Yuxarı

Ərdoğan niyə Makronun orta barmağından yapışdı? – Mənası

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronla görüşündən yayılan görüntülərin qardaş ölkələrin sosial şəbəkələrində necə mükəmməl, dərin, qlobal, fitri istedad və cahanşümal idrakla təhlil edildiyini görmək çox xoş duyğular yaradır. Hər iki qardaş ölkənin bəzi sosial media istifadəçilərinin bu qədər genişdüşüncəli və dərin dövlət təfəkkürünə sahib olmasından qürurlanaraq, bu görüş zamanı baş verən mükəmməl barmaqlaşma prosesinin hələ açılmayan, deyilməyən, qaranlıq, görünməyən tərəflərinə də bir az biz işıq salmaq istərdik.

Amma bu, elə də asan məsələ deyil – aysberqin görünməyən tərəfini göstərmək üçün qəvvas olmaq, yəni dalğıclar kimi dəryaya baş vurmaq və gizli tərəfləri görmək bacarığı lazımdır. Biz də özümüzdə bu keyfiyyətləri gördüyümüzdən və oksigen balonları götürdüyümüzdən, bu dərin mövzuya baş vurub, dərya dibindən ləl çıxarmağa cəsarət edirik:

Hər şeydən əvvəl ordan başlayaq ki, Ərdoğan Makronun görüşdəki qara niyyətini bədahətən təxmin etmişdi və Emanuel əlini uzadarkən rəisimiz onun uzatdığı sağ əli sol əllə tutaraq, faktiki olaraq sağ əlini zərbə üçün boş sağladı. Bu, sıradan addım deyil, bədən dilidir.

Doğrudur, burda bədən yox, əl iştirak edir – ancaq əl də bədənin bir hissəsi olduğu üçün elm aləmində “bədən dili” anlayışının məna və məzmununun əhatə dairəsindən kənarda deyil!

Davam edək: “bədən dili” ilə Ərdoğan Makronun sağ əlini sol əli ilə susdurub, sağ əli ilə onun üstündən “şap-şap-şap” döyəcləməyə başladı. Burda da əsas məsələ o “şap”ları saymaqdır: videoya diqqətlə baxaq – 3 “şap”. Atalar 3-dən deməyibmi? Deyib! Ərdoğan da burda 3 dəfə “şap”la ona işarə edir.

Bu qaydasız döyüşdə uduzduğunu görən Makron sağ əlinin heyfini çıxmaq üçün fənd işlədərək, sol əli ilə Ərdoğanın şappıltı salan sağ əlini tutmağa çalışır: Ərdoğan isə anında əl ataraq, onun uzun barmağından yapışır.

Bu, nə anlama gəlir?

Ərdoğan istəsə, onun çeçələ barmağından da yapışa bilərdi. Çeçələ barmaqdan yapışmaq o demək olardı ki, mən səni ən zəif yerindən vuraram!

Ərdoğan istəsə, onun adsız barmağından yapışa bilərdi – yəni istəsəm, Bricitdən vuraram səni!

Amma Ərdoğan məhz uzun barmaqdan yapışdı. Bu o demək idi ki, hər yerə barmağını uzatma, o uzatdığın barmağını tutar, qatlayıb qırar, sonra da... – başa düşdünüz də!

Ancaq və lakin Ərdoğan bir bədən jesti ilə yalnız bir mesaj verən liderlərdən deyil – o, bir jestlə onlarla, bəzən yüzlərlə mesaj verir, bəzilərini aça bilirik, bəziləri qalır gələcək mütəxəssislərin öhdəsinə.

Burada Ərdoğanın Makronun orta barmağını tutmasının bir səbəbi də Orta dəhlizlə bağlıdır. Bilirsiniz ki, Orta dəhlizin ən həssas yeri Zəngəzur dəhlizidir və Ermənistanı bu yolu açmağa qoymayanlardan biri də Makrondur. Ərdoğan Makronun orta barmağından yapışaraq, Orta dəhlizə işarə edirdi ki, imkan verməsən, bilirsən nə edəcəm!

Əlbəttə, Ərdoğan o məqamda Makronun burnundan da yapışa (yəni “hər yerə soxma bu burnunu” mənasında) və yaxud qulağından da tuta bilərdi – ancaq bu, bir az çox açıq mesaj olardı, Ərdoğan isə hər zaman incə ismarış verir!

İncə demişkən, ən çox diqqət edilməli məqam Makron əlini uzadarkən Ərdoğanın sol əllə salamlaşması ilə bərabər, ayağa durmamasıdır. Bu da bir bədən dilidir: yəni səni oturan yerdə “şappılladaram”.

Digər ifadə edilməsi çətin mesajlar da var ki, onların sosial şəbəkələrdə kəşf edilərək, təbliğ olunacağına möhkəm inanıram...

Tarix
2025.05.17 / 21:30
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir

İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla