Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyun 2018


Bədənimə 30 minə yaxın iynə vurulub - Zöhrab Əmirxanlı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Zöhrab Əmirxanlının ölümündən 3 gün keçir.

Tanınmış jurnalistin 3 il öncə Axar.az-ın "Xatirə dəftəri" layihəsinə verdiyi müsahibəni təqdim etməklə oxucularımızın onu yad etməsini istədik:

***

Bu dəfə tanınmış jurnalist Zöhrab Əmirxanlının "Xatirə dəftəri"ni vərəqlədik. Əslində dostlarının onunla bağlı o qədər xatirələri var ki... Amma biz o xatirələri tanınmış jurnalistin öz dilindən eşitmək istədik. Şəhərin mərkəzindəki "Dalğa" restoranında xudmani bir otaqda gerçəkləşən bu görüşün özü bir xatirə səhifəsi oldu. İnşallah, nə vaxtsa xatirə dəftərini vərəqləyən Zöhrab bəy bu səhifəyə də gəlib çatacaq. Hələliksə Zöhrab bəyin bura qədərki xatirələri ilə baş-başayıq.

- Zöhrab bəy, səninlə görüşmək çox xoş oldu. Çoxdandır görüşmürük. Bu dəfə sənin "xatirə dəftərini" oxucularımız üçün vərəqləyəcəyik.

- Mənə də xoş oldu. Qabaqcadan deyim ki, saytınız qısa müddətdə çox uzağa gedib - maraqlı və oxunaqlıdır. O ki qaldı mənim xatirə dəftərimin vərəqlənməsinə, güman etmirəm ki, hər kəs özünün könül dəftərinin bütün səhifələrini oxuda bilə...

- Hər halda biz səninlə bu masada təkcə çay içməyəcəyik...

- Hiss edirəm...

Gözün bir qıza sataşır və gözlər öpüşür...

- Tanınmış jurnalistsən, bir çox yerlərdə işləyibsən, həmişə də haqqında xoş sözlər eşitmişik. Bu, jurnalistikanın sənə doğma baxışıdır... Bəs sən bu gün jurnalistikaya necə baxırsan?

- Mənim jurnalistikaya baxışım, bağlanmağım bilirsən necədir? Bax, elə bil ki, sütül yeniyetməsən və kənd toyuna getmisən, amma səni mağarın içərisinə buraxmırlar. Durub çadırdan toya baxanda təsadüfən gözün bir qıza sataşır və gözlər öpüşür. Sevmək istəyirsən, düşünürsən, içindəki o boşluğu sevgi dolduracaq. Mənim üçün də jurnalistlika elə bir ilahi sevgi idi.

- Və sən mağara girmək hüququn olmayan vaxtdan, yeniyetməliyindən jurnalistikaya maraq göstərdin...

- Jurnalistlikdən öncə üç il müəllim işləmişəm. Pedaqoji texnikumu bitirmişdim. İbtidai sinif müəllimi ixtisası üzrə. 18 yaşında Şamaxı malakanlarının yaşadığı Hilmilli kəndində Azərbaycan sinfi açmışdılar. Məni ora dərs deməyə göndərdilər. Amma jurnalistikaya maraq çox güclü idi. Bir neçə dəfə sənədlərimi vermişdim. Hər dəfə də balım çatmamışdı... Üç il ard-arda kəsildim, dördüncü ili qəbul oldum.

- Və gəlib jurnalistikanın kandarında dayandın...

- Jurnalistlikada o vaxt Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Seyfulla Əliyev, Nurəddin Babayev kimi ilahi insanlardan dərs aldım. Hər şeyi öyrəndik - qəzetçiliyi, mətbuatı... Amma sonradan cəmiyyətin qabalığı, vəhşiliyi ilə üz-üzə gələndə çoxumuz çaşıb qaldıq. Çünki aldığımız o ifrat tərbiyə, əxlaqla yaşadığımız mühiti uzlaşdırmaq çətin oldu...

- Böyük arzu ilə jurnalistikaya qəbul olundun. Tanınmış jurnalistə çevrildin. Yazıların maraqla qarşılandı, sevildin. Və qəfildən də qeybə çəkildin. Bəs niyə? Bəlkə səhhətin...

- Düzdü, mənim şəkərim var, amma bunun taleyimlə heç bir bağlılığı yoxdur. Əksinə, mən şəkərlə futbol oynayıram. Qırx bir ildir. Qırx bir ildə, hesablamışam, bədənimə təxminən otuz minə yaxın iynə girib.

Bacarmır da, neynəyim...

- Sən universiteti bitirməmiş jurnalistikanın içinə düşdün...

- Qarşıma işıqlı adamlar çox çıxıb. Sonuncu kursda oxuyanda artıq respublika qəzetlərinin əksəriyyətində dərc olunurdum. "Bakı-Baku" qəzetlərinin redaktoru Nəsir İmanquliyev bizə dərs deyirdi. Bir gün mühazirədən sonra tapşırdı ki, gələrsən redaksiyaya, səninlə söhbətim var. Getdim və qısa danışıqdan sonra əmrimi verib məni işə qəbul elədi. O qəzetdə üç il Sənaye- tikinti-nəqliyyat şöbəsində işlədim. Açığı, o şöbə mənlik deyildi - ruhuma, təbiətimə yad bir sahə idi. Amma yeni ailə qurmuşdum, ilk övladım dünyaya gəlmişdi, çörək qazanmaq lazım idi. Mən işləyirdim, yazırdım... Nəsir müəllim redaktorluqdan gedəndən sonra onu Şamil Şahməmmədov əvəz elədi. Redaksiyada Şamil adlı biri də vardı - mənim şöbə müdirim. Yazılarımı verəndə özünə zülm eləyə-eləyə on beş min işarəlik materialı kəsib üç minə salırdı. Məni Nəsir müəllimin adamı bilirdilər. Həmişə də yazımı redaktora təqdim edəndə deyirmiş ki, bacarmır da, neynim...

Yazılarını kimə yazdırırsan?

- Elə beləcə sənin haqqında mənfi rəy formalaşdırırdı...

- Hə. Bir gün o, Moskvaya kursa getdi. Bir həftə redaktora yazıları özüm verəsi oldum. Toxunmadan dərc edirdi. Bir dəfə də yazını verəndə qayıtdı ki, düzünü de, yazılarını kimə yazdırırsan? Bu söz mənə şapalaq kimi dəydi. Dedim, mən jurnalistika fakültəsini bitirmişəm, yazılarımı da özüm yazıram. Soruşdu ki, bəs Şamil burda olanda niyə belə yazmırsan? Dedim ki, bu, mənim yazı üslubumdur və həmişə də belə işləyirəm, amma o yazıların sizə necə gəlməsi bir ayrı söhbətdir. Şamil Moskvadan qayıdandan sonra redaktor onu danladı ki, o yazıları niyə mənə olduğu kimi vermirsən, bu cür bacarıqlı jurnalisti daim pis vəziyyətdə qoyursan...

Dərsimə girmə...

Bu Şamil var ha, onun əsl adı Şəmək olub. Tələbəlik illərində Araz Əlizadənin anası Ziynət xanım bunu qaldırır ayağa ki, adını de. Bu da adını deyir. Ziynət xanım deyir, çıx, adını lövhəyə yaz. Bu da yazır. Sonra Ziynət xanım ona qayıdır ki, adının qabağına bir "İ" hərfi də artır, gör nə oxunur. Və tələb edir ki, adını tezliklə dəyişdirməsən, dərsimə girmə...

Həsən Həsənovun "Respublika" qəzeti

- Demək qarşına heç də həmişə yaxşı adamlar çıxmayıb...

- Azərtac-ın indiki baş redaktorunun Dağbəyi adlı müavini var. Çox yaxşı və ləyaqətli kişidir, amma qorxaq və əfəldir. Ş.Şahməmmədov növbəti məzuniyyətə çıxanda gəlib ona dedim ki, Dağbəyi müəllim, mən daha belə mühitdə işləyə bilmirəm, gedirəm. Əhməd İsayev "Respublika" qəzetini açırdı. Həsən Həsənovun "Respublika" qəzetini deyirəm. İşçi axtarırdılar. Surxay Hüseynli ilə getdik və qısa müddətdə Nazirlər Sovetinin qəzetini yarımmüxalif qəzetə çevirdik. Bir ildən sonra bu qəzet də bağlandı. "Sovet kəndi" qəzeti vardı ha, sonradan "Həyat" oldu. Surxayla məni ora dəvət etdilər, ancaq getmədik.

- Niyə?

- Çünki o qəzet bizim təbiətimizə uyğun deyildi. İstədiyimi yaza bilmədiyim yerdə mən yoxam. Məzahir Süleymanzadənin "Səhər" qəzeti çıxırdı, Surxayla getdik, dörd ay da orda işlədik və məlum oldu ki, yenə səhv gəlmişik, bura da bizim yerimiz deyil. Mən çox yerlər dəyişdim. 92-ci ildə Sərdar Cəlaloğlugil Naxçıvandan köçüb gəldilər Bakıya. ADP-nin fəaliyyətini burda davam etdirdilər. Baş redaktor axtarırdılar, məni dəvət etdilər, getdim "Hürriyyət" qəzetinin baş redaktoru oldum.

O mənə "C" hərfini sevdirdi...

- Sən özünün qəribə xüsusiyyətlərinlə də fərqlənirsən; şux görünürsən, yumor hissin güclüdür... Amma məndə belə bir təəssürat var ki, sənin içində qarşıdurmalar var. Statuslarda da, təklikdə də bir duyğusallıq, kövrəklik var. Bəlkə də bu, həyat yoldaşını vaxtsız itirmənlə bağlıdır. Mən istəyirəm Mehriban xanım Əbülfətqızıdan danışasan. Necə tanış olmusunuz?

- Qəbul sənədlərinin siyahısında mən üçüncü, o dördüncü adam idi. Üçüncü imtahanı vermişdik. İndiki kimi jurnalistikaya qəbul asan deyildi. Səhv eləmirəmsə, 64 nəfər idik, kəsilib 18 nəfər qalmışdıq. Süleyman Rəhimovun gəlini vardı, Sima xanım, imtahandan sonra nəticələri ondan soruşurduq. Mənə demişdi ki, Zöhrab, get papağını əyri qoy gəz, bu il qəbul olunubsan. Kəsilən çox olub deyə, axırıncı imtahandan "üç" alanlar da keçəcək, amma heç kəsə demə. Gördüm Mehriban gəlir, soruşdum nə məsələdir, imtahanın nəticəsini öyrənmək istəyirsənsə, narahat olma, ikimiz də qəbul olunmuşuq. Bircə kəlmə "Sən papa canı?" soruşdu. Özü də "c" hərfini o qədər cingiltili dedi, o səs indi də qulağımdadır. Bu hərfi o mənə sevdirib, çalışıram bu hərflə kobud söz işlətməyim.

Arxamca bircə söz dedi: "Tərbiyəsiz"

Sima xanımın yanına getməyə qoymadım, dedim, məndən xahiş edib ki, heç kəs bilməsin. Çıxıb gəldik dayanacağa. O, 5 nömrəli avtobusla Bayıla, mənsə 106-cı marşrutla qohum evinə getməli idik. Dəlisovluq, çılğınlıq və emosionallıq daim mənim qanımdadır. Dedim ki, biz qəbul olduq, bir yerdə, bir partada oturacağıq, mən səni sevəcəm və sonda qovuşacağıq. Bu sözləri dedim və götürüldüm. Arxamca bircə söz dedi: "Tərbiyəsiz". Əsməri bir Yevlax qızı idi. Birinci dərs günü idi, mən bir az gecikmişdim. Qrupda da 23 nəfər idik. Sonradan Mirşahinlə Afaq Vasifqızını da filologiyadan bizə keçirmişdilər ki, qrupda tələbələrin sayı 25 olsun. Nə isə, girdim sinfə, gördüm Mirşahinlə birinci partada oturublar. Mən bunlardan 3-4 yaş böyük idim, özümü yaşlı adamlar kimi aparırdım. İkinci partada oturdum, arada Mirşahinin qulağına pıçıldadım ki, Şahin, ikinci dərsdən özünə yer tap. Dedi ki, baş üstə. Ehsan Zahidovla Mirşahin mənə "dayı" deyirdilər. İkinci dərsdə Mehribanla bir partada oturdum. Ayağa durdu ki, mən səninlə oturmaram. Dedim, hara getsən, gəlib orda oturacağam, özün bil. Bir-iki yer dəyişdi, getdim oturdum yanında, görəndə ki, it əl çəkir, motal əl çəkmir - taleyi ilə barışdı...

Bu, qəribə yetimlikdir

Sonra gəldik öz yerimizə, beş il birinci partada oturduq. İkinci kursda oxuyanda - qış semestrindən sonra bizimkilər Ağsu dolaylarını qar-boran bürüyəndə durub Yevlaxa elçiliyə getdilər, beşinci kursda da Şamaxıya qar tökəndə toyumuzu elədik. Adam atadan, anadan yetim qalır ee, amma bu, qəribə yetimlikdir. Bilirsən, heç kəs mənim qabağıma şərt qoymur... Amma uşaqlarım analarını çox istəyirlər. Mən onların üstünə ikinci qadın gətirə bilmərəm. Mehribanı itirəndən sonra mənə bütün çılpaqlığı ilə çatdı ki, övladın əziyyətinin yetmiş faizi qadının çiyninə düşürmüş.

Yekə rüşvət söhbəti olub

- Oxuduğun, işlədiyin adamların adını çəkdin. Onlar hamısı jurnalistikada sözünü deyən, imzalarını təsdiq edən adamlardır. Amma indi universitetlərimiz bir ucdan jurnalist istehsal etsə də, uğurlu kadrlar barmaq sayı qədər azdır...

- Otuz il jurnalistikada olmaq bir igidin ömrüdür. Adam bir az kənar düşə bilər, amma mən özümü həmişə bu sahənin içində görmüşəm. "Bakı-Baku" qəzetində işləyəndə ən müxtəlif yerlərdə və məqamlarda o qədər yekə rüşvət söhbətləri olub ki... Bunun qabağında dayanmaq lazım idi... Rəhmətlik Əbülfəz bəy demişdi də, tankın-topun qabağında dayanan kişilər pulun qabağında dayana bilmədilər. Mən pulun qabağında dayana bildim, verilən, təklif olunan rüşvətləri rədd eləməyə gücüm çatdı.

- Tez-tezmi olurdu belə hallar?..

- "Hürriyyət" qəzetində işləyirdim. Kirayə qalan vaxtlarım idi, Şəbnəmlə Mehinin dünyaya gəlişindən sonra ailədə artıq 4 nəfər olmuşduq. O vaxt redaksiyada kabinetimə əli çamadanlı bir adam girdi. Çamadanı elə tıxlı-təpili doldurmuşdu ki, qapağını qaldıran kimi pul göyə püskürdü. Dedim, ağsaqqal, dur pulları yığışdır, çamadanı bağla və bas bayıra. O kişi o vaxt sərhəd rayonlarımızdan birinə rəhbərlik eləyirdi və 200 hektar meşəni erməniyə satmışdı. Gəlişinin məqsədi bununla bağlı qəzetdə gedəcək yazının qabağını almaq idi. Amma mən yazını verdim və onun da dalından təpiyi vurub atdılar çölə. Halbuki əclaf olsaydım, o pulu götürər, ev, maşın alar, özümə gün ağlayardım. Eləmədim, heç vaxt rüşvətə əyilmədim. Ləyaqət deyilən bir nəsnə var. Onu itirmək, hamının ayağı altına sərmək mümkün deyil. Azərbaycan jurnalistikasında keçmişdən ta indiyə qədər rüşvət olub, var və olacaq da. Bünövrəsi doxsanlarda qoyulan o rüşvət məktəbi bu gün də yaşayır. Bilirsən, o məktəbin nə qədər yetişdirməsi var indi?!

- Jurnalistikaya verdiyin qiymət budur?

- Yox, niyə ki? Allah Nəcəf Nəcəfovun ruhunu şad eləsin, bugünkü mətbuat azadlığını o qurdu-qoşdu və dünyasını dəyişdi. Sonra həm o azadlıq, həm də o biri "Azadlıq" əldən-ələ keçdi. Heyf ki, bu, Nəcəf Nəcəfovun qurduğu "Azadlıq" deyil. Sabir Rüstəmxanlının yaratdığı "Azərbaycan" qəzeti var idi, ilahi bir qəzet. Götür qəzeti oxu və ürəyini qoy səhifələrin içinə. Bu qəzetlər, bu insanlar jurnalistikamızı kimlərin ümidinə buraxdılar...

- Bu yaxınlarda o qəzetin - "Azərbaycan"ın 25 illiyi olacaq...

- Qabaqcadan təbrik eləyirəm. Sonra Sabir bəyin qardaşı Şahbazın "Millətin səsi" qəzeti, ilahi, necə gözəl və yapışıqlı idi. Fəxri Uğurlunun, Hikmət Sabiroğlunun "Avropa" qəzeti bir ayrı işıq mənbəyi idi.

- Sənin bir "Azadlıq" dövrün də oldu...

- Hə, maraqlı və macəraqarışıq 4 illik bir dövr yaşadım o qəzetdə. Bugünkü Azərbaycan jurnalistikasının filləri - Zamin Hacı, Azər Qaraçənli, Pərviz Cəbrayıl, Afaq Vasifqızı, Lalə Cəfərova, Şahnaz Bəylərqızı və Mahir Mehdi ilə Humanitar şöbəni qurduq və uğurlu layihələri reallaşdırdıq. Senzuranın asa-as, kəsə-kəs dövründə isə iki ilə yaxın qəzetin bütün ağırlığını bu şöbə ilə çəkdik. Mən o uşaqların hər birini bu gün də çox istəyirəm. Şöbənin rəhbəri kimi heç vaxt bir sözümü iki eləmədilər...

Nataşaları görüb ağlı başdan çıxandan sonra...

- Bəs bugünkü jurnalistlərimiz necə, səviyyə baxımından səni qane edirmi?

- Allaha qurban olum, Azərbaycan jurnalistikasına təpiyi o qədər bərk vurdu ki... Qələmindən bal süzülən Adil Qaçayoğlunu, Hüseyn Əfəndini, Məmməd Nazimoğlunu dalbadal alıb apardı. İndi elə bil ki, o nəsillə bugünkü jurnalistika arasındakı körpü dağılıb. Bu sahədə dəhşətli bir boşluq yaranıb. Sanki millət də, onunla birgə intellekt də tükənib. Yazısı ürəyindən tikan çıxaran jurnalist çox azdır. 2002-ci ildə Aydın Canıyevlə Moskvada "Üçüncü Azərbaycan" adlı qəzet buraxırdıq, qardaşlarım maliyyələşdirirdi. Allah o günləri ömrümə yazmasın, o qədər əbləh işlərlə məşğul olmuşam ki... Adamlar qəzet oxumur da, qardaş, pulunu xərcləyir axmaq-axmaq işlərə, amma bazarda satılan bircə stəkan yaxantı çayın pulunu - 10 rublu qəzetə qıymır. Çünki eldən çıxandan, əlinə bir az pul gələndən, nataşaları görüb ağlı başından çıxandan sonra ona maraqlı deyil Azərbaycanda nə baş verir... O söhbətə bir də qayıdıram. Azərbaycanda ləyaqətli jurnalistlər var. Məsələn, Hikmət Sabiroğlu Azərbaycan jurnalistikasının meyarıdır, memarıdır, ölçü vahididir. Fəxri Uğurlu, Qulu Ağsəs, Famil Cəfərli, sizin Pərviz... bəzən bunlar yerində olmayanda adama çox pis təsir edir. Elələri də var ki, jurnalistlikdən heç anlayışı da yoxdur, amma bir-iki yazısı çıxandan sonra özlərini xırdaca dağların yaradıcısı kimi aparırlar. Bu ölkədə Anarın, Pərvizin, Fəxrinin, Qulunun, Familin, Hikmətin... yeri yoxdur, varsa da çox narahat və darısqaldır. Bax, faciə burasındadır...

Zöhrab bəylə söhbətimiz uzun çəkdi. Guya "Xatirə dəftəri"ni vərəqləyəcəkdik. Xatirələri ilə yanaşı jurnalistikamızın problemlərini də çözəsi olduq. Bu da bir xatirə olsun, haçansa vərəqləyən tapılar...

2014.02.28.

Tarix
2017.05.04 / 22:32
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Adamlar panikaya düşməsin deyə bunu gizlədirik - Reportaj

Xalq artisti ailəsi ilə bağlı dəhşətli faktları açdı - Müsahibə

Əmir Teymurun heyran qaldığı azərbaycanlı kim idi?

Guya Tağıyev babamı inandırıb ki... - Nağıyevin nəvəsi

Fili özündən çıxaran rus qadını və Bakıya gətirilən çaylar - Foto

AXC Türkiyə üçün nümunə oldu – Foto

Yayda Azərbaycanda harada dincəlmək olar?

Son çəkiliş: Speys TV bu verilişi niyə yayımdan qaldırdı? - Video

Prezident belə məsləhət gördü ki... - Rasizadə nələr danışdı?

Atam əsirlikdə olanda Rəsulzadə ilə görüşüb - İlham Rəhimov

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla