("Səs Azərbaycan" layihəsinə
sözardı)
"The Voice" vokal televiziya şousu ilk dəfə 2010-cu ildə
Hollandiyanın RTL4 televiziya kanalında "The Voice of Holland" kimi
meydana gəlib. Bu nadir layihənin Azərbaycan versiyası musiqi
istedadlarının axtarışı üzrə indiyədək ölkəmizdə keçirilmiş bütün
vokal müsabiqələrindən prinsipcə fərqlənir. Yenicə başa çatan ilk
yarış gözəl səsə malik olan neçə-neçə insana özünü tanıtmaq imkanı
verdi. Əlbəttə, onlardan yalnız biri "Ölkənin ən yaxşı səsi"
tituluna və baş mükafata layiq görüldü.
Son illər istedadlı gənclərimizin müxtəlif ölkələrə yollanıb
belə layihələrdə iştirak etdiklərinin şahidi olmuşuq. Aydın
məsələdir: onlar cavandırlar, tanınmaq, özlərini beynəlxalq
layihədə sınamaq və təsdiqləmək istəyirlər. Azərbaycan televiziyası
(AzTV) "The Voice" layihəsinin ölkəmizdə həyata keçirilməsi üçün
lisenziyanı əldə etdi. Məhz lisenziyalı olduğundan, layihədə hər
hansı dəyişiklik aparmağa ehtiyac qalmırdı. Hərçənd, konkret
ölkənin şəraitinə uyğun surətdə bəzi xırda düzəlişə yol verilir.
Belə ki, yerli televiziyanın formatı, verilişin efirə çıxma
vaxtaşırılığı, müxtəlif turlarda qiymətləndirmə prinsiplərindəki
fərq və s. nəzərə alına bilər. AzTV-nin rəhbərliyi 50-dən çox
ölkədə yayımlanan bu layihənin əzəli qaydasına riayət etməyə
çalışdı.
Dünyanın 5 qitəsində keçirilən populyar yarışın ölkəmizə
gətirilməsi haqqında qərar onun fövqəladəliyi, yaxud bahalığı ilə
bağlı deyildi. İndiyədək televiziya məkanımızda çox sayda musiqi
müsabiqəsi keçirilib, lakin onların səviyyəsi hazırkından köklü
şəkildə fərqlənir. "Səs Azərbaycan" layihəsi duyulan maliyyə
tərkibinə, zəngin dekorasiyaya, güclü işıqlandırma təminatına
malikdir. Bütün bunlar böyük bir texniki personal komandasının işə
cəlb olunmasını, müasir texnologiyaların tətbiqini və b.k. tələb
edirdi.
Yarışdan xeyli əvvəl, hələ yayda, Hollandiyanın TALPA şirkətinin
nümayəndələri Bakıya gəlmiş və hazırlıq işlərində köməklik
göstərmişdilər. Onlar layihənin bütün ölkələrdəki buraxılışlarında
iştirak etmişlər və bildirdilər ki, Bakıda layihənin tələblərinə
tam riayət olundu. Ən kiçik incəliklərinədək, hər parametr üzrə.
Həm təşkilati, həm də texniki cəhətdən. Təşkilatçılar etiraf
edirlər ki, layihənin həyata keçirilməsi üçün AzTV lisenziyanı
böyük çətinliklə alıb. Çünki hollandiyalılar layihəyə müvafiqliyin
bütün parametrlərini, telekanalın potensialını, texniki
imkanlarını, əməkdaşların ixtisas dərəcələrini, avadanlığı və s.
əvvəlcədən yoxladılar və yalnız bundan sonra AzTV-nin "The Voice"
layihəsinin tələblərinə uyğun gəldiyinə əmin olaraq, Azərbaycana,
necə deyərlər, "Səs" verdilər. Bu, belə izah olunurdu ki,
müəlliflər öz məhsulunu yüksək qiymətləndirirlər və telekanalın
maliyyə cəhətdən imkanlı olması kifayət deyil, lisenziyanın hər
hansı ölkəyə satılmasına əsas vermir. Nüfuzun qorunmasına və Avropa
keyfiyyət standartlarına qeyd-şərtsiz tələbkarlıq layihənin
konturlarının aşağıya endirilməsinə, icra səviyyəsində
dəyişdirilməsinə yol vermirdi. Bu, prinsipial cəhətdən obyektivdir,
düzgündür. Yoxlama son dərəcə diqqətlə, əsaslı surətdə aparıldı və
nəticədə AzTV özünün ən yüksək müasir texniki parametrlərə və dünya
standartlarına uyğun gəldiyini bir daha beynəlxalq səviyyədə sübuta
yetirdi.
Şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
şəxsi təşəbbüsü və bilavasitə dəstəyi olmasaydı, telekanal maddi və
texniki cəhətdən belə nəhəng, dünya səviyyəli işin öhdəsindən gələ
bilməzdi.
Layihə həyata keçirilərkən 200 nəfərdən çox yerli texniki
mütəxəssis, onlarca xarici ekspert cəlb edilmişdi. İnamla deyə
bilərik ki, "Avroviziya"dan sonra ölkəmizdə bu səviyyədə nəhəng və
geniş miqyaslı musiqi yarışı keçirilməmişdi. AzTV-nin böyük yayım
gücü ən ucqar dağ kəndlərində belə bu gözəl səslər paradına baxmaq
imkanı verdi. Telekanalın ötürücüləri isə tamaşanı təkcə ölkəmizə
deyil, onun hüdudlarından xeyli uzaqlara da yayırdı.
Layihənin miqyası bütün məmləkətimizi əhatə etmişdi.
Nümayəndələr Azərbaycanı demək olar elbəel gəzmiş, iştiraka
istəyini bildirən üç mindən artıq insan arasında seçim
aparmışdılar. Təşkilatçılar danışırlar ki, kastinq davam
etdirilsəydi, müraciətlərin sayı xeyli artardı... Teleteatr və 800
kv.m-lik studiya müstəsna olaraq musiqili yarışın keçirilməsi üçün
ayrılmışdı.
Belə nadir və uğurlu beynəlxalq layihənin reallaşdırılması –
AzTV-nin, Azərbaycan cəmiyyətinin və bütövlükdə dövlətimizin
növbəti müvəffəqiyyətidir. O, milli televiziyamızın nəhəng
imkanlarının spektrini tam şəkildə nümayiş etdirir. Kanalın əmək
kollektivi böyük səy göstərmiş, şərəflə çalışmışdır və qazandığı
nailiyyətə görə onu təbrik etmək olar. Bu cürə bahalı layihənin
həyata keçirilməsini məhz dövlət dəstəyi reallaşdırıb. Eləcə də,
televiziya auditoriyamızın yüksək fəallığını göstərmək lazımdır:
final yaxınlaşdıqca hər növbəti turun efirində iştirak etmək
arzusunu daha çox tamaşaçı bildirirdi. Yəni, auditoriyanı
formalaşdırmaqla bağlı çətinlik meydana çıxmırdı. Əksinə,
təşkilatçılar arzu edənlərin hamısını yerləşdirə bilmirdilər:
onların sayı yerlərin miqdarından qat-qat artıq idi.
Əvvəl buraxılışlar video yazısında gedirdi, sonrakı turlar isə
efirdə canlı göstərildi. Bu, tamaşaçıların fəallığını gücləndirdi
və səsvermə SMS-lərinin sayını artırdı. Yarış qalibi 90 mindən çox
səs topladı. Həmin fakt layihənin obyektivliyinin və uğurunun
parlaq şəhadətidir.
Sevindirici haldır ki, bu yaxınlarda AzTV-də dövlət
rəhbərliyinin təşəbbüsü əsasında yeni korpus ucaldılıb. Burada
yerləşdirilən 4 müasir studiya dünya istehsalçılarının ən qabaqcıl
avadanlığı ilə təchiz olunub ki, bu da öz növbəsində televiziya
yaradıcılığının imkanlarını daha da artırıb və genişləndirib.
Görmədən dinləmə mərhələsində ustadlar ancaq səsə və ifa tərzinə
diqqət yetirə bilirdilər. Canlı efir mərhələsinədək layihə
iştirakçılarının taleyini məhz onlar müəyyən edirdilər. Sonra
qiymətləndirməyə SMS-lər də qoşuldu. Axırda isə hər şeyi yalnız
mobil telefondan səsvermə həll etdi. Təşkilatçıların vəzifəsi təkcə
gözəl şou yaratmaq idi və onlar bunun öhdəsindən şərəflə gəldilər.
Finala çıxmış dörd yarış iştirakçısının hər biri elə istedadlıdır
ki, qalib gəlməyə tam layiq idi.
Layihə başa çatdı. Əksər iştirakçılar, xüsusən yarışın
finalçıları, ictimaiyyətin diqqət mərkəzindədirlər, xeyli imkan
əldə ediblər. AzTV onlara efir vaxtı ayıracaq, verilişlərə dəvət
edəcək. Yaradıcılığa qurşanan gənclər üçün bu, böyük perspektiv
deməkdir. Xalq onların özünü, istedadını tanıdı, bundan sonra da
sevimlilərini hər vasitə ilə dəstəkləyəcək. Ümidvaram, digər
telekanallar da ölkənin yeni istedadlarını müxtəlif verilişlərə
dəvət edəcək. Milli televiziya hamıdan irəli gedərək, finalçıları
solist qismində işə götürdü və yaradıcılıq karyeralarının
qurulmasında onlara ən yaxından yardım göstərir. Yeni istedadlar
üçün bütün yollar açıqdır. Növbə onlarındır: gənclər daim özlərini
və nəhəng layihənin uğurlu iştirakçısı statusunu
təsdiqləməlidirlər. Onlar böyük səhnəyə çıxmaq haqqını artıq
qazanmışlar və belə nadir imkandan maksimum dərəcədə istifadə
etməlidirlər.
Televiziya böyük xərc tələb edir. Milli televiziya AzTV-dən
savayı daha iki kanalı da maliyyələşdirir – "Mədəniyyət" və "İdman
Azərbaycan"ı. Burada hər il 30-40 telefilm çəkilir. AzTV başlıca
olaraq informativ və ictimai-siyasi xüsusiyyətə malikdir. Bu
səbəbdən mədəniyyət və incəsənət proqramları, tədbirlərin,
yaradıcılıq gecələrinin, konsertlərin video yazıları, dünya
mədəniyyəti barədə materiallar "Mədəniyyət" kanalında təqdim
edilir. İdman yarışlarından reportajlar, bu mövzularda maraqlı
arxiv materialları, müzakirələr gecə-gündüz "İdman Azərbaycan"
kanalının efirindədir.
Təqdirəlayiq haldır ki, milli televiziya son zamanlar efir
siyasətində beynəlxalq layihələrə üstünlük verir. Hesab olunur ki,
Azərbaycan tamaşaçısı əhəmiyyətli dünya məsələlərindən öz ana
dilində xəbər tutmalıdır. AzTV telekanalının rəhbərliyi beynəlxalq
televiziya məkanında mövcud olan ən yaxşı, qabaqcıl tendensiyaları
Azərbaycanda tətbiq etməyə, yerli tamaşaçılara dünyanın reytinqli
proqramlarını öz versiyasında göstərməyə çalışır. Bu məsələnin
digər mühüm cəhəti ondan ibarətdir ki, həmin layihələrə ölkəmiz
barədə informasiya daxil edilir. "Nə? Harada? Nə vaxt?",
"Breyn-rinq", "Əlaçı", "61!", "Parlaq zəka" intellekt oyunlarında
və digər beynəlxalq lisenziyalı proqramlarda sualların yarısı
ölkəmizə – onun tarixinə, mədəniyyətinə aiddir, format isə bütün
dünyada qəbul olunmuş müasir tələblərə tam şəkildə uyğundur. Hərdən
belə bir nadan fikir səslənir ki, guya intellektual oyunlar
Azərbaycan dilində sanballı alınmır. Lakin həmin proqramların
gənclər arasında populyarlığı o fikrin əksini təsdiqləyir. Məsələn,
"Breyn-rinq"də ölkəmizin bütün bölgələrinin universitet və
məktəblərindən olan gənclər iştirak edirlər. Hətta rus bölməsində
təhsil alan uşaqlar da ana dilində oynayaraq, azərbaycanca nitqini
təkmilləşdirirlər. Bütün bunlar azərbaycandilli auditoriyanı ekran
qarşısına cəlb edir. Həmin insanlara aydın olur ki, bilikli,
təhsilli və zəkalı adam nəinki hörmət, həmçinin pul qazana bilər,
tanınar və sevilər.
AzTV kanalının sıravi əməkdaşları və rəhbərliyi daim ideyalar
irəli sürür, plan qurur, veriliş və proqramları təhlil edir,
onların məzmununu rəngarəngləşdirməyə, təqdimatını yaxşılaşdırmağa,
nöqsanları aradan götürməyə çalışırlar. Tamaşaçıların qarşısında
hər çıxış onlar üçün imtahan, hər uğur – bayramdır.