Onu ilk dəfə "voronok"da (voronok - dustaqları aparan
maşın) gördüm. Ağır Cinayətlər Üzrə Məhkəmədən "gəlirdilər".
Yolüstü Səbayel məhkəməsindən məni də "götürdülər". Hündürboy,
qalın qaşları, sərt baxışları vardı.
Maşına minən kimi diqqətimi çəkmişdi. Qurşaqdan yuxarı çılpaq
idi. Cavan bir oğlan dəsmalla onun tüklü sinəsinin, çiyinlərinin,
kürəyinin tərini silirdi. Yaşlı, zabitəli adamdı. İsti iyun günəşi
maşının dəmir tavanını qızdırmışdı. Nəfəs almaq mümkün deyildi. İri
gövdəli, qarayanız, əzələli başqa bir cavan oğlan isə plastik
qabdakı suyu hazır vəziyyətdə tutmuşdu. Mənə də yer elədilər, daha
doğrusu, yaşlı kişi əli dəsmallı gəncə olduqca mehriban səslə:
- Amil, qıraq ol, bacoğlu otura bilsin, - dedi. Əlüstü
"mehribanlaşan" dustaqların arasında oturdum və əlimdəki selafon
paketdən su götürdüm, təşnə kimi başıma çəkdim. Yaşlı kişi
baxışlarını kənara sürüyüb, bədənini silən gəncə tərəf döndü:
- Yaman dedin, a...
Gülüşdülər. Söhbətin nədən getdiyi mənə qaranlıqdı. Həm də
buradakıların heç birini tanımırdım.
"Voronok" tən ortadan dəmir lövhələrlə ikiyə bölünmüşdü. Mənim
də yerləşdirildiyim tərəfdə 8 dustaq vardı və bu 8 dustaq 9-cu
dustaq olan məni "qəbul" etməkdə heç də qızırğananlara
oxşamırdılar. 8 nəfərdən isə ən azı beş nəfərinin bir-birinə daha
yaxın olduqları hiss olunurdu.
Səhv edirsən, bacoğlu
Ağsaqqal kişini sanki haradasa görmüşdüm, yaman tanış gəlirdi.
Dustaq maşını Bayıl təcridxanasına yaxınlaşanda ağsaqqal bir də
mənə sarı baxdı, baxışlarının ardıyca sözləri gəldi:
- Bacoğlu, səni niyə qıfıllayıblar, səndəmi düşmənə güllə
atmısan?
- Yox, dayı, düşmənə güllə atanı tutmazlar, mənim
işim başqadır.
- Səhv edirsən, bacoğlu, elə düşmənə güllə atanı tuturlar, – "ü"
hərfini "u" kimi tələffüz edirdi.
Yadıma düşdü… bu adamı "Dəli Kür" filmindəki Cahandar ağaya
bənzətmişdim. Baxışı, oturuşu, səsinin tonu, zəhmi...
Elə həmin gün öyrəndim ki, bu, məşhur Güləbirdli komandir Vaqif
Cabbarovdur. Həmin gənclər isə - tərini silən oğlan nəvəsi Amil,
əlində su tutansa oğlu Cəlal idi. O biri "podelnikləri" - yeznəsi,
Amilin atası, o biriləri də hərbçi Mikayıl (onu oxucularımız bu
layihəmizdən tanıyırlar) və başqa qohumları imiş.
Başqa "burjuy"lar kimi
Vaqif kişi ilə 10 saylı CÇM-də daha yaxından tanış olduq. Oğlu
Cəlal ora göndərilmişdi. Vaqif kişi isə məhkəmə zalından azadlığa
buraxılsa da, Baş prokuror tərəfindən hakimin qərarına protest
verilmiş və 80-ə yaxın yaşı olan kişini yenidən həbsə atmışdılar.
Və oğlu cəza çəkdiyi müəssisəyə göndərilmişdi. Ata-bala 10 saylıda
olsalar da, o biri qohumları başqa CÇM-də idi.
O da başqa "burjuy"lar kimi Cəza Müəsisəsinin tibb məntəqəsində
məskunlaşmışdı. Oğlu ilə bir palatada qalırdı...
Vaqif Cabbarov çox maraqlı, dünyagörüşlü, həm də zəngin bir
adamdı. Atəşkəs dövründə böyük bir fermer təsərrüfatı yaratmışdı.
Nəslini, qohum əqrəbasını başına toplamışdı. Onun haqqında
əfsanələr danışılırdı. Onunla ilk şəxsi tanışlığım "içəridə" olsa
da, haqqında "çöl"dən eşitmişdim. Müharibədə göstərdiyi şücaət
barədə çox yazılmışdı. Onun yaratdığı və komandiri olduğu
özünümüdafiə batalyonu ərazi bütövlüyümüz uğrunda qanlı döyüşlərdə
iştirak etmişdi.
Hacı Məmmədovun bacısı yoldaşı
Vaqif dayı ilə tez dostlaşdım. "Bacoğlu Faiq" deyərdi mənə.
Əliaçıq adamdı. Və bir çox "bedalaqaya" əl tutması ilə də
çoxlarının rəğbətini qazanmışdı. Adam oğurluğunda və qətldə
günahkar bilinərək ömürlük həbs cəzası alan Hacı Məmmədovun bacısı
yoldaşı Xosrov dayı ilə söhbəti isə bir ayrı alınırdı. Hər ikisi
yaşlı adamdı. Zahiri görünüşülərində də oxşarlıq vardı. Xosrov dayı
gününü pişiklərlə keçirər, pişik balalarına süd verər, onları
əzizlərdi. Belə məqamlarda Vaqif dayı "heyifdi, bu da Allahın
heyvanıdı", - deyər və özünün cins itlərindən, atlarından bəhs
edərdi...
Vaqif dayının hekayətləri bitmək bilməyən hekayətlərdi. Və
çalışacam ki, o hekayətlərin bəzilərini yaddaşımın alt qatından üzə
çıxarım.
Mənim əməliyyatlarımın çoxu erməni ərazisində
olurdu
"Ermənini mənim kimi tanıyan az olar. Ta gənclik illərimizdən
gediş-gəlişli olmuşuq. Həmişə də həyətimizin, qapı-bacamızın
fəhləsi olublar. Onlarla yoldaşlıq edəndə gərək ehtiyatlı olasan.
Nə isə, əvvəllər ara qarışmağa başlayanda oğul-uşağı,
qohum-əqrabanı yığdım başıma. Əvvəlcə ov tüfəngləri ilə silahlanıb
mal-qaranın, kəndin müdafisəinə qalxdıq. Müharibə başlayanda isə
bizim xırda dəstəmizə könüllülər gəldi. Böyüdük. Bilirsən, bacoğlu,
onların dizlərini qatlamışdıq. Allah haqqı, harda ki, "Vaqifin
batalyonu gəlir" sözünü eşidirdilər, canlarına bit-birə düşürdü.
Qafana qədər gedib girirdim. Mənim əməliyyatlarımın çoxu
ermənilərin ərazisində olurdu. Döyüşçülərimin, eləcə də yaxınlıqda
yerləşən hərbi birləşmələrin əsgərlərinin ərzaq təminatına qədər
kömək edirdim. Ermənilərin bizm tərəflərdən apardıqları mal-qaranı,
qoyun-quzunu basıb əllərindən alırdım, sahiblərinə də qaytarırdım.
Amma müharibə qızışandan sonra əsl döyüş meydanında olmuşuq".
Heydər Əliyevin saatı
Vaqif kişinin oğlu İlyas müharibədə xüsusi qəhrəmanlıq
göstərmişdi. Heydər Əliyevin fərmanı ilə ona Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdi. Nəvəsi 13 yaşından döyüşlərə qatılmış
Amilə isə Heydər Əliyev qol saatı bağışlamışdı.
Casus
- Bəs sizi niyə tutdular? Doğrudanmı təhlükəsizlik
xidmtinin əməkdaşı kimsəsiz, yetim adam kimi sizə sığınıb, gəlib
sizin çobanınız kimi işə düzəlib? Siz doğrudanmı onu döyüb
incidirmişsiz?
Bu suallarımın hamısına təmkinlə cavab verirdi. Və nədənsə bu
adamın həqiqəti danışmasına çox inanırdım və bu gün də o inam
məndən uzaq deyil. Vaqif Cabbarov sözün həqiqi mənasında bütöv adam
idi. Xəstəliyi bəzən halının hədsiz pisləşməsinə qədər gətirib
çıxarırdı onu. Belə anlarda həkimlərdən çox Xosrov dayı qayğısına
qalırdı.
Bir dəfə CÇM-də Vaqif Cabbarov üçün növbəti məhkəmə quruldu.
Onun cəza növünün dəyişdirilməsi üçün qurulan məhkəmədən sonra çox
əsəbi idi. Niyəsi məlum olsa da, imkan tapıb niyə qanıqara olduğunu
soruşdum.
- Bacoğlu, daha tükənmişəm, - dedi. - Sonra danışaram…
(Ardı olacaq)