqında işlətdikləri aşağılayıcı ifadələrin, sadəcə, üzünü köçürüb və onu “araşdırma” kimi dərc etdirib.

Fazil Qaraoğlu ümumiyyətlə Şahı, onun hansı fəlsəfənin, hansı ideyaların daşıyıcısı olduğunu, necə bir imperiya qurduğunu da dərk etməyib.

Fazil Qaraoğlu Səfəvi-Osmanlı münasibətləri, həmin dövrün mənzərəsi haqda bilgisizdir, heç bir əlavə mənbə, əsl alim araşdırması oxumayıb, öyrənməyib, eləcə, Osmanlı arxivindəki faktları yox, ifadələri, münasibəti köçürməklə, 13 yaşında imperiya qurmağı bacaran, 30 minlik azsaylı ordusunun başında o dövrdə Səfəvilərdə olmayan toplarla təvhiz edilən 200 minlik Osmanlı ordusunun üzərinə ön sırada hücum edib, topun lüləsini qılıncı ilə kəsən, qeyri-bərabər döyüşdə misilsiz qəhrəmanlıqlar edən Şahın yaralanmasını, döyüşdən yaralı halda çıxarılmasını da bilmir.

Ümumiyyətlə Fazil Qaraoğlunun tariximizə də qətiyyən aidyyəti yoxdur, alim adına da. Adam sadəcə, arxivdə olub, amma arxivləri necə tədqiq etməyi bilmir.

Bu baxımdan Fazil Qaraoğlu adlı tarixçi alimin, Osmanlı arxivində illərlə işləyən professorun adının kimsəyə bəlli olmaması və yaxud onun ciddi, hətta qeyri-ciddi alim kimi qəbul edilməməsi çox normaldır.

Yeri gəlmişkən, Osmanlı arxivində işləyən və illərlə bu istiqamətdə çalışıb, ermənilərlə bağlı həqiqətlərə aid 5 cildlik kitab yazan alimin niyə Türkiyədə yaşamını davam etdirməməsi, orda universitetlərdə sayılıb-seçilən müəllim olmaması, geri qayıtması da bir ayrı müzakirə mövzusudur. “İran” adının heç 100 il də yaşı olduğunu bilməyən, 500 il əvvəl Şah İsmayılın “İran ərazisini tutduğunu” yazan, Sultan Səlimi Səfəvilər deyil, “İran üzərinə” gəldiyini yazmağı öz qələminə layiq bilən Fazil Qaraoğlunun hansı səviyyəli alim olduğunu bizdən öncə, deyəsən, Türkiyə bilirmiş.

Qeydin əlavəsi: Bu, qətiyyən Fazil Qaraoğlunun kirayə pulu ödəyə bilməməsinin səbəbi və yaxud “əcəb olur” kimi dindən, elmdən, insanlıqdan kənar yanaşmaya haqq qazandırmaq üçün deyil.

Fazil Qaraoğlu da normal yaşamağı haqq edir, ümumiyyətlə, işləyən və yaxud pensiyada olan heç kim çöldə qalmamalıdır və bu, cəmiyyətimiz, dövlətimiz üçün ayıbdır.

Ancaq “quzunu quzu, keçini keçi ayağından” asmaq lazımdır: hər kəsin dəyəri verilməlidir.

Tarix
2024.04.03 / 07:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla