"Gerçəkləşməyən arzular" layihəsində bu dəfə şair
Dayandur Sevginlə üz-üzə oturmaq istəyi yarandı. Bu soyuq qış
günündə ömrünün 55-ci baharını yola salan şairlə dağı arana, aranı
dağa daşımaq üçün zəngləşib vədələşdik. "Axar.az"ın redaksiyasında
baş tutan görüşdə şairin ötən günlərinə qayıtdıq, bu günkü durumu
ilə maraqlandıq:
Ömür vəfa etsə
- Dayandur müəllim, iki dənə beşi yan-yana qoydun. 55
yaş yaşadın: nə etdin, nələr fikirləşdin, hansı yolları
keçdin?
- Nəyi bacardımsa, onu da elədim, bacara bilmədiklərim isə
həyata keçməyən arzu kimi qaldı. Ömür vəfa etsə,
yəqin ki, onları da altmış yaşın hesabatına qədər
gerçəkləşdirərəm.
- Bacarmadıqların çoxmu oldu?
- Ümumiyyətlə, arzular tükənmir, bütün arzuları həyata keçirsək,
yenə də nələrsə əlçatmaz olaraq qalacaq.
Atama gülələnmə veriblər
- Əlli beş illik ömrünün birinci ilk 5 ili yadına
gəlməz, amma yarım əsr mütləq yaddaşında özünə yer tapar. Dönüb
arxaya baxanda nələri görürsən?
- Əvvəla deyim ki, mənim atam tək oğlan olub. Çox çətinliklər
çəkib, hətta Stalin dövründə həbs olunub. Güllələnmə verilib. Nənəm
dəfələrlə vəkil tutub, çox əziyyət çəkib onu güllələnmədən
qurtarıb. Atam tək uşaq olduğuna görə nənəm həmişə istəyib ki,
atamın uşaqları çox olsun. Ən çox da oğlan uşaqlarını istəyib.
Ancaq mən dörd qızdan sonra doğulmuşam. Əkiz tayım qız olub. O da
məndən öncə doğulub və ölüb.
- Bəs niyə adını Dayandur qoydular. Axı oğlan uşağı
olaraq "lenti sən kəsmişdin", əslində, adın başqa
olmalıydı...
- Mənim adımı qoyan adam kəndin çox istəkli bir adamıydı. Seyid
olduğuna görə hamı onun xətrini çox istəyib. O, mənə məndən on dörd
yaş böyük olan, eynilə mənim kimi beş qızdan sonra doğulan
Professor Dayandur Qəmbərovun adını qoyub.
Velosiped arzulamışam
- Nənənin arzusu gerçəkləşib, oğlum təkdir deyib, çoxlu
nəvə arzulayıb...
- Biz üç qardaş, yeddi bacı. Səkkiz aylığımda nənəmlə babam məni
götürüb öz evlərinə aparıblar. Məni İmişli rayonun Muradxanlı
kəndində nənəmgil böyüdüb, yalnız ağlım kəsəndən sonra bildim ki,
bunlar mənim nənəm və babamdır. O vaxtın adamları çox yığımcıl,
qəpiyi qəpik üstünə qoyan olublar. O vaxt mənim də arzum olub ki,
velosipedim olsun; amma ala bilmədim.
-Almırdılar ki, dərslərinə mane olar?
- Onlar yığımcıl idilər, lazım bilmədikləri artıq şeyə pul
xərcləməzdilər. Düzdü mən onlara "velosiped alın" deməmişdim, amma
arzulayırdım ki, alsınlar.
Kənddə hamı mənim canıma and içib...
- Bəlkə nadinc olmusan, sevimli övlad
olmamısan?
- Yox, əksinə. Bir az gec tapılmışdım deyə, təkcə ailənin yox,
bütün qohum-əqrəbanın və kəndin arzusu olub ki, Allah Mikayıla bir
oğul versin. Məni həmişə çox istəyiblər kənddə. Qohum-əqrəba
arasında çox adam öz oğlunun yox, mənim canıma and içib.
- Gözlərinin kökünü saraldan arzunu qoyaq qırağa. Bəs
hansı arzuna çatmısan?
- Faiq, sən də kənd uşağı olubsan, bilirsən kənd uşağının arzusu
odur ki, bir mənsəb sahibi olsun, əlbəttə sevdiyi sənət üzrə.
Televizorda baxanda, yazar, jurnalistləri görəndə demişik ki, biz
də gedib onlara çata biləydik və məni də bura o arzu gətirib
çıxardıb.
Əlisəmid kürlük etdi...
- Demək, arzuların səni ardınca Bakıya gətirib
çıxardı...
- 1983-cü il idi, "Ədəbiyyat qəzeti"ndə elan getmişdi ki,
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Gənclər günü"
keçiriləcək. Gəldim Bakıya. Taksi ilə şəhərin bütün klublarını
gəzdik. "Natəvan" klubunu heç kəs tanımırdı. Axırda Axundov
kitabxanasının yanından keçərkən sifəti mənə tanış olan bir nəfəri
gördüm. Saxlatdırıb maşını düşdüm. Yaxınlaşdım, klubun yerini
soruşdum. Göstərdi. Sonradan bildim ki, bu Baba Vəziroğludur. Mənim
ilk gəlişim idi, ilk dəfə şer oxuyacaqdım. Dostumuz Əlisəmid Kür
şer oxudu, Göyçaydan gəlmiş birisi onu möhkəm tənqid etdi. Əlisəmid
orda böyük kürlük etdi, tənqidə görə az qaldı həmin adamı
döyə...
Pioner baş dəstə rəhbərini sevmişəm
- Eşitmişəm, sən altıncı sinifdə oxuyanda bir qız
istəyibsən və ona məktub da yazıbsan. Olub belə bir
söhbət?
- Yox, yox, onu özündən qoşdun. Amma hamının qəlbində bu istək
olur. Mən də pioner baş dəstə rəhbərini sevmişəm. Amma ürəyimdə
saxlamışam o sevgini..
- Birinci şerin neçə yaşında dərc olundu?
- Hərbi xidmətə gedənə qədər şerlərim dərc olunmayıb, amma
yazırdım və heç kimə göstərmirdim. Birinci şerim 79-cu ildə rayon
qəzetində dərc olunub. Rayonda ədəbi birlik fəaliyyət göstərirdi,
əsgərlikdən sonra ora gedirdim...
Səyyad Aran işə qarışırdı
- Dərnəkdə şeirlər oxuyurdun, Əlisəmidin gününə
salmırdılar səni tənqidlə?
- Orada çox möhkəm tənqid gedirdi. Əksəriyyəti ədəbiyyatı bilən
adamlar idi, bilməyənlər razılaşmırıdılar. Amma həmişə Səyyad Aran
işə qarışırdı, hamı da ona inanırdı, çünki bilirdilər ki, ədəbiyyat
müəllimidir və onun fikirlərini qəbul edirdilər.
- Rayonda yazıb yaradırdın, amma qısa müddətdə şəhərə
gələndən sonra otuz, iyirmi il redaksiyaların qapılarını döyən
adamlardan daha çox tanınmağa başladın, yazıların dərc olundu,
ədəbi məclislərdə söz sahibi oldun...
- Mən özümü tərifləmirəm, amma beş, on misram kiminsə xoşuna
gəldi, bunu da qeyd etmək olar. Belə bir xasiyyətim var: insanlarla
tez dil tapmağı bacarıram, çünki heç vaxt saxta danışmıram, yəni
ürəyimdə nədirsə, dilimdə də odur.
Məmməd İsmayılın xoşuna gəldi
- Şeirlərini oxuduğun, ekranlarda gördüyün və
müqəddəsləşdirdiyin kimdən səmimilik görmədin? Xəyal qırıqlığı
səndə haradan yarandı?
- O vaxtlar Məmməd İsmayılın bir ədəbi məclisi vardı. Ora
rayondan bir arzu ilə gələrdik. Amma bir qrup adam vardı, oturardı
yuxarıda, bu onu atəşə tutardı, o biri qrup bunu. Mənim də orada
ilk tanış olduğum Paşa Qəlbinur və Kəmalə Abıyeva idi, onlar çox
səmimi yanaşdılar mənə bir rayon uşağı kimi, şerlərimə baxdılar.
Mənə üç şeir oxutdular və bu üç şeir Məmməd İsmayılın xoşuna gəldi,
amma İlham Abbasov möhkəm tənqid elədi. Məmməd İsmayıl ona dedi ki,
sən rayondan gələn uşaqları belə incitmə.
- Ədəbiyyatımızda kifayət qədər istedadlı gənc qələm
adamları var, heç oxuyursan onları?
- Oxuyuram.
- Məsələn kimləri oxuyursan?
- Gənclərin hamısını oxuyuram və onların içində istedadlıları
çoxdur. Amma gənclər bəzən hisslərini, hikkələrini də şeirin içinə
qoyurlar, onda da şeir ölür. Şeir ilahi bir şeydir də, gərək
içindən gələn hissi oxucuya çatdıra biləsən. Bəzən publisist
yazılarının içinə də atırlar hikkədən ki, kimisə sancsınlar.
Anar müəllimin iki sözündən biri Qismət idi
- Gənclərə münasibət necədir? AYB-nin "Gənclər Şurası"
yarandı...
- Əlbəttə, gənclərə münasibət çox yaxşıdır. Gənclər özləri
Yazıçılar Birliyinə yaxşı münasibətdə olmadılar. Hadisələrdən
xəbərin var, yadındadır da, Anar müəllimin iki sözündən biri Qismət
idi. AYB-nin 75 illik yubileyində, məsələn, sənə, mənə söz
verilmədi, amma Qismətə verildi. Qismət o diqqətə, o qayğıya hamıya
məlum olan münasibət sərgilədi sonralar... Məsələn, gənc yazar
Cavid Zeynallının "Günəşi gözləyən" romanını o vaxt mən
sanatoriyada olanda oxumuşam. Onun "Leyla"sını oxumamışam. Amma o
özü belə bir FB-dəstatus yazmışdı: "Leyla" romanımı vermişdim
"Azərbaycan" jurnalına. Amma Anar müəllimin ssenari müəllifi olduğu
"Fətəli Axundov" kinosunu tənqid etmişdim və düşünürdüm mənim
romanım çap olunmayacaq. Amma aradan bir müddət keçdi İntiqam
Qasımzadə zəng etdi, əsərin elektron variantını istədi və çap
elədi, mənə də altı yüz manat qonorar verdi. Mən buna çox
sevindim".
Evləndiyim xanımla ancaq toy günü
görüşmüşük
- Bakı mövzusunda dayanıb qalmışdıq, indi davam edək.
Sən Bakıya gələndə ailə qurmuşdun kənddə, yoxsa?
- Üç uşağım vardı...
- Yəqin, valideyinlərin elçiliyə gedənə qədər qızın
saqqızını oğurlamışdın...
- Yox, mən evləndiyim xanımla ancaq toy günü görüşmüşəm.
- Bir qohum əmiqızı, dayıqızı da xəbər göndərmədi ki,
rəhmətlik Mikayılın oğlu sizin qızı istəyir?
- Mən yeddi qızın qardaşı olmuşam, amma heç vaxt elə şeylərnən
məşğul olmamışam ki, gedin, filankəsin qızına deyin, onu sevirəm.
Yəni deyərlər ki, evin ağsaqqalına bax. Mən uşaqlıq, gənclik
yaşamamışam, həmişə ağsaqqalların məclisində olmuşam. Çünki toya,
iraq olsun, yasa mən ev yiyəsi kimi gedirdim, mənim taylarım
toyxanaya qıraqdan baxardı, oyun oynayardı, mənsə yox. Dostlarım da
bəzən yığıncaqda məni tənqid edirlər ki, biz oturan yerdə
oturmursan, gedib ağsaqqllarla oturursan.
Ağsaqqallarla danışmağı bacarıram
- Demək şərait, dövr imkan verdi ki, sən vaxtından əvvəl
ağsaqqallaşasan, ağsaqqallarla oturub-durasan?
- Bu belədir, amma bunu da deyim bəlkə də o yaşlı şair,
yazıçıların mənə münasibətində bunun da bir müsbət çaları olub. Bu
ondan ibarətdir ki, mən ağsaqqallarla danışmağı bacarıram.
- Deyirlər, yerindən duranlar roman
yazır...
- Hə, hamı yazır. Amma mən hamısını oxumasam da, bəzilərinə ən
azı baxıram, görürəm ki, bunların süjetləri dağınıqdır.
Adam elə şeyi dilinə gətirməz
- Sənin əlində kifayət qədər resursların var, kifayət
qədər ağlın və ətrafın var. Çox gənclərə, xanımlara kömək etmisən.
Söz gəzir ki, onlardan təmənnan olub, sevgi macəraları-zad, amma
alınmayıb, belə hal olub?
- Sənin quraşdırmalarındı... Elə şey olmayıb...
- Yox, söz-söhbət gəzir də: "Dayandur niyə onu dərc
elədi", "nə tapdı orada"? Belə hallar olur, yoxsa
qeybətdir?
- Bunu sənin də haqqında deyiblər də... və hamının haqqında deyə
bilərlər. Adam elə şeyi dilinə gətirməz. Bir şeirim var e: "Bu
sevgi qəlbində göyərməz gözəl/ Saxla ürəyində gizli sirr kimi.
Həmişə əmrinə müntəzir olum/ Sən hökmdar kimi, mən əsir kimi/ Məni
sevdiyini heç kimə demə".